Müharibənin ağırlıq mərkəzi dəyişir: Rusiya çıxılmaz vəziyyətə sürüklənir ?
Ekskluziv
2294
13 Jun 2026 | 15:17

Müharibənin ağırlıq mərkəzi dəyişir: Rusiya çıxılmaz vəziyyətə sürüklənir ?

Rusiya-Ukrayna müharibəsi artıq təkcə cəbhə xəttindəki irəliləyiş və ya geriçəkilmələrlə xarakterizə olunmur. Münaqişənin gedişi göstərir ki, tərəflərin hərbi potensialı ilə yanaşı, strateji hədəflərə təsir imkanları da getdikcə daha böyük əhəmiyyət qazanır. Xüsusilə qarşı tərəfin təchizat, nəqliyyat və idarəetmə imkanlarına yönələn addımlar müharibənin ümumi dinamikasını dəyişə biləcək amillər kimi qiymətləndirilir. Ukraynanın Krım istiqamətində yeni cəbhə açmaq və Rusiyanın logistika xətlərini zəiflətmək imkanlarının artdığı bildirilir. 

Maraqlıdır, belə bir ssenarinin reallaşması Moskvanı danışıqlar masasına gətirə biləcək əsas amillərdən biri sayıla bilərmi?

Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Murad Sadəddinov açıqlama verib. 

Ekspert bildirib ki, son dövrlərdə Ukrayna-Rusiya münaqişəsində cəbhədəki vəziyyətə nəzər salsaq, demək olar ki, taktiki üstünlük Ukrayna tərəfinin əlindədir:

"Üstəlik, son vaxtlar Ukrayna strateji üstünlüyün əldə olunması istiqamətində də ciddi nailiyyətlər qazanıb. Rusiyanın daxilində yerləşən neft emalı zavodlarına, neft kəmərlərinə və hərbi-sənaye kompleksinə aid müəssisələrə ciddi zərbələr endirilir. Hətta Rusiyanın əsas şəhərləri olan Sankt-Peterburq və Moskva da bu hücumlardan kənarda qalmır. Mövcud vəziyyət göstərir ki, bu zərbələrin intensivliyi gələcəkdə daha da artacaq.

Məntiqlə yanaşdıqda, Rusiya tərəfi danışıqlara getməlidir. Lakin nəzərə almaq lazımdır ki, Rusiyada son dövrlərdə aparılan təbliğat fonunda, Ukraynanın üstünlüyü artırdığı bir mərhələdə danışıqlara başlamaq Moskvanın irəli sürdüyü tələblərlə uzlaşmır. 

Bu səbəbdən də Rusiya müəyyən mənada çıxılmaz vəziyyətə düşüb. Belə bir vəziyyət isə ölkə daxilində ciddi problemlərə səbəb ola bilər.
Bu baxımdan Rusiya rəhbərliyi kifayət qədər mürəkkəb və ağır seçim qarşısındadır. Bununla belə, hesab edirəm ki, Rusiya tərəfi artıq gizli şəkildə də olsa müxtəlif variantları araşdırmağa çalışır. 

Roman Abramoviçin gizli şəkildə Ukraynaya səfər etməsi və Prezident Zelenski ilə görüşməsi də bunun göstəricisi sayıla bilər. Bu, Rusiyanın danışıqlar məsələsini nəzərdən keçirdiyini və Ukrayna tərəfinin mövqeyini öyrənmək məqsədilə müəyyən araşdırmalar apardığını göstərir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər