Ekskluziv
1845
10 Jun 2026 | 18:20

"Netanyahu bütün ümidlərini hərbi qələbəyə bağladı, amma iflasa uğradı" - "Financial Times"

 
"İsrailin baş naziri həm beynəlxalq təzyiqlərlə, həm də daxili siyasi risklərlə üzləşir..."
 
Benyamin Netanyahunun İsrailin təhlükəsizliyini yalnız hərbi güc hesabına təmin etmək planı uğursuzluğa düçar olub və əsas strategiyası iflasa uğrayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" yazıb.
 
İsrailin baş naziri Benyamin Netanyahu uzun illərdir İranı əsas təhlükə sayır və ona qarşı genişmiqyaslı hərbi əməliyyatları dəstəkləyirdi. Nəşrin yazdığına görə, onun uzunmüddətli planı olan İranla böyük müharibə başlasa da, gözlənilən nəticə əldə olunmayıb. Netanyahunun təhlükəsizliyi yalnız hərbi güclə təmin etmək cəhdi uğursuzluqla üzləşib.
 
İran geri çəkilmədi, ABŞ-la gərginlik yarandı
 
Məqalədə qeyd olunur ki, Netanyahu ABŞ prezidenti Donald Trampı İranda hakimiyyət dəyişikliyi ehtimalına inandırmağa çalışsa da, proses gözlənildiyi kimi getməyib. İran mövqelərini qoruyub və İsrailə raket zərbələri endirmək imkanını saxlayıb.
 
Eyni zamanda İranın dəstəklədiyi "Hizbullah" Livanda və İsrailin sərhədində fəaliyyətini davam etdirir. Bu vəziyyət Netanyahu ilə Tramp arasında da gərginlik yaradıb. ABŞ prezidenti qərarları özü verdiyini bildirib və İsrailin Vaşinqtondan asılılığını bir daha göstərib.
 
Hərbi uğurlar qələbəyə çevrilmədi
 
Nəşrə görə, İsrail son illərdə taktiki uğurlar əldə etsə də, bunlar strateji nəticə verməyib. HƏMAS Qəzzada qalır, "Hizbullah" Livanda güclü mövqeyini saxlayır, İran isə zəifləməyib. Məqalə müəllifləri Netanyahunun əsas səhvinin hərbi gücə həddindən artıq arxalanması və diplomatiyanı kənarda saxlaması olduğunu bildirirlər.
 
Onların fikrincə, hərbi əməliyyatlar münaqişələrin kökünü həll etmir. Nəşr vurğulayır ki, Netanyahu İran üzərində qələbəni siyasi karyerasının əsas nailiyyəti etmək istəyirdi. Lakin indi o, seçkilər ərəfəsində zəifləyən beynəlxalq dəstək və davam edən münaqişələrlə üz-üzədir. Strategiya isə gözlənilən nəticəni verməyib və bu, ciddi siyasi risk yaradır.
Link kopyalandı!
Son xəbərlər