Niyə Putin Paşinyanı anlamır və heç vaxt anlamayacaq - postsovet dünyasının sonu -
Ekskluziv
1609
11 Jun 2026 | 14:21

Niyə Putin Paşinyanı anlamır və heç vaxt anlamayacaq - postsovet dünyasının sonu - "Deutsche Welle"

 
Moskvanın imperiya düşüncəsi ilə dəyişən Cənubi Qafqaz reallığı arasında artan uçurum...
 
Vladimir Putinin rəhbərlik etdiyi Moskva region ölkələrini hələ də köhnə imperiya məntiqi ilə görür və bu səbəbdən dəyişiklikləri qəbul etmir.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Konstantin Eggert "dw.com" nəşrində yazıb.
 
Moskvanın köhnə baxışı və Ermənistanın yeni kursu
 
O, yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilərdə qələbəsi də bunu bir daha göstərdi. Moskva rəsmiləri ənənəvi tonda seçkilərin legitimliyini şübhə altına alır, Paşinyanı Qərbin "oyuncağı" kimi təqdim edir və dolayısı ilə İrəvana siyasi təzyiq mesajları göndərirlər.
 
Məqaləyə görə, Paşinyanın siyasəti Ermənistanı keçmiş münaqişələrdən uzaqlaşdırmaq, Qərblə, xüsusilə Avropa İttifaqı (Aİ) ilə daha yaxın inteqrasiyaya yönəltmək və hətta gələcəkdə Aİ-yə üzvlük perspektivini gündəmə gətirməkdir. Bu isə Rusiyanın ənənəvi təsir modelini ciddi şəkildə zəiflədir.
 
Kremlin səhvləri və "imperiya illüziyası"
 
Eggert yazır ki, Moskva illərdir eyni səhvi təkrarlayır: qonşu ölkələrin daxili siyasi dəyişikliklərini ya anlamır, ya da anlamaq istəmir. Onun fikrincə, Kreml hələ də düşünür ki, region ölkələri pul, təzyiq və təbliğatla  idarə oluna bilər. Lakin bu yanaşma artıq nəticə vermir və Rusiya müxtəlif ölkələrlə - Ukrayna, Moldova, Azərbaycan və indi də Ermənistanla ardıcıl gərginliklər yaşayır.
 
Məqalədə 2022-ci ildə Ukraynaya qarşı müharibə də xatırladılır: Moskva Kiyevin tezliklə təslim olacağını düşündü, lakin güclü müqavimət bu hesablamanı tam səhv çıxardı. Eyni yanlış düşüncə bu gün Ermənistan məsələsində də davam edir.
 
Postsovet dövrünün sonu və Rusiyanın tənəzzülü
 
Müəllifin fikrincə, ən mühüm dəyişiklik postsovet dövrünün sona çatmasıdır. MDB artıq real siyasi təsir mexanizmi deyil və Rusiya qonşularına cəlbedici model təqdim edə bilmir. Region ölkələri tədricən ya Qərbə inteqrasiya edir, ya Çinlə əməkdaşlığı gücləndirir, ya da öz daxili siyasi yollarını seçirlər, amma artıq Moskvanın orbitində qalmırlar.
 
Eggert yazır ki, Rusiya öz təsirini getdikcə itirir və iqtisadi-siyasi zəifləmə fonunda bu proses daha da sürətlənəcək. Onun qənaətinə görə, gələcəkdə Moskva yalnız formal müttəfiqlərlə - de-fakto asılı bölgələrlə təmsil oluna bilər və bu, Putinin "imperiya təsəvvürünün" real gerçəkliklə toqquşmasının nəticəsidir.
Link kopyalandı!
Son xəbərlər