“Azərbaycan–İran münasibətlərində etimad hələ də kövrək olaraq qalır”
Ekskluziv
413
14:38, Bu gün

“Azərbaycan–İran münasibətlərində etimad hələ də kövrək olaraq qalır”

Məlum olduğu kimi,  Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini bərpa edib.

Maraqlıdır, Azərbaycanın bu addımı iki dövlət arasındakı münasibətlərdə güclənən etimad mühitinin göstəricisi sayıla bilərmi? Ümumiyyətlə, müharibə zamanı Azərbaycanın İrana göndərdiyi humanitar yardımlar, verdiyi siyasi-mənəvi dəstək dövlətlərarası münasibətlərin inkişafına təsir göstərəcəkmi?

Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Azərbaycanın İrandakı səfirliyin fəaliyyətini bərpa etməsi daha çox siyasi rasionallıq kimi qiymətləndirilməlidir. Bu qərar emosional yaxınlaşmadan deyil, qarşılıqlı risklərin idarə olunması və kommunikasiya kanallarının açıq saxlanması zərurətindən irəli gəlir.

Mövcud mürəkkəb proseslərin baş verdiyi reallıqda birbaşa diplomatik təmasların olmaması tərəflər üçün daha çox qeyri-müəyyənlik yaradırdı və bu boşluğun doldurulması praktiki ehtiyacdan irəli gəlir.

Azərbaycan–İran münasibətlərində etimad hələ də kövrəkdir və bu addım etimadı tam bərpa edən dönüş nöqtəsi deyil. Daha çox nəzarət altında normallaşma mərhələsi kimi qiymətlənsirmək daha doğrudur. Yəni tərəflər münasibətləri kəskin qarşıdurma müstəvisindən çıxarıb idarə olunan çərçivəyə salmağa çalışır. Müharibə dövründə Azərbaycanın İrana yönəlik humanitar və siyasi jestləri isə simvolik jest olmaqdan daha çox, uzunmüddətli diplomatik yaddaşa hesablanmış addımlar idi. Belə jestlər dərhal siyasi nəticə doğurmur, amma tərəflər arasında gələcək dialoqun tonunu yumşaldan amil kimi işləyir. Xüsusilə regionda tranzit, təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi sahələrdə maraqlar üst-üstə düşdükcə bu kimk addımlar daha da dəyər qazanır.

Qısası, səfirliyin açılması münasibətlərin keyfiyyətcə dəyişdiyini deyil, tərəflərin qarşılıqlı münasibətləri daha praqmatik və idarəolunan formaya keçirmək niyyətində olduğunu göstərir. Bu isə hələ başlanğıc mərhələdir və davamlı nəticə üçün ardıcıl, qarşılıqlı addımlar tələb olunur”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər