ABŞ–İran münasibətlərində gərginlik yenidən artır. Hörmüz boğazı ətrafında mümkün addımlar qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları gündəmə gətirir. Regionda baş verən diplomatik proseslər formal danışıqlar görüntüsü yaratsa da, tərəflər arasında dərin ziddiyyətlər qalmaqdadır.
Donald Trump-ın “bu dəqiqədən etibarən ABŞ donanması Hörmüz boğazından keçən bütün gəmiləri blokadaya alacaq” açıqlaması sual doğurur.
Bu addımın İranla gərginliyə və Hörmüz boğazında beynəlxalq ticarət və enerji daşımalarına hansı təsirləri ola bilər?
Moderator.az-a mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşünas Xəyal Bəşirov açıqlama verib.

Politoloq bildirib ki, keçirilən görüşlərdə müəyyən razılaşma ehtimalları mövcud idi:
"Əslində pərdəarxasında ABŞ-ın Pakistana müxtəlif formalarda təsir göstərməsi İranı danışıqlar masasına oturtmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu yanaşma eyni zamanda ABŞ-ın vaxt qazanmaq və neft qiymətlərinə təsir edə biləcək “danışıqlar görüntüsü” yaratmaq məqsədinə xidmət edib və nəticədə bu amil bazarlara təsir göstərib. 11 aprel tarixində Pakistan vasitəçiliyi ilə keçirilən görüş 1979-cu ildən sonra İran İslam Respublikası ilə ABŞ arasında baş tutan ən yüksək səviyyəli təmaslardan biri hesab olunur.
Bu, müəyyən mənada İran tərəfi üçün diplomatik uğur kimi də dəyərləndirilə bilər, çünki əvvəllər ABŞ bu formatda danışıqlara üstünlük vermirdi və qarşı tərəfin statusunu tam qəbul etmirdi".
Politoloq əlavə edib ki, bütün hallarda bu görüşdən ciddi razılaşma gözləntiləri yüksək deyildi:
"Çünki ABŞ-ın irəli sürdüyü 15 maddəlik, İranın isə 10 maddəlik təklifləri bir-biri ilə ziddiyyət təşkil edirdi və tərəflər masaya oturarkən qarşılıqlı şəkildə bir-birini təhdid edirdilər. Paralel olaraq İsrailin Livana hücumlarını davam etdirməsi də prosesin gərginliyini artırırdı.
Bütün bu proseslər danışıqların daha çox beynəlxalq ictimaiyyət üçün “görüntü xarakteri” daşıdığını göstərir. Yəni tərəflər danışıqlardan imtina etmədiklərini nümayiş etdirməyə çalışırlar.
ABŞ-ın indiyədək ən çox pozucu rol oynadığı məqamlar diktə xarakterli yanaşma, əvvəlcədən qəbul edilməyəcəyi bəlli olan şərtlərin irəli sürülməsi və danışıqlar fonunda hərbi əməliyyatların davam etdirilməsidir".
Xəyal Bəşirov xatırladıb ki, keçən il baş verən 12 günlük müharibə və bu il 28 fevral tarixindən başlayan hücumlar ABŞ-ın ya şərtlərini qəbul etdirmək, ya da prosesi ümumiyyətlə pozmaq niyyətini ortaya qoyur:
"Əsas məqsəd İranın regional nüfuzunu zəiflətmək və ABŞ-a qarşı yaranan geosiyasi təsirin qisasını almaqdır. İsrailin danışıqlarda iştirak etməməsi prosesin səmimiliyinə ciddi şübhələr yaradır. Onun sözlərinə görə, İsrail hərbi əməliyyatlarda aktiv iştirak etsə də, diplomatik masada yer almaması ABŞ-a istənilən an prosesi pozmaq imkanı verir.
Aparılan danışıqlarda Oman Xarici İşlər Nazirliyinin müəyyən irəliləyişlər olduğunu bildirməsinə baxmayaraq, son mərhələdə ABŞ və İsrail tərəfinin prosesə mənfi təsir göstərdiyi müşahidə olunub".
Xəyal Bəşirovun sözlərinə görə, regionda gərginliyin artması qaçılmazdır, çünki iqtisadi göstəricilər, xüsusilə neft qiymətləri birbaşa təsirlənir və dünya iqtisadiyyatı enerji resurslarından ciddi şəkildə asılıdır:
"ABŞ-ın İranı dənizdən blokadaya alma kimi yanaşmalarının da gündəmdə olduğunu qeyd etsə də, bunun coğrafi və hərbi baxımdan çətin reallaşan bir ssenari olduğunu bildirib.
İranın raket və dron potensialı belə bir blokada cəhdini daha da riskli və mürəkkəb edir. Hətta belə bir vəziyyət baş verərsə, Hörmüz boğazında hərəkətin məhdudlaşacağı və bunun qlobal ticarətə ciddi zərbə vuracağı vurğulanır. Əgər ABŞ və İsrail tərəfindən İrana zərbə endirilsə, Tehran da buna cavab verəcək".
Bəşirov bildirib ki, ABŞ-ın regiondakı mövqeyi artıq əvvəlki gücünü itirib və bu mövqe əvvəlki səviyyədə bərpa olunmayacaq:
"Körfəz ölkələri də ABŞ-a əvvəlki kimi etibar etmir və bu, regionda yeni geosiyasi arxitekturanın formalaşmasına gətirib çıxaracaq. O həmçinin qeyd edib ki, Hörmüz boğazının bağlı qalması həm İran, həm də Körfəz ölkələrinin iqtisadiyyatına ciddi zərbə vurur, lakin İran hesab edir ki, strateji məqsədlərə çatmaq üçün müəyyən iqtisadi itkilər qaçılmazdır. Nəticə etibarilə, bu proseslərin davam etməsi qlobal iqtisadiyyat üzərində ciddi təsirlərə səbəb ola bilər".
Pərvin Şakirqızı