“İslamın, müsəlmanlığın nə olduğunu bilmək üçün öncə özün müsəlman olmalı, ömür sürdüyün ölkədəki bütün maddi çətinliklərə rəğmən müsəlman həyatı yaşamalısan...”
“Özünə sual ver: mən bir müsəlman, yəni Allaha təslim olan bəndə kimi Allah qarşısında vəzifələrimi yerinə yetirirəmmi? Ən azı namaz qılıb oruc tuturammı?..”
“Yaradanın günah, haram buyurduğu əməllərdən, haram, zərərli buyurduğu içkilərdən, qidalardan mümkün qədər uzaq qaçırammı?..”
“İş yerində, vəzifə sahibləri qarşısında, adi məişət, təhsil, səhiyyə problemləri ilə qarşılaşan zaman məndən rüşvət tələb edirlərsə, dərhal onu “düzəldib” verməyə girişirəm, yoxsa müqavimət, göstərməyə haqqımı tələb etməyə, mümkün qədər rüşvətdən qaçmağa çalışıram?..”
"Axtardığın o ideal "İslam cümhuriyyəti" də Yer kürəsinin heç bir xəritəsində yoxdur. Çünki insanlar müqəddəs ideyaları öz ehtiraslarına qurban veriblər. Həyatının bu qürub çağında coğrafiyaları gəzib yorulmaqdansa, öz daxilində bir İslam cümhuriyyəti qur. İbadətini daxili hüzuruna, əxlaqını ətrafındakı insanlara bəxş et..."
-CÜMƏ BƏHSLƏRİ-
Təəssüf ki, bir çox insanlarımız zahirdə Allaha inansalar da, mütəmadi olaraq Allaha, Qurana, Peyğəmbərə and içsələr də, hətta bəziləri uzaq, çətin bir yola çıxarkən “Allah, Məhəmməd, ya Əli!” desələr də, İslam, müsəlmanlıq məfhumlarından danışılanda öncə gözləri önünə Allah, Quran, Peyğəmbər yox, İran, Ərəbistan, Dubay, yaxud şeyxülislam, Xomeyni, Xamenei, Ərəbistan kralı, Dubay şeyxləri, əmirləri, axundlar, mollalar gəlir...
Bəs niyə belədir? Bu cür düşüncələrin hamısı bu dünya həyatına yanlış baxışla bağlıdır.
Ötən ay yazdığım
“Ərəbdən, farsdan, rusdan, heç ermənidən də qorxma...- Öncə öz karyerist, korrupsioner, şəhvətkar nəfsindən qorx!..”(
burada:) başlıqlı yazımızdan sonra dəyərli oxucularımızın birindən belə bir sual gəldi:
“Mənə başa salın görüm: mən müsəlman olaraq nümunə üçün hansı müsəlman kimi və hansı müsəlman ölkəsində yaşayım? Həmçinin hansı müsəlman insanın keçmişini özümə nümunə götürüm və həyatımın bu qürub çağını sakit şəkildə yaşayım? Yaxud mənə insan kimi yaşayacağım bir İslam cümhuriyyəti göstərin...”
Nə yazıqlar ki, yalnız Azərbaycanın deyil, müsəlman hesab edilən əksər ölkələrinin sakinlərinin xeyli hissəsinin beyinləri belə suallarla doludur. Səbəb odur ki, Allahı, bu dünya həyatını, Allaha ibadəti yanlış anlayırlar. Bunun da günahı hakimiyyətlərdə və özlərini “din xadimi”, “axund”, “imam”, “molla” adlandıranların səhv təbliğatlarında, eləcə də böyüklərdə, valideynlərdədir...
İnsan hər hansı bir inancı, hər hansı bir ölkənin din, düşüncə, əqidə, yaşayış tərzini təftiş etməmişdən, onun düzgün olub-olmamasına qərar verməmişdən öncə özü-özünü təftiş etməlidir. Əgər sən özünü müsəlman hesab etdiyin halda İslamın, müsəlmanlığın doğru din, düzgün düşüncə, həyat tərzi olmağına şübhə edirsənsə, o halda özün aşağıdakı 7 suala səmimi cavab ver:
1-ci sual
Sən özünü Allaha inanan hesab edir və müsəlman sanırsansa, özün-özünə sual ver: İslam, müsəlman sözlərinin mənası nədir?..
İslam- Allaha təslim olmaq, müsəlman isə Allaha təslim olan insan anlamına gəlir...
2-ci sual:
Bəs, mən bir müsəlman, yəni Allaha təslim olan bəndə kimi Allah qarşısında vəzifələrimi yerinə yetirirəmmi? Ən azı namaz qılıb oruc tuturammı?..
3-cü sual:
Yaradanın günah, haram buyurduğu əməllərdən, haram, zərərli buyurduğu içkilərdən, qidalardan mümkün qədər uzaq qaçırammı?
4-cü sual:
Haram, günah işlərə, əməllərə bulaşmış, haram yollarla, rüşvətlə, oğurluqla, saxtakarlıqa qazanc əldə edən, haram içkilərə, qidalara qurşanmış yaxınlarımı, qohumlarımı, yoldaşlarımı bu yollardan çəkinməyə çağırırammı? Yoxsa, buna laqeyd yanaşır və üstəlik, haram yollarla varlanmış, vəzifə, deputat mandatı əldə etmiş bir tanışımı, qohumumu görəndə onlara yarınır, baş əyir, camaat arasında onları“ağıllı adam”, “fərasətli oğlan” öyürəm, tərifləyir və belələri evimə qonaq gələndə kasıb bir qohmumla, qonşumla onun arasında qat-qat fərq qoyuram...
5-ci sual:
İş yerində, vəzifə sahibləri qarşısında, adi məişət, təhsil, səhiyyə problemlərində özümün, övladlarımın, yaxınlarımın haqqını-hüququnu müdafiə etməyə çalışırammı? Yoxsa başımı aşağı salıb işimlə məşğul olur, nə desələr, baş əyirəm?..
6-cı sual:
İş yerində, vəzifə sahibləri qarşısında, adi məişət, təhsil, səhiyyə problemləri ilə qarşılaşan zaman məndən rüşvət tələb edirlərsə, dərhal onu “düzəldib” verməyə girişirəm, yoxsa müqavimət, göstərməyə haqqımı tələb etməyə, mümkün qədər rüşvətdən qaçmağa çalışıram?..
7-ci sual:
Əlimdə 10-15 min manat pul olarsa, bir tanışım da mənə desə ki, məsələn 30 min manataq səni filan “çörəkli” işə düzəldirəm, dərhal bu təkifdən imtina edərəm, yoxsa fikirləşərəm ki, 15 min manatdı kredit, yaxud sələm götürməklə düzəldim, verim bu işə düzəlim və başqaları kimi yeyib-dağıdım, yəni rüşvət verim-alım, özümə ev, maşın alım, daim yaxşı pulum olsun?..
Bu testdəki ilk 4 sual sırf İslam əqidəsi ilə bağlıdır. Əgər onlara neqativ cavab vermisənsə, yəni İslamın mahiyyətini anlamırsansa və onun ilkin tələblərinə, halala-harama əməl etmirsənsə, sənin bu dini, ona inananları, ona uyğun yaşamaq yolunu seçənləri təftiş etməyə heç bir haqqın yoxdur...
Sonrakı 3 sual isə hər hansı bir dini baxışdan, əqidədən uzaq, istənilən cəmiyyət üçün verilə biləcək sırf bəşəri suallardır. Əgər həmin suallara da cavabların neqativdirsə, yəni haqqını-hüququnu müdafiə etməyə çalışmırsansa, rüşvətxor, korrupsioner birinin qarşısında ikiqat əyilirsənsə və özün də onlar kimi olmaq üçün rüşvətlə işə düzəlib rüşvətxorluqla, saxtakarlıqla yaşamağa razı olursansa, o halda sənin heç bir, istər demokratik, istər teokratik, istərsə də avtokratik, totalitar cəmiyyətdən şikayətlənməyə haqqın yoxdur...
