Qalibiyyətin davamı: Azərbaycan informasiya müharibəsində mövqeyini necə qoruyur?
Ekskluziv
436
13:53, Bu gün

Qalibiyyətin davamı: Azərbaycan informasiya müharibəsində mövqeyini necə qoruyur?

2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi Azərbaycanın hərbi və siyasi tarixində mühüm dönüş nöqtəsi oldu. Qazanılmış qələbə ilə yanaşı, müharibə dövründə və ondan sonra informasiya müstəvisində aparılan mübarizə də xüsusi aktuallıq kəsb edir. Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilmiş hücumlar, eləcə də müharibə və insanlıq əleyhinə cinayətlərlə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması bu gün də prioritet məsələlərdən biri olaraq qalır.

Bəs, mövcud vəziyyətdə bu istiqamətdə hansı yeni yanaşmalar və strategiyaların tətbiqinə ehtiyac var?

Yaranmış sualları Moderator.az istiqlalçı millət vəkili Vahid Əhmədova ünvanladı.

Vahid Əhmədov qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda informasiya müharibəsi sahəsində ciddi irəliləyişlər müşahidə olundu:

 "İstər dünya, istər regional, istərsə də Ermənistan mətbuatında Azərbaycanın mövqeyi daha geniş şəkildə işıqlandırıldı və ölkənin ərazi bütövlüyü faktı beynəlxalq səviyyədə daha çox qəbul olunmağa başladı.
Bu dövr həm də göstərdi ki, informasiya müharibəsi müasir dövrdə hərbi və siyasi proseslərin ayrılmaz hissəsinə çevrilib.

Xüsusilə 2022-ci ildən etibarən dünyada baş verən Rusiya–Ukrayna, ABŞ–İran və digər gərginliklər fonunda informasiya savaşının miqyası daha da genişlənib. Bu prosesdə “feyk xəbərlər” və dezinformasiya əsas alətlərdən birinə çevrilib və onların müəyyənləşdirilməsi getdikcə daha çətinləşir.

Buna baxmayaraq, Azərbaycanda bu sahəyə diqqətin artdığı və müəyyən institusional addımların atıldığı müşahidə olunur. Lakin informasiya müharibəsi daim inkişaf edən bir sahədir və burada arxayınlaşmaq doğru deyil. Azərbaycan–Ermənistan münasibətlərinin gələcək inkişafı da bu kontekstdə mühüm əhəmiyyət daşıyır".

İstiqlalçı millət vəkili  vurğuladı ki, münasibətlərin sabit və müsbət istiqamətdə davam etməsi regionun ümumi təhlükəsizliyi və inkişafı üçün vacibdir:

"Tarixi mərhələlərə baxdıqda isə Azərbaycan müxtəlif dövrlərdə mürəkkəb proseslərdən keçib. Ermənistan tərəfindən azərbaycanlılara qarşı müxtəlif dövrlərdə — 1905 —1907, 1918–1920-ci illərdə, 1948–1953-cü illərdə, eləcə də 1988–1990-cı illərdə və sonrakı illərdə sistemli şəkildə zorakılıqlar və etnik təmizləmə siyasəti həyata keçirilib".

Sonda Vahid Əhmədov bildirdi ki, ən mühüm məqam ondan ibarətdir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan öz qəti mövqeyini ortaya qoydu və beynəlxalq hüquqa əsaslanan ədaləti bərpa etdi:

"Təbii ki, bu qələbə böyük itkilər — şəhidlər hesabına başa gəldi. Bu prosesdə Azərbaycan böyük itkilər verdi, şəhidlər və qazilər oldu. Onların fədakarlığı Azərbaycan tarixində xüsusi yer tutur və daim ehtiramla anılır.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayırıq. Azərbaycan bu gün qalib dövlətdir. Təxminən iki əsr ərzində itirilmiş torpaqlar ilk dəfə olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edildi və ölkənin ərazi bütövlüyü bərpa olundu.

Bu baxımdan Azərbaycan həm real döyüş meydanında, həm də qlobal informasiya məkanında öz mövqeyini qoruyur və gücləndirir.

Lakin etiraf etmək lazımdır ki, Ermənistanın uzun illər formalaşdırdığı lobbiçilik şəbəkəsi informasiya sahədə müəyyən üstünlüklər yaradır.
Eyni zamanda Azərbaycanda da lobbiçilik və informasiya fəaliyyəti yeni mərhələyə qədəm qoyur və bu istiqamətin daha da genişləndirilməsinə ciddi ehtiyac var.

Xüsusilə xaricdə yaşayan soydaşlarımızın və diplomatik nümayəndəliklərimizin bu prosesdə daha aktiv iştirak etməsi vacibdir.
Onlar Azərbaycanın haqq səsinin beynəlxalq mətbuata daha geniş şəkildə çatdırılması üçün daha sistemli fəaliyyət göstərməlidirlər.

Ümumilikdə, Azərbaycanda informasiya siyasəti sahəsində müəyyən irəliləyişlər olsa da, bu istiqamətdə ardıcıl və sistemli fəaliyyətə ehtiyac qalmaqdadır".

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər