"Sabunçunun toz-torpaqlı küçələrində qadınlar, mer-meyvə üzü görməməkdən cıvırıqları çıxmış tifillərinə baxıb giley-güzar edəndə, şəhərin o biri başında hansısa işıq, qaz kimi, supulu da ödəməyən, heç bir vergi verməyən harın məmurun hovuzunda süni dalğalar bərq vurur, fəvvarələrində göy qurşağı göz oxşayır..."
“Deyirlər ki, "Borularda təzyiq normadan artıq olanda qəza baş verir, ona görə dərəcəni azaltmışıq". Bu lap rəhmətlik Məşədi İbadın "Həkim deyir az ye, xəstə olarsan" söhbətinə bənzəyir...”
“Hə, yaxşı yadıma düşdü, həm də axı, deyirdilər, bu yaz həddindən artıq yağıntı olub deyə, ölkədə su qıtlığı olmayacaq- su anbarları dolub-daşır...”
“İndi Eldar müəllim yəqin hovuzun qırağında oturub keçmiş "şanlı" günlərin hesabatını aparır, Ramiz müəllim isə fəvvarənin şırıltısı altında yeni fəlsəfi traktatını qələmə alır. Həm də axı belələrinin elə bircə yerdə villası yoxdur ki, dərd çəkələr...”
…Ustadlar deyib ki, "Su olan yerdə dirilik olar". Amma yay girməmiş Bakının elə yerləri var ki, dirilik bir yana, camaat susuzluqdan axirət sorağına çıxıb. Atalar "Su gələn arxa bir də gələr" deyəndə, yəqin, Zığı, Alatavanı, Yeni Yasamalı nəzərdə tutmayıblar. Çünki o tərəflərə su gəlmir, gələndə də elə gəlir ki, borunun içində sanki bir ağcaqanad can verir. Həm də ataların dediyimiz sözünün bir əksi də var; lətifəsi bizlərdən iraq, deyir, arxa su gəlincə qurbağanın gözü bərələ qalar...
Binəqədi, Suraxanı, Sabunçu tərəflərdə millət əlində boş qab-qacaq, boruların başında bəstə bəstələyir. Amma nə fayda? O arxlar çoxdan istiqamətini dəyişib. İndi mətbuatda hay qaldıracaqlar ki, bəs quraqlıqdır, su çatışmır. Ay rəhmətliyin övladları, bəs necə olur ki, bu quraqlıq ancaq kasıb-küsubun məhəlləsinə təsir edir?.. Hə, yaxşı yadıma düşdü, həm də axı, deyirdilər, bu yaz həddindən artıq yağıntı olub deyə, ölkədə su qıtlığı olmayacaq- su anbarları dolub-daşır...
Sabunçunun toz-torpaqlı küçələrində qadınlar, mer-meyvə üzü görməməkdən cıvırıqları çıxmış tifillərinə baxıb giley-güzar edəndə, şəhərin o biri başında hansısa işıq, qaz kimi, supulu da ödəməyən, heç bir vergi verməyən harın məmurun hovuzunda süni dalğalar bərq vurur, fəvvarələrində göy qurşağı göz oxşayır...
Vallah, "Dəvəyə dedilər boynun əyridir, dedi, haram düzdür ki?" Bizim su təchizatının da harası düzdür ki, borusu da düz getsin?..
Adamı yandıran rəsmi qurumların o bəh-bəhlə verdiyi gülünç açıqlamalardır. Çıxıb televiziyada bəyan edirlər ki, "Sakinlər suyu israf edir, maşın yuyur, palaz yuyur, nə bilim, həyətə su səpir". Ay sənə qurban olum, Yeni Yasamalın 16-cı mərtəbəsində yaşayan adam suyu hara israf eləyəcək? Eyvandan aşağı su çiləyəcək? Yaxud da deyirlər ki, "Borularda təzyiq normadan artıq olanda qəza baş verir, ona görə dərəcəni azaltmışıq". Bu lap rəhmətlik Məşədi İbadın "Həkim deyir az ye, xəstə olarsan" söhbətinə bənzəyir. Yəni su idarəsi bizi xəstə olmaqdan, boruları partlamaqdan qoruyur?!..
El məsəli var, "Tülküyə dedilər şahidsən, dedi quyruğumdur". Bu idarələrin də hər bəhanəsi öz quyruqlarıdır...
Əslində isə məsələnin kökündə nə quraqlıq dayanır, nə də anomal istilər. Burada əsas səbəblərdən biri ölkədə digər varidat, məhsullar kimi, suyun da ədalətli bölünməməsi, ifrat varlı-vəzifəlilərin supulu verməməsidirsə, başqa bir "anomaliya" var – rüşvət və korrupsiya anomaliyası! "Suyu bulandıran başından bulandırar". Yəni yeyintilər səbəbindən yağış-kanalizasiya sistemi kimi, su sistemində də vaxtında və gərəyincə təmir, yenidənqurma işləri aparılmır. Ona görə də suyun təzyiqi artan kimi, Stalinin, Xruşovun dövründən qalma borular partlayır... Sonda isə su gələn boruların istiqaməti kasıbın evinə yox, birbaşa rüşvətin böyük olduğu tərəflərin villalarına tərəf meyllənir. Suyu pullu maşınlarla (“vadavoz”larla) sakinlərin özünə baha qiymətə satmaq üçün qəsdən şəbəkə quranlar, magistral xətləri gizlicə oliqarxların villalarına birləşdirənlər elə bu rüşvət gölündə çimənlərdir. Bir sözlə, kasıbın haqqı olan su pullu hovuzlara axır, çünki "Pul adamı bəzəyir, su dəyirmanı fırladır". Korrupsiya elə bir quyudur ki, bura dövlətin ayırdığı milyonlarla vəsaiti töksən də, dibi görünmür, millətə isə yenə susuz boruların fışıltısı qalır...
İndi bizim sadəlövh dilli-dilavərlər deyirlər ki, bəs villa dustaqları Ramiz Mehdiyev və Eldar Mahmudovun da suları kəsilib... Guya şəhərdə su qıtlığı var deyə, Tiflis prospketi və ya Badamdardakı o heybətli malikanələrin də fontanları quruyub. Adama deyərlər, "Keçiyə can hayındadır, qəssaba piy". Əhmədlidə millət bir qurtum içməli su tapmayanda, o qala kimi hasarlanmış villalarda filtrlənmiş sularla qazonlar suvarılır. Onların villasında suyun kəsilməsini gözləmək, "Ələklə su daşımağa" bənzəyir. İndi Eldar müəllim yəqin hovuzun qırağında oturub keçmiş "şanlı" günlərin hesabatını aparır, Ramiz müəllim isə fəvvarənin şırıltısı altında yeni fəlsəfi traktatını qələmə alır. Həm də axı belələrinin elə bircə yerdə villası yoxdur ki, dərd çəkələr... Bərk ayaqda məsələn, Tiflis prospektindəki, yaxud Badamdardakı villalarında suları kəsilsə, tez “Maybak”larına oturub fitilləyəcəklər Novxanıdakı, yaxud Bilgəhdəki daha geniş malikanələrinə... Bizim dildə desək, xalqın quyusunu qazanların suyu heç vaxt kəsilmir, kəsilən ancaq Zığın, Alatavanın, Suraxanının, Binəqədinin, Yeni Yasamalın yazıq sakininin suyudur...
Axırda adamın bir söz deməyə dili gəlir: "Su murdarlıq götürməz". Amma görünür, bu su sistemindəki korrupsiya və rüşvət çirkinliyini təmizləmək üçün hələ çox sular axmalıdır. Biz isə hələlik rəsmi bəhanələri dinləyə-dinləyə yay mövsümünü susuz qarşılamağa məhkum xalqıq. Fəqət, bilməliyik ki, susmaqla nə borularımıza su gələcək, nə də susuzluğumuz yatacaq. Onsuz da ağzımıza su almağa da su tapmırıq...
Sultan Laçın