Amma əgər yalnız sonuncu 3 suala müsbət cavab verirsənsə, o halda sənin insan- müsəlman- mömin olmaq şansın hələ var. Bundan sonra qalır İslamı kənar bir ideologiya, doktrina kimi yox, öz həyatının bir parçası kimi qəbul etmək... Bunun üçün öncə öz nəfsini, iradəni tərbiyə etməlisən. Əgər Allahı səmimi-qəlbdən öz Yaradanın bilib ona ürəkdən ibadət etməyə, namaz qılmağa, oruc tutmağa və s. başlayacaqsansa, o halda İslamın gözəlliyini dərk edəcəksən...
Əsl müsəlmanlığa nümunə olan insanlara gəldikdə, biz öncə Peyğəmbərimiz Məhəmməd əleyhissəlamı, Həzrət Əlini, Öməri, Əbubəkri, İmam Hüseyni, digər imam, övliya və səhabələri nümunə götürməli, sonra da diqqətlə bugünkü həyatımıza, ətrafımıza baxmalıyıq. İnanın ki, müasir insanlar- müsəlmanlar arasında nümunə götürüləsi olanlar çoxdur. Sadəcə insanlara düzgün niyyətlə baxmaq gərəkdir...
Müsəlman kimi yaşamalı olan ideal bir məkana gəldikdə, təəssüf ki, Yer üzündə belə bir ölkə yoxdur. Peyğəmbərimiz(ə.s.) bir hədisində buyurur ki, insanların çoxu bu dünyada olmayan bir şeyi axtarır. Səhabələr soruşur ki, ya Rəsul, o nədir. Buyurur ki, rahatlıq, yəni tam rahat, problemsiz həyat. Belə bir rahatlıq yalnız Axirətdə- Cənnətdə olur. Onu Yer üzündə axtarmağa dəyməz....Axtardığın o ideal "İslam cümhuriyyəti" də Yer kürəsinin heç bir xəritəsində yoxdur. Çünki insanlar müqəddəs ideyaları öz ehtiraslarına qurban veriblər. Həyatının bu qürub çağında coğrafiyaları gəzib yorulmaqdansa, öz daxilində bir İslam cümhuriyyəti qur. İbadətini daxili hüzuruna, əxlaqını ətrafındakı insanlara bəxş et. İnsan kimi yaşamaq üçün sənə İslamın adından istifadə edən İran, Səudiyyə Ərəbistanı kimi rejimlər deyil, Allahın sənə bəxş etdiyi vicdan və Quranın təmiz əxlaqı kifayətdir. Dünyanın harasında olursansa ol – istər Bakıda, istər Kuala-Lumpurda, istərsə də bir Avropa şəhərində – insan öz daxili sülhünü özü ilə daşıyır...
Deyilənləri hamısı üzərində dərindən düşün, Qurani-Kərimin tərcüməsini, hədisləri diqqətlə oxu, Peyğəmbərimizin(ə.s.), imam və övliyalarımızın həyatı ilə maraqlan, əgər bundan sonra da ruhunda bir aramlıq, rahatlıq, namaza, oruca meyillilik yaranmırsa, yenə də İslam deyən kimi gözünün önünə Şeyxülislam, İranın keçmiş və indiki ali dini liderləri, ərəb kralları və şeyxləri, eləcə də yas mərasimlərində yalnız müəyyən edilmiş məbləğdə pul, aş, bozbaş müqabilində Quran oxuyan axundlar, mollalar gəlirsə və dinimizə onların davranış və əxlaqlarına görə qiymət verərək ibadətdən, namazdan, orucdan uzaq olmağa qərar verirsənsə, İslamın əsil mahiyyəti, Quranla, hədislərlə, Peyğəmbərimizin(ə.s.), imamların, övliyaların həyat tərzləri ilə maraqlanmırsansa, deməli, sən sadəcə nəfsinə qalib gələ bilmədiyindən dindən uzaq durmağa bəhanə axtarırsan. Başqa sözlə, Qurani-Kərimdə deyildiyi kimi, qəlbin möhürlənib...
Yenə də ruhdan düşmək olmaz, gec deyil. Tövbə qapısı daim açıqdır, Allah böyük və rəhmlidir...
Sultan Laçın