“Rusiya Prezident Administrasiyası yerli KİV-ə "Paşinyanın legitimliyinə şübhə yaratmaq" üçün Ermənistanda seçki pozuntularını vurğulamağı və s. "tövsiyə edib”...”
“Rusiyanı Güney Qafqazdan çıxarmağın və nəticədə uzunmüddətli sülh və sabitliyə nail olmağın ən optimal yolu hər 3 respublikada: Azərbaycan, Gürcüstan və Ermənistanda əsil demokratiyanın bərqərar olmasıdır...”
“İşi-gücü qonşulara, yaxud Avropa və Amerikaya nifrət yağdırıb, xarici düşmən obrazı axtarmaqla öz problemlərinə göz yummaq olan heç bir ölkə güclənə bilməz, əksinə, gündən-günə zəifləyib digər dövlətlərin ayaqaltısına çevrilər...”
Bütün sivil dünya, hətta Rusiyaya bağlı hesab etdiyimiz Gürcüstan iqtidarı da Ermənistandakı son seçkilərdə Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın uğurunu yüksək qiymətləndirir. Qardaş Türkiyə də Ermənistanda keçirilən parlament seçkilərinin sülh və sabit şəraitdə başa çatmasından məmnunluğunu ifadə edir. Totalitar, avtoritar dediyimiz İranın Prezidenti Məsud Pezeşkian da, xarici işlər naziri Abbas Əraqçi də Nikol Paşinyanı və “Vətəndaş Sazişi” Partiyasını Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanmaları münasibətilə təbrik edir. Azərbaycanın bir sıra rəsmi və özəl sayılan telekanal və nəşrləri, həmçinin siyasi partiya təmsilçiləri isə hakimiyyət başındakı 8 illik fəaliyyəti və xüsusən də son seçki kampaniyasıyla demokrat olduğunu təsdiqləyən Nikol Paşinyanı guya Avropanın dəstəyi ilə Rusiyapərəst revanşist, irqçi və terrorçu xislətli Köçəryan-Karapetyan-Sarukyan üçlüyünə qarşı haqsızlığa, seçki pozuntularına yol verməkdə suçlayır... Görəsən, bunu hansı siyasi və ya fəlsəfi məntiqlə izah etmək olar?.. Bəlkə bu, Avropa qurumlarının bəzi hallarda erməni separatizminə, revanşizminə dəstək kimi görünən bəyanat və qətnamələrindən qaynaqlanır? Bu da məntiqsiz yanaşma olar. Əvvəla, eyni Avropa qurumları torpaqlarımızın işğal altında qaldığı onilliklər boyu dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistanın işğalçılığını pisləyən bəyanat və qətnamələr səsləndirib. İkincisi, Avropa, yaxud ABŞ Azərbaycana indiyədək Rusiyanın etdiyi zülmlərin, pisliklərin onda birini də etməyib və bundan sonra da edən deyil. Üçüncüsü də, kim deyə bilər ki, bu gün inkişaf yolu Avropaya yox, özünün etnik qardaşı olan Ukraynaya qarşı belə, 5-ci ildir ki, genişmiqyaslı təcavüzünü davam etdirən, ərazisində diktatura hökm sürən, insan haqları tapdanan, iqtisadiyyatı sürətlə tənəzzülə doğru gedən, korrupsiya bataqlığında üzən Rusiyaya inteqrasiyaya bağlıdır?.. Kimsə bunu isbat edə bilərmi?..
Xülasə, qayıdaq mətləbə...
Əvvəla, Azərbaycanın nə jurnalistinə, nə də mediasına XIX əsrin sonlarından bəri erməni-türk, erməni-azərbaycanlı münaqişə və müharibələrinə fətva vermiş Moskvanın bu gün də gələcək savaş planları üçün dəstəklədiyi erməni fiqurlarına dəstək vermək yanaşmaz. Və məntiqlə Bakıdakı jurnalist, siyasətçi, politoloq və ya deputatın Kremlin dəstəklədiyi qüvvələrə dəstək verərək demokratik güclərə qarşı çıxması onların Rusiya kəşfiyyat-agentura şəbəkəsinin, yaxud “5-ci kalonu”nun təsiri altında olmasından xəbər verir...
Yeri gəlmişkən, elə bu gün səhər saatlarında bəndənizin Moderator.az-da təqdim etdiyi bir xəbərdə Rusiyanın “Meduza” nəşri Rusiya Prezident Administrasiyasının yerli KİV-ə "Paşinyanın legitimliyinə şübhə yaratmaq" üçün seçki pozuntularını vurğulamağı və s. "tövsiyə etdiyi” bildirilir. Materialda Ermənistandakı seçkilərin nəticələrinin Rusiya telekanal və xəbər agentliklərində necə işıqlandırıldığı, həmçinin dövlət qurumları tərəfindən o nəticələrə necə reaksiya verilməsi də ətraflı göstərilib(
burada:). Yalnız bir neçə misal çəkmək kifayətdir ki, onların Bakıdakı bəzi reaksiyalarla eyni məzmunlu olduğu təsdiqlənsin:
"Rossiya 1" telekanalı:
"Ermənistan Mərkəzi Seçki Komissiyası səslərin sayılmasını başa çatdırdı; hakim "Vətəndaş Sazişi" Partiyası 50%-dən az səs toplayıb, müxalifət isə görünməmiş təzyiqlərə baxmayaraq, ümumilikdə təxminən 40% səs toplayıb - bu, Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı 460.000 səs deməkdir."
Hələ 44 günlük müharibə dövründə Azərbaycana qarşı mövqe tutduğuna görə, ölkəmizin internet məkanında yayımı dayandırılmış
“RİA Novosti" agentliyi:
“Seçki nəticələri ilə bağlı xəbər "Paşinyan partiyası Ermənistan seçkilərində səslərin 50%-ni toplaya bilmədi" başlığı altında dərc edildi. Daha sonra agentliyin veb-saytında əsas xəbər " "Ermənistan hakimiyyəti seçki prosedurlarını kobud şəkildə pozdu"- Zaxarova bildirdi" oldu...”
"TASS"
Seçki nəticələri ilə bağlı xəbər "Ermənistan Mərkəzi Seçki Komissiyası: Paşinyanın partiyası, ilkin olaraq, səslərin 49,81%-ni toplayıb" başlığı altında dərc edilib. Agentlik həmçinin aşağıdakı xəbəri də yayımlayıb:
"Peskov: Rusiya Ermənistan seçkilərində çoxsaylı qanun pozuntuları barədə məlumatlar görür."
"Zaxarova: Ermənistan seçkiləri müxalifətə təzyiq fonunda baş tutub."
"Zaxarova: Ermənistanda kampaniya zamanı təqiblər Rusiya ilə əlaqələrini davam etdirənləri hədəf alıb."
"Ekspert Ovannisyan: Paşinyanın partiyası konstitusiya çoxluğu qazana bilməyib."
"MDB Parlamentlərarası Assambleyası Ermənistan seçkiləri zamanı çox sayda həbs qeydə alıb."
İkincisi, seçki pozuntuları ən demokratik ölkələrdə belə, olur. Təbii ki, minimum sayda... Guya Azərbaycanda son 34 ildə Cəfər Vəliyevin və Məzahir Pənahovun keçirdiyi seçkilərdə saxtakarlıq-filan olmayıb?..
Üçüncüsü də, kimlərsə ermənilərin uğur qazanmağından və həmin uğurların şişirdilməsindən qorxursa, məgər həmin qorxunun müalicəsi qərbpərəst, demokrat Paşinyanın yox, ruspərəst, terrorçu Köçəryanın qələbəsindən keçir? Həmin qorxunun qarşısının alınması, başqa sözlə, gələcəkdə Ermənistanın güclənib yenidən Azərbaycana hücum etməməsinə ən güclü zəmanət isə öncə Rusiyanın Güney Qafqazdan tam çıxarılmasıdır. Çünki iki xalqda bir-birinə qarşı nifrəti körükləyib daim iki dövlət arasında münaqişə potensialını saxlamağa çalışan və bu gün də nəinki Qarabağdan çıxmış erməniləri geri qaytarmağı, hətta torpaqlarımızı yenidən işğal etməyi planlaşdıran revanşist, irqçi klan və siyasi dairələrə dəstək verən Rusiya imperiyasıdır. Nə qədər ki, Rusiyada imperiyapərəst, şovinist formatlı hakimiyyət var, bu təhlükələr daim başımızın üzərində olacaq. Rusiyanı Güney Qafqazdan çıxarmağın və nəticədə uzunmüddətli sülh və sabitliyə nail olmağın ən optimal yolu hər 3 respublikada: Azərbaycan, Gürcüstan və Ermənistanda demokratiyanın bərqərar olmasıdır... Yoxsa, Azərbaycanda hansısa güclər yenidən Rusiyanın birbaşa de-fakto və de-yure müstəmləkəsinə çevrilməsini arzulayır?..
Yox, əgər kimlərsə ermənilərin xeyli hissəsinin türklərə, azərbaycanlılara qarşı düşmənçiliyinin aradan getməyəcəyinə şübhə edərək Paşinyan və ya ondan sonra gələcək demokratik, Qərbpərəst hakimiyyətlərin də sonrakı onilliklərdə guya Avropanın-filanın dəstəyi ilə Azərbaycana qarşı yenidən ərazi iddialarıyla çıxış edəcəyindən qorxursa, əvvəla, Ermənistanda da, Azərbaycanda da demokratik iqtidarlar olduğu və bir-biri ilə sivil qaydada dil tapacaqları halda belə bir təhlükənin reallaşacağı çox az ehtimal edilir. İkincisi də, hər hansı bir ölkənin hansısa xarici təzyiq və təcavüzdən qorunmasının ən yaxşı yolu ölkədə əsil demokratik hakimiyyət qurulması, insan haqlarıyla bağlı problemlərin, korrupsiya və rüşvətxorluq hallarının minumuma endirilməsi, uşaqpulu verilməsi, maaş və pensiyaların qonşu ölkələrdəkindən ən azı iki dəfə yüksək olması, elm və təhsilin, səhiyyənin, iqtisadiyyatın, ordunun və s. maksimum gücləndirilməsidir. Yoxsa işi-gücü qonşulara, yaxud Avropa və Amerikaya nifrət yağdırıb, xarici düşmən obrazı axtarmaqla öz problemlərinə göz yummaq olan heç bir ölkə güclənə bilməz, əksinə, gündən-günə zəifləyib digər dövlətlərin ayaqaltısına çevrilər...
Sultan Laçın