Sabiq Baş Qərargah rəisi:
Ekskluziv
1622
11 Jun 2026 | 15:08

Sabiq Baş Qərargah rəisi: "Netanyahu İsrailin təhlükəsizlik siyasətini dağıdıb" -  "Vesty"

 
Qadi Ayzenkot baş naziri ölkənin təhlükəsizlik strategiyasını zəiflətməkdə, ABŞ-dan asılılığı artırmaqda və şəxsi maraqları dövlət maraqlarından üstün tutmaqda ittiham edib...
 
İsrail ordusunun sabiq Baş Qərargah rəisi, "Yaşar" Partiyasının lideri Qadi Ayzenkot bildirib ki, baş nazir Benyamin Netanyahu ölkənin təxminən 80 il ərzində formalaşmış təhlükəsizlik siyasətinin əsas prinsiplərini dağıdıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
"İsrailin taleyini artıq Vaşinqton müəyyənləşdirir"
 
Ayzenkotun sözlərinə görə, İsrail hərbi uğurlarını siyasi nəticələrə çevirə bilməyib və təhlükəsizlik sahəsində qəbuledilməz dərəcədə riskli vəziyyət yaranıb. O, hesab edir ki, Netanyahu hökuməti ABŞ-dan həddindən artıq asılı vəziyyətə düşüb.
 
O iddia edib ki, Vaşinqton Qəzza ilə bağlı qərarlara, Livanda güc tətbiqinə və hətta İran istiqamətində hərbi əməliyyatlara təsir göstərir. Müxalif siyasətçinin fikrincə, İsrail öz maraqlarını daha qətiyyətlə müdafiə etməli və strateji qərarları müstəqil şəkildə verməlidir.
 
"7 oktyabr faciəsinə görə məsuliyyət daşıyır"
 
Keçmiş hərbçi Netanyahuya qarşı sərt ittihamlar səsləndirərək bildirib ki, baş nazir 2023-cü il 7 oktyabr hadisələrinə gətirib çıxaran proseslərə görə siyasi məsuliyyət daşıyır. Ayzenkotun sözlərinə görə, Netanyahu son illərdə qəbul etdiyi qərarlarda dövlət maraqlarından çox şəxsi və siyasi amilləri rəhbər tutub.
 
O, həmçinin hökuməti strateji idarəetmənin zəifləməsində, milli təhlükəsizlik institutlarının səmərəliliyinin azalmasında və koalisiya maraqlarını dövlət maraqlarından üstün tutmaqda günahlandırıb. Ayzenkotun fikrincə, baş nazir hakimiyyətdə qalmaq üçün prinsipial məsələlərdə güzəştlərə gedir və ətrafında ona etiraz edə biləcək şəxslər qalmayıb.
 
Baş nazirlik iddiası və Netanyahuya alternativ
 
Son rəy sorğularında Ayzenkotun rəhbərlik etdiyi partiyanın dəstəyinin artdığı qeyd olunur. O, müsahibədə Netanyahunun onu əsas siyasi rəqiblərindən biri hesab etdiyini bildirib və gələcəkdə baş nazir olmaq niyyətini gizlətməyib. Ayzenkot hesab edir ki, İsraildə hökuməti ən geniş dəstəyə malik siyasi qüvvə formalaşdırmalıdır. 
 
Onun sözlərinə görə, az sayda mandat qazanan partiyanın liderinin baş nazir olması demokratik prinsiplərə uyğun deyil. Müxalif siyasətçi vurğulayıb ki, ölkə son illərin siyasi təcrübəsindən nəticə çıxarmalı və daha sabit idarəetmə modelinə keçməlidir.
Link kopyalandı!
Son xəbərlər