“Paşinyanın referendum keçirilməsi üçün parlamentdə Konstitusiya çoxluğu əldə etmək şansları hələ də var...”
Ekskluziv
2742
10 Jun 2026 | 13:33

“Paşinyanın referendum keçirilməsi üçün parlamentdə Konstitusiya çoxluğu əldə etmək şansları hələ də var...”

“Ola bilsin ki, hətta müxalif partiyalardan 5-6 deputat hakim partiyaya keçsin...”
 
“Əsas odur ki, Paşinyan və partiyası təkbaşına hökuməti formalaşdıra biləcək. Bunun özü böyük nəticədir. Bu gün bölgəyə sülh və əməkdaşlıq lazımdır...”
 
Politoloq Elxan Şahinoğlu ilə Moderator.az üçün budəfəki qısa söhbətimizdə Ermənistandakı son parlament seçkilərinin nəticələri, Paşinyan hakimiyyətinin bundan sonrakı taleyi və xüsusi olaraq Azərbaycanla sülh sazişi imzalanmasının əsas şərtlərindən biri olan Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilə bilməsi ehtimalları barədə danışdıq.
 
 -Elxan bəy, Ermənistandakı parlament seçkilərinin ilkin nəticələrini necə dəyərləndirirsiniz?
 
-Ermənistandakı parlament seçkilərinin nəticələri gözlənilən kimi oldu. Paşinyan və partiyasının qələbəsi proqnozlaşdırılırdı. Yəqin ki, yekun nəticələr açıqlananda hakim partiyanın qazandığı səslər 50 faizi keçəcəkdir və ən parlamentdə azı 63-64 deputat yeri tuta biləcəklər. Parlamentə keçməyən partiyaların səsləri də hakim partiya ilə müxalif partiyalar arasında bölüşdürüləcək...
 
Düzdür, Paşinyanın parlamentdə Konstitusiya çoxluğunu hələki əldə edə biləcəyi görünmür. Bunun üçün ona daha 6 deputat yeri lazım idi ki, referendum keçirərək Konstitusiyada Azərbaycana torpaq iddialarıyla bağlı dəyişiklik edə bilsin. Bizim Ermənistanla sülh müqaviləsini imzalamağımız üçün əsas tələbimiz də budur. Əslində bunun da yolları tapıla bilər. Əsas odur ki, Paşinyan və partiyası təkbaşına hökuməti formalaşdıra biləcək. Bunun özü böyük nəticədir. Bu gün bölgəyə sülh və əməkdaşlıq lazımdır. Rusiya çox çalışdı ki, Paşinyan məğlub olsun, amma, yaxşı ki, bu alınmadı...
 
-Sizcə, Paşinyan Ermənistan Milli Assambleyasında Konstitusiya çoxluğunu əldə etmək üçün hansı yollara əl ata bilər? Artıq Putinin milyarder “desantı” Samvel Karapetyanın partiyasından deputatlığa namizəd olanlardan 6-sı barədə cinayət işi başladılıb və 2-si həbs edilib. Bəlkə bu da yollardan biridir?
 
-Bəli, belə görünür ki, Paşinyan radikal müxalifətə qarşı təzyiqləri artıracaq, həbslər olacaq. Ola bilsin ki, hətta müxalif partiyalardan 5-6 deputat hakim partiyaya keçsin. Bu yolla da Konstitusiya dəyişiklikləri məsələsini irəli aparmaq olar. Bundan əlavə, əhali arasında Konstitusiya dəyişiklikləri ilə bağlı imza toplamaq da mümkündür. Müxtəlif yollar var. Düşünürəm ki, əgər Paşinyan həqiqətən Azərbaycanla sülh sazişini bağlamaq istəyirsə, həmin yollardan birini seçə bilər və bu məsələni, bu il olmasa da, yaxın müddətdə həll edə bilər. Halbuki, sülh müqaviləsi bu il imzalansaydı, bölgə üçün daha faydalı olardı. Çünki Amerika da çox çalışır ki, Azərbaycan və Ermənistan liderləri də yaxın aylarda yenidən Vaşinqtonda bir araya gəlsinlər və sülh müqaviləsini imzalasınlar... 
 
-Artıq Rusiya, yəqin ki, bundan sonra Ermənistan hakimiyyətində bundan sonra o qədər də ciddi təzyiqlər edə bilməyəcək? Seçkilərdən sonra hansısa kütləvi vətəndaş qarşıdurmasına və ya hökumət qüvvələri ilə qanlı toqquşmalara nail ola bilmədi...
 
-Yox, hesab edirəm ki, Rusiya təzyiqlərdən əl çəkən deyil. Kremldəkilər Paşinyan hakimiyyəti ilə yola davam etsələr də, rusiyapərəst müxalifət parlamentdə müəyyən üstünlüyə- güclü mövqeyə malik olacaq. Moskva da hər zaman həmin müxalifətin əli ilə Paşinyana əngəllər yaratmağa çalışacaq. Amma, bəli, hər hansı kütləvi qarşıdurma və ya buna bənzər hadisələr baş vermədi və çox güman ki, bundan sonra da baştutmayacaq. Əslində seçkidən sonra belə bir ehtimal var idi. Lakin müxalifət də başa düşdü ki, bu cür cəhdlərə əl atsa, polis aksiyaları asanlıqla dağıdacaq və əhali də onları dəstəkləməyəcək...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər