Ekskluziv
490
12:37, Bu gün

"Putin artıq ruslardan Ukraynadakı fəlakəti gizlədə bilmir" - "The Atlantic"

"Ukraynanın Moskva ətrafına endirdiyi zərbələr Kremlin əsas təbliğat narrativini sarsıdır və müharibənin nəticələrinin artıq adi rusiyalılara da toxunduğunu göstərir..."
 
Getdikcə daha çox rusiyalı artıq dünyanın 4 il əvvəl anladığı reallığı qəbul etməyə başlayır - Ukraynaya qarşı işğal böyük strateji səhv olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri yazıb.
 
Kreml artıq müharibəni Moskvanın gözündən gizlədə bilmir
 
Şotlandiyadakı Sent-Endryus Universitetinin strateji araşdırmalar professoru Fillips Peyson O'Brayen bildirir ki, Rusiya prezidenti Vladimir Putin artıq xüsusilə Moskva sakinlərindən Ukraynaya qarşı müharibənin hər kəsə təsir edən fəlakətə çevrildiyini gizlədə bilmir.
 
Müəllif yazır ki, Kreml uzun müddət Moskvanı müharibənin nəticələrindən təcrid etməyə çalışıb. Paytaxtda festivallar və tədbirlər davam etdirilib, hakimiyyət isə rus orta təbəqəsi və elitalar üçün müharibə hissini minimuma endirməyə çalışıb.
 
Lakin Ukraynanın son hücumlarından sonra vəziyyət dəyişməyə başlayıb. Ekspert qeyd edir ki, bu il Moskvada keçirilən 9 May paradı belə Ukrayna dronlarının mümkün zərbələri qorxusuna görə qısa olub və ağır texnika nümayiş etdirilməyib.
 
Ukrayna zərbələri Putinin əsas narrativini dağıdır
 
O'Brayenin fikrincə, Ukraynanın Moskva bölgəsinə son zərbələri Rusiya paytaxtının həssaslığını göstərib və bir çox moskvalını şoka salıb. "Putinin yaratdığı və guya rus elitaları ilə orta təbəqəsini narahat etməməli olan "xüsusi hərbi əməliyyat" narrativi indi tamamilə dağılır", - deyə analitik vurğulayır.
 
Müəllif bununla bağlı İkinci Dünya müharibəsi dövründəki Yaponiyanı nümunə göstərir. Həmin dövrdə hakimiyyət uzun müddət cəbhədəki problemləri gizlətsə də, strateji ərazilərin itirilməsindən sonra vəziyyətin ağırlaşdığını etiraf etməyə məcbur olmuşdu.
 
Analitikin fikrincə, Kreml də elə bir mərhələyə yaxınlaşa bilər ki, müharibədəki real vəziyyəti gizlətmək mümkünsüz olsun. Məqalədə qeyd olunur ki, Ukrayna ordusu uzaqmənzilli zərbə imkanlarını ciddi şəkildə artırıb.
 
Müharibənin dinamikası Ukraynanın xeyrinə dəyişir
 
Bununla belə, ekspert Rusiyanın yaxın zamanda çökəcəyini düşünmədiyini də vurğulayır. Rusiya ordusu Ukrayna şəhərlərinə zərbələri davam etdirir, Putin isə yenidən nüvə eskalasiyası ehtimalına eyham vurur.
 
Ancaq müəllif hesab edir ki, müharibənin ümumi dinamikası artıq Ukraynanın xeyrinə dəyişməyə başlayır. "Rusiya zəifləyib. Hətta ABŞ yardımı olmadan belə Ukrayna daha güclü görünür və müharibənin gedişini getdikcə öz xeyrinə formalaşdırır. Rusiya xalqı bunu nə qədər yaxşı anlayarsa, Putinin vəziyyəti bir o qədər ağırlaşacaq", - deyə ekspert yekunlaşdırır.
 
Bundan əvvəl Ukrayna Prezident Ofisində ilin sonuna qədər aktiv döyüş əməliyyatlarının dayanması ehtimalının mümkün olduğu bildirilmişdi. Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, əgər Rusiya ordusu irəliləyiş əldə edə bilməsə və Putin bunu anlasa, belə ssenari mümkündür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər