Cəlil Xəlilov: “Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü dövlətimizin sülhə verdiyi önəmi göstərir”
“Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”.
Bu sözləri Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh mətninin paraflanması və bunun ardınca dövlətimizin atdığı addımlar Cənubi Qafqazda sülh mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, sülhün möhkəmlənməsi üçün yeni perspektivlər açıb:
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olmağında maraqlıdır və bugünə qədər olduğu kimi bundan sonra da sülh siyasətinə sadiq qalacaq. Ötən il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh mətninin paraflanması, habelə, bu hadisədən sonra qarşılıqlı etimadın güclənməsi üçün rəsmi Bakı tərəfindən görülən işlər sülh üçün əlavə zəmin formalaşdırıb, yeni perspektivlər açıb.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü bir daha dövlətimizin sülhə verdiyi önəmi göstərir.
Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında keçirilən görüş sübut etdi ki, ölkəmiz sülhün möhkəmlənməsi üçün öz səylərini uğurla davam etdirməkdədir. Həm Hikmət Hacıyevin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü, həm də Qəbələ şəhərində aparılan müzakirələr rəsmi Bakının sülh siyasətinə sadiqliyindən xəbər verir.
Qəbələ görüşü, eyni zamanda Ermənistanla iqtisadi münasibətlərin inkişafı ilə bağlı ortaya qoyulan səylər onu deməyə əsas verir ki, Azərbaycan sülhün inkişafı üçün əməli müstəvidə konkret addımlar atır, sülhün dərinləşməsi üçün praktiki şəkildə intensiv fəaliyyət ortaya qoyur.
Bununla yanaşı, ölkəmiz həm də Azərbaycan və Ermənistan cəmiyyətləri arasında uzun müddətdir ki, mövcud olan düşmənçilik münasibətlərinin ortadan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlər görür. Qəbələdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən müzakirələr də məhz bununla bağlıdır.
Bir sözlə, vətəndaş cəmiyyəti nümayəndələrinin Qəbələ görüşü Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanması istiqamətində irəliyə doğru atılan mühüm addımdır. Gələcəkdə oxşar məzmunlu görüşlərin keçirilməsi xalqlar arasında qarşılıqlı inam və etimadı əhəmiyyətli dərəcədə artıracaq ki, bu da etibarlı sülhün formalaşması, regionda uzunmüddətli əmin-amanlığın bərqərar olması üçün vacibdir. Həmçinin, hesab edirəm ki, gələcəkdə bu qəbildən keçirilən görüşlərdə yaşlı nəslin nümayəndələrinin, habelə, veteran təşkilatlarının təmsilçilərinin də iştirakı arzuedilən olardı”.
Seymur ƏLİYEV