Bizi sosial şəbəkələrdən izləyin:
Şair-publisist, araşdırmaçı İlham Qəhrəmanın tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı 4-cü dəfə nəşr olunub. Yeni çap bundan əvvəlki 4-cü nəşrin təkrarıdır. Tərtibçinin verdiyi məlumata görə, növbəti nəşr Moldovada yaşayan hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun maliyyə dəstəyi ilə mümkün olub. AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görən təkmilləşdirilmiş nəşrdə Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş bayatılar, qoşmalar, təcnislər, bayatı-tapmacalar və bağlamalar yer alıb.
Bu barədə Moderator.az-a açıqlama verən İlham Qəhrəman istifadə etdiyi qaynaqlara tənqidi yanaşdığını, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirdiyini, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim etdiyini bildirib.
Şairin sözlərinə görə, Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır. Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük”, coğrafi adlar üçün izah verib. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülüb. Cinas bayatı ustadının 288 səhifədə 500 (beş yüz) sayda dərc olunan nəşri İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş ön sözüylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin sələf olaraq xələflərə qədrdanlığının ifadəsi kimi diqqət çəkir.
Tərtibçi ümumi tirajın bir hissəsinin Şərqi və Qərbi Zəngəzur icmaları arasında paylanacağını qeyd edib.
Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır. Qapaq dizaynı Rafaelə məxsusdur. Toplu “Ol” MMC-nin mətbəəsində ofset üsulu ilə çap olunub.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.