Dilican görüşü sülh gündəliyinə nə vəd edir? – Deputatdan AÇIQLAMA
2140
15 Jun 2026 | 15:34

Dilican görüşü sülh gündəliyinə nə vəd edir? – Deputatdan AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında sülh gündəliyi regionun gələcəyini müəyyən edən əsas siyasi proseslərdən biri olaraq qalır. Son dövrlərdə tərəflər arasında müxtəlif səviyyələrdə keçirilən görüşlər dialoqun davamlı xarakter aldığını göstərir. Xüsusilə birbaşa təmasların intensivləşməsi sülh prosesinin institusional əsaslarının formalaşdırılması baxımından diqqət çəkir.

Maraqlıdır, Dilicanda keçirilən Hikmət Hacıyev–Armen Qriqoryan görüşündə ikitərəfli dialoqun davam etdirilməsi və növbəti görüşün Azərbaycanda keçirilməsinin razılaşdırılması əsasında, sülh müqaviləsinin tezliklə imzalanmasına real zəmin yaratdığını demək mümkündürmü, yoxsa hələ də proses daha çox etimadın möhkəmləndirilməsi mərhələsində davam edir?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Sahib Alıyev açıqlama verib. 

Deputat qeyd edib ki, dünən Dilicanda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüş, geosiyasi mesaj yüklü danışıqlar idi:

"Yəni bu danışıqların məhz Ermənistanda keçirilməsi və ardınca da Azərbaycanda davam etdiriləcəyinin vurğulanması ilk növbədə 7 iyun seçkisi ilə bağlı təbriklərində mentor tonuyla “sülh müqaviləsinin qalan bəndləri və regional kommunikasiyaların açılması üzrə dərhal və fəal danışıqlara başlamağa” çağıran Brüssel və Parisdəkilərə göstərmək idi ki, onların çağırışlarına ehtiyac duyulmur. Və Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülhün əldə edilməsində doğrudan da maraqlıdırlarsa, buna maneçilik törətməmələri elə ən böyük dəstək olardı. Çünki əslində iki ölkə arasında sülh müqaviləsi çoxdan imzalana bilərdi, əgər həmin Fransanın və onun yedəyində gedən Avropa İttifaqının bəzi pozucu hərəkətləri olmasaydı. Qərbdəki Avropa Parlamenti və digər təsisatların timsalında, çox təəssüf ki, bu pozuculuq hələ indi də davam etdirilir. 

Sözdə Vaşinqton razılaşmasını dəstəklədiklərini desələr də, Avropada bəzilərinin bundan heç də razı qalmadıqları, özəlliklə də Zəngəzur dəhlizinin ABŞ ilə əməkdaşlıq çərçivəsində açılması perspektivinin onların heç də ürəklərindən olmadığı açıq-aydın görünməkdədir.
Azərbaycan Prezidentinin köməkçisinin, baş nazirin müavini Şahin Mustafayevin ardından Ermənistana səfəri ilə vurğulanır ki, hər iki ölkə arasında hava və quru yolla gediş-gəliş artıq mümkündür və bu reallığı biz özümüz ikitərəfli danışıqlar platformasında yaratmışıq. Sülh prosesinin daha da tezləşdirilməsində və normallaşmanın irəlilədilməsində isə hər iki tərəf əsas dəstəyi öz cəmiyyətlərindən gözləyir, buna ehtiyac duyurlar".

Millət vəkili vurğulayıb ki, Dilican danışıqlarında ən çox üzərində durulan məsələlərdən birinin hər iki ölkənin vətəndaş cəmiyyətləri, ekspertləri və media təmsilçiləri arasında etimadın möhkəmləndirilməsinin olması da elə bununla bağlıdır:

"Özəlliklə də Ermənistan təmsilçiləri öz cəmiyyətlərini sülh müqaviləsinin imzalanmasına ən böyük maneənin aradan qaldırılması məqsədilə keçiriləcək referenduma hazırlamaqda, onun uğurlu nəticələnməsində əhəmiyyətli rol oynaya bilərlər. Əlbəttə, əgər istəsələr və buna hazırdırlarsa. Hikmət Hacıyevin səfərində yəqin ki, 7 iyun seçkisinin nəticələrinə legitimlik dəstəyi də var. Və Azərbaycan bununla konkret kimisə yox, iki ölkə arasında sülh gündəliyini dəstəklədiyini bir daha ortaya qoyur. Dilican görüşündən bir gün sonra yeni tapşırıqlar almaq məqsədilə Moskvaya uçmağa hazırlaşan müharibə cinayətkarı və revanşist Robert Köçəryanın ölkədən çıxmasına izn verilməməsi də yaxşı xəbərdir və başladılan prosesin məntiqi davamı sayıla bilər.

Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümündə elə həmin Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans və cənab Prezidentin müraciəti bir daha göstərir ki, Azərbaycan beynəlxalq konyunkturaya rəğmən torpaqlarını işğaldan qurtararaq təkbaşına orada görünməmiş quruculuq işləri apardığı kimi, ayrı-ayrı dövlətlərin nə düşünmələrindən asılı olmayaraq regionda davamlı və dayanıqlı sülhün yaranmasını da təmin edəcək".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər