“Əgər keçmiş məcburi köçkünlər üçün yaşayış məntəqəsi su çatışmazlığı olan, əkin üçün yararsız, iqlim və relyef baxımından əvvəlki yaşayış şəraitindən ciddi şəkildə fərqlənən ərazidə salınırsa, qayıdışın "ləyaqətli və davamlı" olması sual altına düşə bilər...”
“Kəndin əvvəlki yerindən uzaqda salınması, yaylaq-qışlaq əlaqələrinin pozulması, əkin və maldarlıq imkanlarının itirilməsi, qəbiristanlıqlardan və tarixi məkanlardan uzaqlaşmaşəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilə bilər...”
“Əgər yeni yaşayış məntəqəsinin yerləşdirilməsi nəticəsində insanların: əvvəl istifadə etdikləri torpaqlara çıxışı məhdudlaşırsa, bağ, örüş, əkin sahələri istifadədən çıxırsa, əvvəlki mülkiyyətlə yeni yaşayış arasında ciddi uyğunsuzluq yaranırsa, onda mülkiyyət hüququnun müdafiəsi məsələsi ortaya çıxa bilər...”
“Azərbaycan Konstitusiyasının 39-cu maddəsinə görə hər kəs sağlam ətraf mühitdə yaşamaq hüququna malikdir. Əgər yeni salınan yaşayış məntəqəsi: içməli su ilə zəif təmin olunursa,sel, sürüşmə və ya digər təbii risklər daşıyırsa, ekoloji cəhətdən əlverişsiz ərazidə yerləşirsə, bu hüququn pozulması barədə arqumentlər irəli sürülə bilər...”
“Məcburi köçkünlər köçürüldükləri yeni ərazilərdə dərhal iş yeri, sosial müavinətlər, tibbi xidmət və təhsillə təmin olunmalıdırlar. Bu infrastrukturlar qurulmadan köçürülmə sosial hüquqların pozulması mənasına gəlir...”
“Əgər müəyyən qrupların məskunlaşdırılması zamanı onların ehtiyacları sistemli şəkildə nəzərə alınmır, digər qruplara isə daha əlverişli şərait yaradılırsa, bu zaman bərabərlik hüququ ilə bağlı suallar yarana bilər...”
Xəbər verildiyi kimi, Milli Məclisdə Mənzil Məcəlləsinə və “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən məcburi köçkün olan şəxs dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə təklif olunan yaşayış yerindən imtina edərsə, məcburi köçkün statusunu itirəcək.
Doğrudan da bir sıra deputatların qeyd etdiyi kimi, bu dəyişikliklərdə məcburi köçkünlər üçün bir sıra müsbət məqamlar meydana çıxır. Belə ki, Mənzil Məcəlləsinə də edilən dəyişikliklə yaradılacaq “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu”na daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.
Bu qanun paketi çərçivəsində sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir: Köçkünlərin sosial təminatları (müavinətlər, imtiyazlar) şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən etibarən 3 il müddətində qüvvədə qalmağa davam edəcək.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla oxuyan şəxslərin təhsil haqlarının dövlət büdcəsindən ödənilməsi onlar təhsilini bitirənədək davam edəcək.
Ancaq hesab edirəm ki, Milli Məclis üzvləri burada bir ciddi nüansı nəzərə almayıb. Bu da ondan irəli gəlir ki, bu qanunlara dəyişiklikləri qəbul etməyə hazırlaşan deputatlar bu günədək doğma yurdlarına köçürülmüş vərəndaşların şikayət və problemləri ilə ciddi maraqlanmamış və ya onları qulaqardına vurmuşlar...
Söhbət ondan gedir ki, əgər məcburi köçkün vətəndaş ciddi əsaslı şəkildə dövlətin ona təklif etdiyi bina mənzili və ya həyat evinin yerləşdiyi məkandan, həmin yaşayış sahəsinin keyfiyyətsiz tikintisindən narazıdırsa, o halda onun həmin mənzil və ya həyət evindən imtina etməsi dərhal statusunun itirilməsi ilə nəticələnəcəkmi? Və bu, ədalətlidirmi? Bu halda vətəndaşın hansı hüquqları pozulur?
Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq normalarına əsasən:
Yaşayış hüququ (maddə 25, Konstitusiya)
Hər kəs yaşayış yerini sərbəst seçmək və ona sahib olmaq hüququna malikdir. Məcburi köçkünlər üçün bu hüquq xüsusilə vacibdir, çünki onlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar.
Mülkiyyət hüququ (maddə 26, Konstitusiya)
Məcburi köçkünlər öz əmlakına görə dövlətin dəstəyinə əsaslanaraq kompensasiya və ya yeni yaşayış yerləri tələb edə bilirlər. Statusun itirilməsi onların əmlak hüquqlarını dolayısı ilə məhdudlaşdıra bilər.
Beynəlxalq hüquq və insan hüquqları
Qacqın və köçkünlərin hüquqları: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının prinsiplərinə görə, məcburi köçkünlərə kompulsiv statusdan məhrum edilmədən onların razılığı nəzərə alınmalıdır.
Zorla köçürmə qadağası:
İnsan hüquqları konvensiyaları zorla məcburi köçürməni qadağan edir və statusu yalnız könüllü seçim əsasında ləğv etməyə imkan verir.
Yaşayış və mənzil hüququ
Məcburi köçkün statusu olmadan dövlət tərəfindən təminatın verilməsi dayandırılır.
Sosial təminat və layiqli həyat səviyyəsi hüququ
Məcburi köçkünlər köçürüldükləri yeni ərazilərdə dərhal iş yeri, sosial müavinətlər, tibbi xidmət və təhsillə təmin olunmalıdırlar. Bu infrastrukturlar qurulmadan köçürülmə sosial hüquqların pozulması mənasına gəlir.
Azərbaycan Respublikasının Konstitusiyası – Maddə 38 (Sosial təminat hüququ): Hər kəsin sosial təminat hüququ vardır.
Ədalətli və qanuni prosedur hüququ
Statusun itirilməsi prosesi şəffaf və ədalətli olmalıdır. Əgər status sadəcə imtina etməyə görə ləğv olunursa, bu, hüquqi prosedura zidd ola bilər.
Beynəlxalq hüquq normaları ilə ziddiyyət
Məcburi köçkünlərin könüllü seçiminə hörmət edilməməsi və zorla statusun itirilməsi beynəlxalq standartlara uyğun deyil.
Nəticə:
Belə bir dəyişiklik məcburi köçkünlərin hüquqlarını məhdudlaşdırır:
Hüquqi prosedur və beynəlxalq standartlarla ziddiyyət yaranır...
Bu faktdır ki, son bir neçə il ərzində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması zamanı onların bərpa edilmiş və ya yenidən tikilmiş evlərində ciddi nöqsanlar aşkarlanması, həmçinin ümumiyyətlə, yeni salınmış yaşayış məntəqəsinin əvvəlki yerindən tamamilə uzaq, həmçinin iqlim, relyef, su təminatı, torpaq məhsuldarlığı və s. baxımından uyğunsuz bir yerdə yerləşməsi halları yeni sakinlərdə ciddi narazılıq doğurmuşdur. Məsələn, Laçın rayonunun Sus və Ağdam rayonunun Xıdırlı kəndləri əvvəl yerləşdikləri ərazidən fərqli olaraq seltutar məkanlarda salınmış və nəticədə kəndlər salındıqdan az sonra yağan qısamüddətli yağışlar nəticəsində insanların evləri subasmaya məruz qalmışdır. Bundan əlavə, işğaldan azad edilmiş bir sıra regionlarda keçmiş məcburi köçkünlərə verilmiş ev və ya bina mənzillərin keyfiyyətsiz bərpası və ya tikilməsi barədə kütləvi şikayətlər edilmiş, bir sıra hallarda vətəndaşlar həmin məkanlara köçməkdən imtina etmişdir. Həmin şikayətlərin bir hissəsi təmin olunsa da, yəni qeyd edilən evlərdəki nöqsanlar aradan qaldırılsa da, indiyədək bəzi məcburi köçkünlərin şikayətləri təmin olunmamış və onlar hələ də dövlətin təklif etdiyi mənzillərə köçməmişlər. Odur ki, bundan sonra da belə halların təkrarlanmayacağına heç bir zəmanət olmadığından sözügedən qanunlara edilən dəyişikliklərdə məcburi köçkünlərin hansı hallarda haqlı olaraq ona verilən yaşayış sahələrindən imtina edə biləcəyi və bunun onun statutusunun itirilməyəcəyinə gətirib çıxarmayacağı və dövlətin növbəti ev, mənzil təkliflərindən imtina etməsi şansını saxlayacağı və s. məqamlar öz əksini tapmalıdır.
Bu cür ziddiyyətlərin qarşısının alınması üçün məcburi köçkünlər üçün öz doğma yurdlarında salınacaq yaşayış məntəqələrinin harada və necə yenidən tikilməsi barədə rəy və təklifləri soruşulmalı və mütləq şəkildə nəzərə alınmalıdır ki, həmin məntəqələr əvvəlki yerindən uzaq və ekoloji, iqlim, relyef, su və yararlı torpaq ilə təminat və s. baxımından yararsız bir yerdə salınmasın. Bunun üçün isə işğaldan azad edilmiş torpaqlarda hansısa kənd, qəsəbə və şəhərin bərpası və ya tikintisi layihələşdirilməmişdən öncə həmin məntəqələrin məcburi köçkün sakinlərindən ibarət ictimai nəzarət şuraları yaradılmalı və həmin şuralarla yeni məntəqələrin(və ya məntəqə öz yerində bərpa olunacaq halda evlərin, küçələrin və s.) konkret olaraq harada, hansı üslubda tikilməsi və s. barədə məşvərət aparılmalıdır. Yalnız hər bir məntəqəyə aid ictimai nəzarət şurasının razılığı əsasında hansısa kəndin, qəsəbənin və ya şəhərin harada və necə salınmasına dair qərar verilməlidir. Və həmin ictimai şuraların yaşayış məntəqələrinin bərpası və ya yenidən tikilməsi prosesinə bilavasitə nəzarət etməlidir...
İndiyədək bu məqamların heç birinə, demək olar ki, heç vaxt heç yerdə əməl edilməyib. Barı bundan sonra əməl edilsin...
Onu deyim ki, bu sətirlərin müəllifi hələ 2023-cü ilin dekabrında konkret olaraq işğaldan azad Laçın rayonunda yaşayış məntəqələrin salınmasıyla bağlı bir sıra məqamlar, o cümlədən sakinlərin rəylərinin nəzərə alınması barədə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədova təkliflər vermiş və ədalət naminə demək lazımdır ki, söhbət zamanı xüsusi nümayəndə həmin təkliflərlə razılaşmış və bilavasitə özü yerlərdəki nümayəndələr vasitəsilə rayon üzrə ictimai şuranın yaradılmasını təklif etmişdi. Həmin vaxt bəndəniz sosial şəbəkədə bu barədə Laçın sakinlərinə müraciət etsə də, ciddi reaksiya və dəstək verənlər az olmuş və rayon üzrə ictimai şuranın yaradılması baş titmamışdı. Görünür, burada ümumiyyətlə, ölkədə vətəndaş fəallığının, insanların öz haqlarını tələb etməsi ənənəsinin zəifliyi öz mənfi rolunu göstərir...
Bütün hallarda hətta vətəndaşlar öz qanuni haqlarını tələb etməsə belə, həmin haqları təmin etmək üçün maksimum səy göstərmək müvafiq dövlət və hökumət qurumlarının, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmurunun borcudur...
Bəs məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlarda yaşamış olduğu kənd, qəsəbə və şəhərlərin bərpası və ya yenidən salınması zamanı onların həmin məntəqələrin harada və necə yenidən tikilməsi barədə rəy və təklifləri soruşulmur və ya nəzərə alınmırsa və nəticədə həmin məntəqələr əvvəlki yerlərindən uzaq və ekoloji, iqlim, relyef, su və yararlı torpaq ilə təminat və s. baxımından yararsız bir yerdə salınırsa, həmin insanların hansı hüquqları pozulur?..
Bu vəziyyətdə söhbət yalnız məcburi köçkün statusundan deyil, insanların öz doğma yaşayış mühitinə qayıdışının necə təşkil edilməsindən gedir. Əgər bərpa və yenidənqurma zamanı həmin şəxslərin rəyi alınmır, onların tarixi yaşayış məntəqələri əvvəlki yerlərindən fərqli və obyektiv baxımdan əlverişsiz ərazilərdə salınırsa, bir neçə hüququn pozulması məsələsi ortaya çıxa bilər.
1. Yaşayış yerinin seçilməsində iştirak hüququ
Məcburi köçkünlərin öz icmalarının gələcəyi barədə qərarların qəbulunda iştirak etmək hüququ vardır. Bu hüquq birbaşa olaraq həm demokratik idarəetmə prinsiplərindən, həm də yerli özünüidarə və ictimai iştirakçılıq anlayışından irəli gəlir.
Əgər insanlar:
kəndin harada salınacağı,
evlərin planlaşdırılması,
torpaq bölgüsü,
sosial infrastrukturun yerləşdirilməsi və s.
kimi məsələlərdə ümumiyyətlə dinlənilmirsə, onların qərarların qəbulunda iştirak hüququ məhdudlaşdırılmış hesab edilə bilər.
2. Könüllü və ləyaqətli qayıdış hüququ
Məcburi köçkünlərlə bağlı beynəlxalq standartlara görə qayıdış:
könüllü,
təhlükəsiz,
ləyaqətli,
davamlı
olmalıdır.
Əgər yaşayış məntəqəsi su çatışmazlığı olan, əkin üçün yararsız, iqlim və relyef baxımından əvvəlki yaşayış şəraitindən ciddi şəkildə fərqlənən ərazidə salınırsa, qayıdışın "ləyaqətli və davamlı" olması sual altına düşə bilər...
3. Ailə və şəxsi həyatın qorunması hüququ
Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsində insanların formalaşmış yaşayış mühiti, icma əlaqələri və ənənəvi həyat tərzi şəxsi və ailə həyatının elementi kimi qiymətləndirilə bilir.
Məsələn:
kəndin əvvəlki yerindən uzaqda salınması,
yaylaq-qışlaq əlaqələrinin pozulması,
əkin və maldarlıq imkanlarının itirilməsi,
qəbiristanlıqlardan və tarixi məkanlardan uzaqlaşma
şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilə bilər.
4. Mülkiyyət hüququ
Əgər yeni yaşayış məntəqəsinin yerləşdirilməsi nəticəsində insanların:
əvvəl istifadə etdikləri torpaqlara çıxışı məhdudlaşırsa,
bağ, örüş, əkin sahələri istifadədən çıxırsa,
əvvəlki mülkiyyətlə yeni yaşayış arasında ciddi uyğunsuzluq yaranırsa,
onda mülkiyyət hüququnun müdafiəsi məsələsi ortaya çıxa bilər.
5. Sağlam ətraf mühitdə yaşamaq hüququ
Azərbaycan Konstitusiyasının 39-cu maddəsinə görə hər kəs sağlam ətraf mühitdə yaşamaq hüququna malikdir.
Əgər yeni salınan yaşayış məntəqəsi:
içməli su ilə zəif təmin olunursa,
sel, sürüşmə və ya digər təbii risklər daşıyırsa,
ekoloji cəhətdən əlverişsiz ərazidə yerləşirsə,
bu, hüququn pozulması barədə arqumentlər irəli sürülə bilər.
6. Bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi
Əgər müəyyən qrupların məskunlaşdırılması zamanı onların ehtiyacları sistemli şəkildə nəzərə alınmır, digər qruplara isə daha əlverişli şərait yaradılırsa, bu zaman bərabərlik hüququ ilə bağlı suallar yarana bilər.
Nəhayət, hüquqi baxımdan ən güclü arqument:
Belə hallarda ən güclü hüquqi arqument adətən "iştirak hüququ" və "ləyaqətli qayıdış hüququ" ilə bağlı olur. Çünki məcburi köçkünlərin öz yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı qərarlarda məlumatlandırılması, məsləhətləşmələrə cəlb edilməsi və rəylərinin nəzərə alınması beynəlxalq standartlarda mühüm prinsip hesab olunur. Rəylərin mütləq qəbul edilməsi tələb olunmasa da, onların ümumiyyətlə soruşulmaması və ya formal xarakter daşıması hüquqi mübahisə predmeti ola bilər...
Qeyd etmək lazımdır ki, konkret halda hüququn pozulub-pozulmaması yeni yaşayış yerinin seçilməsi səbəblərindən, dövlətin əsaslandırmasından və insanların faktiki yaşayış şəraitinin əvvəlki vəziyyətlə müqayisəsindən asılı olaraq qiymətləndirilməlidir. Bunun üçün isə hər bir keçmiş və ya hazırda məcburi köçkün vətəndaş öz yurduna köçürülmə və köçürülməyə hazırlıq, yəni yeni yaşayış məskəninin bərpası və ya yenidən tikintisi zamanı qeyd edilən hüquq və prinsip pozuntularıyla bağlı sənəd, foto və audio-görüntülərin müvafiq dövlət qurumlarına təqdim etmək hüququ var. Həmin tələblərə əməl edilmədikdə isə onun köçürüləcəyi və ya artıq köçürülmüş olduğu məkandan imtina etmək və yeni seçim etmək, bunlar təmin edilmədikdə etiraz etmək hüququnu da özündə saxlayır...
Sultan Laçın