Ekskluziv
527
18:01, Bu gün

"İrana hücum ABŞ-nin dövlət maraqlarına ciddi zərbə vurdu"– Politoloq

“Mossadın verdiyi informasiya əsasında hazırlanan və rəhbərliyin aradan götürülməsi, ardınca isə üsyanın baş verməsi ilə müşayiət olunan İranda hakimiyyət dəyişikliyi ssenarisi baş tutmadı. İrana hücum ABŞ-nin dövlət maraqlarına ciddi zərbə vurdu".

Bu fikirləri Moderator.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

Politoloqun sözlərinə görə, artıq ABŞ mətbuatına da sızan informasiyaya əsasən, ABŞ administrasiyası daxilində bu prosesə qarşı çıxan yüksək ranqlı şəxslərin mövqeyi nəzərə alınmayıb:

“Mossad rəhbəri, Netanyahu və Heqset bu müharibənin başlanmasında əsas qərarverici fiqurlar olublar. Mossad rəhbərinin dəyişməsi də hesab edirəm ki, təsadüfi deyil və uğursuzluğun nəticəsidir. Müharibə nəticəsində ortaya çıxan Hörmüz boğazı kartı İranın əlini daha da gücləndirib, ABŞ və İsrail isə müttəfiqlərindən belə ciddi dəstək ala bilməyib.

Trampın İrana və eyni zamanda NATO ölkələrinə Hörmüz boğazının açılması ilə bağlı göstərdiyi təzyiqlər nəticəsiz qalıb. Neftin kəskin bahalaşması isə Tramp administrasiyası üçün, xüsusilə aralıq seçkilər fonunda, mənfi nəticələr doğurur".

Əli Zülfüqaroğlu qeyd edib ki, istər atəşkəs, istərsə də eskalasiya ABŞ üçün arzuolunmaz mənzərə yaradır:

“Məhz bu amili ABŞ-də bir sıra ictimai-siyasi xadimlər və media ‘tələ’ kimi qiymətləndirir. Tramp da bu vəziyyətdən çıxmaq üçün blokada variantı üzərində dayanır. Yəni plan ondan ibarətdir ki, İranın neft satışı əngəllənsin və beləliklə də Hörmüz kartı Tehranın özünə qarşı çevrilsin. Vaşinqton hesab edir ki, bu plan nəticəsində İranda iqtisadi problemlər yarana, daxili etirazlar isə yenidən güclənə bilər. Lakin bu məsələdə ABŞ beynəlxalq dəstək qazana bilməyib. Məsələn, Böyük Britaniya buna qarşı çıxıb. Bu addım İran üçün problem yaratsa da, ABŞ üçün də bahalı yanacaq və inflyasiya deməkdir. Nəticə etibarilə, bu planın uğurlu olub-olmayacağı ABŞ üçün də qeyri-müəyyən olaraq qalır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər