“Bütün hallarda Macar açıq-aşkar Avrop İttifaqının siyasətinə qarşı çıxış edən Orbandan nə iləsə fərqlənməlidir... Əks təqdirdə Macarıstanın başının üstün qara buludlar ala bilər...”
“Yeni seçilən macar liderin özünü Atillanın nəslindən hesab edib-etmədiyi, Türk Dövlətləri Təşkilatının işinə qatılıb-qatılmayacağı və həmin quruma hansı töhfələri verəcəyi hələ məlum deyil..."
"Maraqlıdır ki, Macarıstandakı seçkilərdə qalib gəlmiş müxalifətdəki “Tisza” Partiyasının lideri Peter Macar da vaxtilə hazırkı baş nazir Viktor Orbanın partiyasının üzvü olub. Özü də onlar yaxın dost olublar, bir-birlərinin evinə gedib-gəliblər. Siyasi baxışları etibarilə də yaxındırlar. Düzdür, Macar bəyan edib ki, o, Avropa yönümlü siyasət yürüdəcək və Rusiya ilə məsafə saxlayacaq. Bununla belə, onun siyasi dəsti-xətti hələki tam aydın deyil. Bu, o, baş nazir postuna gəlib real fəaliyyətə başladıqdan sonra aydın olacaq. O deyir ki, macar xalqının maraqları üçün istənilən siyasi rejimlə əməkdaşlığa gedə bilər.”
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az-a açıqlamasında “Macarıstandakı son parlament seçkilərində qalib gəlmiş "Tisza" partiyasının lideri Peter Macarın hazırkı baş nazir Viktor Orbandan fərqli olaraq Avropa İttifaqının inkişafı üçün hansısa müsbət töhfə verəcəyi perspektivi görünürmü?” sualını cavablandırarkən səsləndirib.
“Bir sözlə, Macar hələ ki hakim siyasi meydanda tanınmayan, loru dildə desək, adamın gözü su içməyən bir şəxsdir. Odur ki, onun Avropa İttifaqının gələcəyinə müsbət töhfə verib-verməyəcəyini söyləmək çətindir. Hələlik məndə müəyyən şübhələr var. Həm də ona görə ki, bu Orban elə bir dələduz, öz şəxsi maraqları üçün hər şeyə hazır bir adam olduğundan açığı, mən gözləyirdim ki, o, bu gecəki məğlubiyyətindən xeyli pəjmürdə olacaq, üstünə təcili yardım çağıracaqlar. Amma hər şey əksinə oldu və o, öz rəqibini, yəni Macarı qələbə münasibətilə gülümsəyərək təbrik etdi. Bu isə o deməkdir ki, Orban özünün xələfindən ötrü qətiyyən narahatlıq hissi keçirmir”,- deyə davamında politoloq diqqətə çatdırıb.
“Baxaq, görək, indi Macar işə başlayandan sonra ilk olaraq hansı ölkələrə səfər edəcək. Məsələn, bilirik ki, Orban Türk Dövlətləri Təşkilatının tədbirlərində fəal iştirak edirdi. Yeni seçilən macar liderin özünü Atillanın nəslindən hesab edib-etmədiyi, Türk Dövlətləri Təşkilatının işinə qatılıb-qatılmayacağı və həmin quruma hansı töhfələri verəcəyi hələ məlum deyil. Bir sözlə, Macarın fəaliyyətinə çox ehtiyatla yanaşılmasının tərəfdarıyam. O özünü sağ müxalifətçi hesab edir. Sağ müxalifətçi isə mlliyyətçi deməkdir. İndi görək o, milliyyətçi olacaq, yoxsa sol müxalifətçi kimi zəhmətkeş xalqın, fəhlə sinfinin, aşağı təbəqə insanlarının maraqlarına uyğun siyasət yürüdəcək. Bütün bunlar da hələ ki məlum deyil. Amma bütün hallarda Macar açıq-aşkar Avrop İttifaqının siyasətinə qarşı çıxış edən Orbandan nə iləsə fərqlənməlidir. Yəni bu təşkilata öz sədaqətini nümayiş etdirməlidir. Mən güman edirəm ki, elə də olacaq. Əks təqdirdə Macarıstanın başının üstün qara buludlar ala bilər”, - siyasi şərhçi vurğulayıb.
“Yəqin ki, Macarıstanın növbəti liderinin Avropadakı yerini xeyli dərəcədə Rusiyanın Ukraynaya 5-ci ildir davam edən təcavüzünə münasibəti də müəyyən edəcək? Çünki bilirik ki, Orban son illər daim anti-Ukrayna mövqeyi tutub, işğalçı diktator Putinin yanında olub. O cümlədən Avropa İttifaqının Ukrayna üçün 90 milyard avroluq kredit vəsaitlərinin ayrılmasına veto qoyub...” fikrinə isə Qabil Hüseynli belə münasibət bildirib:
“Bəli, onsuz da Orbanın cəhdlərinə rəğmən Aİ Ukraynaya kredit verilməsi məsələsinin həllini tapdı. Bu günlərdə Macarıstanın iştirakı olmadan fərqli bir formula üzrə sammit keçirildi və həmin 90 milyard avronun Ukraynaya iki il ərzində faizsiz ödənilməsi barədə qərar verildi. Ancaq, ümumiyyətlə, yeni formalaşacaq Magyar hakimiyyəti dövründə Macarıstanın Ukraynada Rusiyanın apardığı təcavüzkar müharibəyə yanaşması da onun gələcəyində önəmli rol oynayacaq. Və hazırda Avropada əsasən Macarıstan və Slovakiya Rusiyayönlü siyasət yürüdür. Əgər Macar da Moskva və Kiyevə münasibətdə Orban kimi siyasət yürütsə, hesab edirəm ki, Macarıstan Aİ üzvlüyündən kənarlaşdırılacaq...”
Sultan Laçın