“Məktəb illəri” mahnısı necə yarandı?-müəllifindən maraqlı ETİRAFLAR: “O sinif yoldaşım uğursuz ailə həyatı yaşamışdı, yolda gördüm...”-ÖZƏL
3159
13 Jun 2026 | 20:14

“Məktəb illəri” mahnısı necə yarandı?-müəllifindən maraqlı ETİRAFLAR: “O sinif yoldaşım uğursuz ailə həyatı yaşamışdı, yolda gördüm...”-ÖZƏL

“Mən müəllim ailəsində doğulmuşam və məktəbdə sevilən, nümunəvi şagird olmuşam. Həmişə başqa şagirdlərə məni misal çəkərdilər. Bəlkə də müəllimlərə, məktəbə xüsusi münasibətim buradan qaynaqlanır. İllər keçəndən sonra müəllim işləməyə başladım. Evim oxuduğum məktəbin yanında idi. Həmişə oradan keçəndə sinif otağımızın pəncərələrinə baxardım, sinif uşaqlarımızı yadıma salardım. Bəzilərinin həyatından xəbərdar idim, uğursuzluğa düçar olanlar da var idi. Dərs dediyim uşaqlara da baxırdım, görürdüm ki, müəllimin adi bir sözündən, iradından küskün gəzənlər, ağlayanlar olur. Hətta valideynlərindən küsən uşaqlarda da sinif rəhbəri olduğum müddətdə gəlib mənimlə bölüşərdilər. Onlara həmişə deyirdim ki, siz nə qədər xoşbəxt olduğunuzu bilmirsiz. Şagird olanda hamı xoşbəxt olur, eyni hüquqlu olur. Biri-birindən fərqlənmirlər. Bəzən düşünürsən ki, filankəs ən yaxşı şagirddir, amma həyatda bəxti üzünə gülməyə də bilirdi.. Uşaqlarıma da deyirdim ki, siz indi ən qayğısız vaxtdasız. Sadəcə bir qayğıları var idi, o da oxumaq”

Bunu Moderator.az-a açıqlamasında 100-dən çox məşhur mahnının söz yazarı olan Kəmalə Abiyeva deyib. O daha sonra əlavə edib: 


“Günlərin bir günü bir məktəb yoldaşıma rast gəldim. Məktəb vaxtı çox ədalı bir qız idi. Hədsiz ədalı.. Hətta onda mənə qarşı bir qısqanclıq var idi. Çünki o vaxt mən daha savadlı və sevilən şagird idim. Amma qız elə gündəydi ki.. Uğursuz ailə həyatı yaşamışdı, əməliyyat zamanı səsini itirmişdi. Halbuki məktəb vaxtı çox gözəl şeirlər deyərdi.. Çox acınacaqlı gündə idi.. Ona baxdım, fikirləşdim ki, gör məktəb vaxtı ədalı gəzən insanların sonradan taleyləri necə olur?!. “Məktəb illəri” şeirinin bir neçə bəndini yazmışdım. Bu hadisə elə bil mənə güclü təkan oldu. Aygün Səmədzadə də bir neçə bəndini oxumuşdu. Məndən şeirin yarımçıq olduğunun səbəbini soruşdu.. Mən də o vaxt şeirləri beynimdə yazırdım, yadımda qalırdı.. Dedi ki, “xahiş edirəm, yaz tamamla, bu şeirə mahnı bəstələyəcəm”. Dedim axı kədərli sözlərdir... Elə bil Aygün xanım bilirdi ki, bu mahnı məşhur olacaq.. Dedi ki, “elə gözəl mahnı olacaq ki”.. Uzundur, 11 bəndlik şeirdir. Bir bənd təkrardır. Biz 9 bənddən 3-nü çıxartdıq. Mahnı da axı uzağı 2-3 bənd olur.. Bu da Aygün xanımın ustalığı idi. Onu elə verdi ki, mahnı hekayə kimi alındı. Hamının həyatına toxundu.

Bu belə yarandı.. Mahnı 1999-cu ildə yazılıb. Yaranma tarixi də belə oldu. Məzmun da belə idi ki, məktəb vaxtı yaşadıqlarımızın heç birimiz fərqində olmurduq.

Amma mahnıya qulaq asanda niyə hamıya belə təsir edir?! Məktəbdə həqiqətən də hamı xoşbəxt olur. İnsanın heç bir qayğısı olmur. 15-16 yaşında uşaqlar hər şeydən küsürlər, heç nəylə razılaşmırlar, adi bir iradın onların xətrinə dəyə bilir. Evdə valideynlərlə də belə olurlar. Amma başa düşmürlər ki, elə həyatın ola bilər ki, sən orada heç nə edə bilməzsən. Bir müəllimin töhməti onun yanında nədir ki? Heç nə! “Yazılanı bir silgi ilə pozmaqda, bizim üçün nə asandır, nə asan, xəbərsizdik ömrümüzdən biz hələ, taley yazan pozulmayan yazıdan”. “Hərdən dərsə gecikəndə bilməzdik, gecikməyin əzabları necədir? Hansı dərsi danışsaydıq o saat, bilərdik ki, qiymətimiz neçədir?”. İkinci bənd mahnıda yoxdur. Bunların hamısı insanın yaşadığı duyğulardır. Dərsi danışırsan, qiymətini alırsan. Amma həyat sonra sənin etdiyinin qiymətini vermir. Həmişə olmur. Dərsə gecikəndə müəllim sənə irad tutanda küsürsən, amma həyatda nəyəsə gecikəndə sən ona heç nə edə bilmirsən” deyə o bildirib.


Kəmalə Abiyeva deyir ki, mahnını ilk dəfə məhz bəstəkarı Aygün Səmədzadə ifa edib:


“Mahnını Aygün xanımın ifasında eşidəndə təəccübləndim. Lalə Məmmədova da mahnını çox gözəl oxuyub. Aygün xanım mahnını Xalq artisti Siyavuş Kərimiyə verib, o aranjiman edib. Siyavuş müəllim də mahnını çox bəyənib. Aygün xanım fikirləşib ki, görəsən kim ifa etsin?! Onun axı o vaxt bu qədər müğənnilərlə işbirliyi yox idi. Fikirləşirdi ki, kimə versin mahnını? Lalə Məmmədovanı Siyavuş Kərimi məsləhət görüb. Lalə çox cavan idi. Demişdi ki, “bir tələbəm var, onun səsinə yatar” O da çox gözəl oxuyub” deyə Kəmalə Abiyeva bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər