"ABŞ-ın İranla apardığı danışıqların İsrail hökumətini qane etmədiyi görünür. Çünki münaqişənin başlanğıcında qarşıya qoyulan əsas hədəflər tam şəkildə reallaşmayıb. Bu hədəflərdən biri İranda mövcud siyasi rejimin dəyişdirilməsi idi. Təbii ki, belə bir dəyişiklik baş verəcəyi təqdirdə, ABŞ və İsrailin maraqlarına daha uyğun hesab olunan yeni siyasi modelin formalaşdırılması gözlənilirdi".
Bu fikirləri Moderator.az-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanova bildirib.
Polkovnik qeyd edib ki, münaqişənin başlanğıcına nəzər salsaq, görərik ki, proses müəyyən mənada İranın daxilində baş verən hadisələr fonunda inkişaf etməyə başladı:
"Lakin son nəticə gözlənilən ssenarini doğrultmadı. İran hakimiyyəti ölkədaxili proseslərə nəzarəti qoruyub saxlaya bildi, eyni zamanda ABŞ və İsrailin təzyiqlərinə qarşı müqavimət göstərərək özünü müdafiə etməyi bacardı. Bundan əlavə, İran cəmiyyəti də xarici təhlükə qarşısında daha mütəşəkkil şəkildə birləşərək müdafiə mövqeyi nümayiş etdirdi. Bir sıra analitiklər hesab edirlər ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar əksinə, ölkə daxilində gedən proseslərin istiqamətini dəyişərək daxili konsolidasiyanı gücləndirib. Xalq arasında işlənən ifadə ilə desək, “qaş düzəldən yerdə göz çıxarıldı”.
Uranın zənginləşdirilməsi və bununla bağlı irəli sürülən tələblərə gəldikdə isə qeyd etmək lazımdır ki, dünyada nüvə texnologiyalarından istifadə edən çoxsaylı ölkələr mövcuddur. Bu texnologiyalar əsasən dinc məqsədlər, o cümlədən tibb və sənaye sahələrində tətbiq olunur. Bütün bu proseslər beynəlxalq nəzarət mexanizmləri çərçivəsində həyata keçirilir və aidiyyəti qurumlar tərəfindən mütəmadi monitorinq aparılır. Belə bir sistem mövcud olduğu halda, İrandan zənginləşdirilmiş uranın çıxarılması və ya başqa ölkəyə aparılması ilə bağlı tələblər Tehran tərəfindən qəbul edilmədi. İran ilk gündən bu məsələyə münasibətini açıq şəkildə ifadə edib. Tehran beynəlxalq nüvə nəzarəti qurumları ilə əməkdaşlıq etdiyini və fəaliyyətinin monitorinqə açıq olduğunu bildirir. Buna görə də məsələnin bu formada qoyulması İranın maraqlarına uyğun hesab olunmur və onun mövqeyi kifayət qədər aydındır".
Şair Ramaldanov vurğulayıb ki, İsrailə gəldikdə isə, İranla İsrail arasında uzun illərdir davam edən dərin qarşıdurma və düşmənçilik münasibətlərinin mövcud olduğu məlumdur:
"İsrail həyata keçirilən hərbi əməliyyatlardan maksimum siyasi və strateji nəticə əldə etməyə çalışırdı. Lakin bu məqsədlərə tam nail olmaq mümkün olmadı. İran əvvəlki hərbi toqquşmalardan müəyyən nəticələr çıxararaq müdafiə sistemindəki boşluqların aradan qaldırılması istiqamətində iş aparmışdı. Bu səbəbdən də sonrakı zərbələrin təsirlərini müəyyən qədər məhdudlaşdırmağı bacardı. Şübhəsiz ki, dağıntılar və itkilər oldu, lakin bunlar İranın müdafiə potensialını sarsıtmadı. Bu baxımdan İranın növbəti sınaqdan da çıxmağı bacardığını söyləmək mümkündür. Hazırkı mərhələdə ABŞ-ın vəziyyətdən çıxış yolu axtarması da diqqət çəkir. Bir sıra analitiklər Vaşinqtonun mövcud vəziyyətə düşməsini İsrailə verdiyi geniş dəstəklə əlaqələndirirlər. Məlumdur ki, münaqişənin gedişində İranın müqaviməti gözləniləndən daha ciddi oldu və ABŞ da nəticələri nəzərə alaraq çıxış yolları axtarmağa başladı. Hazırda bu yolun danışıqlar masasında tapıldığı görünür.
Bu prosesdə həm ABŞ, həm də İran özünü qalib tərəf kimi təqdim edir. Lakin mən hesab edirəm ki, əsas qazanan tərəf dünya oldu. Çünki münaqişə beynəlxalq logistika marşrutlarına, enerji bazarlarına və qlobal iqtisadi proseslərə ciddi təsir göstərmişdi. Enerji daşıyıcılarının qiymətlərindəki dəyişikliklər və ticarət marşrutlarında yaranan risklər bir çox ölkələr üçün ciddi problemlər yaratmışdı. Bütün dünya bu münaqişənin sona çatmasını gözləyirdi. ABŞ Prezidenti Donald Trampın, eləcə də Rusiya və Çin rəhbərlərinə vasitəçilik səylərinə görə təşəkkür etməsi də göstərdi ki, İran-İsrail qarşıdurması artıq regional çərçivələri aşaraq qlobal xarakter almışdı. İranın gələcəkdə uranı daha yüksək səviyyədə zənginləşdirməsi və ya nüvə silahına sahib olmaq istiqamətində addımlar atması ilə bağlı ehtimalları tamamilə əsassız hesab etmək olmaz".
Polkovnik əlavə edib ki, bu ehtimalları doğuran müəyyən səbəblər mövcuddur:
"Uzun illər ərzində İran nüvə silahına malik olmaq niyyətində olmadığını bəyan edib və bunu həm siyasi, həm də dini arqumentlərlə əsaslandırmağa çalışıb. Lakin son hadisələrdən sonra vəziyyətə yanaşmanın dəyişməsi ehtimalı istisna edilmir. İrana qarşı hərbi təzyiqlərin davam edə biləcəyi ilə bağlı risklərin qalması Tehranı təhlükəsizlik məsələlərinə fərqli yanaşmağa sövq edə bilər. Müasir geosiyasi proseslər göstərir ki, nüvə silahına malik olan dövlətlər öz təhlükəsizliklərini daha etibarlı şəkildə təmin etdiklərini düşünürlər. Məsələn, Şimali Koreya nümunəsi bu kontekstdə tez-tez göstərilir.
Bu baxımdan İranın da gələcəkdə öz təhlükəsizlik konsepsiyasına yenidən baxa biləcəyi ehtimalı mövcuddur. Bununla belə, hər bir dövlət təhlükəsizliyini hansı vasitələrlə təmin edəcəyinə özü qərar verir. Məhz buna görə də İsrailin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını tamamilə əsassız hesab etmək doğru olmaz. Digər tərəfdən, hazırkı mərhələdə ABŞ-ın İran siyasətində müəyyən korrektələr etdiyi görünür. Vaşinqton münaqişənin genişlənməsində deyil, onun danışıqlar yolu ilə həllində maraqlı olduğunu nümayiş etdirir.
Belə bir şəraitdə İsrail qarşıya qoyduğu bütün məqsədlərə nail ola bilmədiyi üçün ABŞ-ın İranın nüvə proqramına münasibətdə daha ehtiyatlı siyasətini qəbul etməyə məcbur qalır. Bununla yanaşı, proses hələ tam başa çatmayıb. Bir çox beynəlxalq ekspertlər və analitiklər gələcəkdə bu münaqişənin yenidən alovlanması ehtimalını da istisna etmirlər.
Məlumdur ki, Donald Trampın qəbul etdiyi qərarlara təsir göstərən bir sıra daxili və xarici amillər mövcuddur. ABŞ-da qarşıdan gələn siyasi proseslər, beynəlxalq tədbirlər və daxili siyasi gündəm də bu qərarlarda müəyyən rol oynaya bilər. Bu səbəbdən gələcək mərhələdə ABŞ siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini indidən qəti şəkildə söyləmək çətindir.
Eyni zamanda, İranın da bütün bu riskləri və ehtimalları diqqətlə təhlil etdiyi şübhə doğurmur. Belə olan halda, bəzi ekspertlər hesab edirlər ki, Tehran öz təhlükəsizliyinin uzunmüddətli təminatı üçün uranın zənginləşdirilməsi proqramını davam etdirməyi və gələcəkdə daha fərqli təhlükəsizlik modellərini nəzərdən keçirməyi məntiqli hesab edə bilər".
Pərvin Şakirqızı