ABŞ-la İran arasında əldə edilən iki həftəlik atəşkəs razılaşması böyük sülh üçün böyük ümidlər yaratmaqda, regionun gələcəyinə daha nikbin baxmağa əsas verməkdədir. Bununla yanaşı, atəşkəs razılaşması “müharibənin qalibi kim oldu” sualını aktuallaşdırıb ki, bu da bütün dünyada ciddi müzakirə mövzusuna çevrilib.
Münaqişə tərəflərin hər biri özünü bu müharibənin qalibi kimi təqdim etməkdə, öz iddialarını müxtəlif arqumentlərlə isbatlamağa çalışmaqdadır. Bu məsələdə ABŞ-ın müdafiə naziri Pit Heqset xüsusi fəallıq sərgiləyir. Pit Heqset iddia edir ki, “ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib”.
Aydındır ki, Pit Heqsetin bu iddiası həqiqətdən uzaqdır və reallığın açıq şəkildə təhrif edilməsi deməkdir. Çünki ABŞ-ın əsas qüvvələrini İranla müharibəyə cəlb etdiyi, lakin buna baxmayaraq, rəsmi Tehranın və İran ordusunun müqavimətini qıra bilmədiyi hər kəsə məlumdur. Bu mübarizə bütün dünyanın gözü qarşısında reallaşıb və bu qarşıdurmanın şahidi bütün bəşəriyyətdir. Buna görə də Pit Heqsetin ABŞ-ı müharibənin qalibi kimi təqdim etməsi, habelə, ölkəsinin bu müharibəyə az qüvvə sərf etməsi ilə bağlı açıqlaması absurddur.
Pit Heqsetin məlum açıqlamasını təkzib edən amillərdən biri də Trampın dəfələrlə NATO-dakı müttəfiqlərindən yardım istəməsi, lakin onların heç birindən əməli dəstək almamasıdır. Əgər ABŞ Pit Heqsetin iddia etdiyi kimi, həqiqətən də müharibədə qalib gəlirdisə, üstəlik, bu qələbəni az bir qüvvə ilə təmin edirdisə, o zaman Ağ Ev məntiqlə müttəfiqlərindən yardım istəməməli idi. Necə ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəni təkbaşına təmin etdi və Ermənistandan fərqli olaraq, heç bir dövlətdən yardım istəmədi. Lakin Trampın müttəfiqlərə yönəlik çağırışları sübut edir ki, İranla müharibədə vəziyyət heç də Heqsetin iddia etdiyi qədər ürəkaçan olmayıb.
Bəs ortada bunca fakt varkən Heqsetin az qala and-amanla ABŞ-ı müharibənin qalibi kimi təqdim etməkdə məqsədi nədir?
Bunun əsas səbəbi Heqsetin tutduğu postla bağlıdır. Pit Heqset yaxşı başa düşür ki, müdafiə naziri kimi müharibənin aqibətinə cavabdehlik daşıyan bir nömrəli şəxs odur. Bu mənada ABŞ-ı müharibənin qalibi kimi təqdim etmək Heqsetin şəxsi nüfuzunu və vəzifəsini qoruması baxımından vacibdir.
Onu da qeyd edək ki, prezident Donald Tramp bir müddət bundan öncə məhz Heqseti müharibənin əsas təşəbbüskarı kimi təqdim etmiş, müharibəyə onun təkidi ilə başladığını vurğulamışdı. Bu isə o deməkdir, ABŞ-ın müharibədəki uğursuzluğu ilə bağlı istənilən fakt, istənilən iddia Heqseti başda Tramp olmaqla ABŞ ictimaiyyətinin hədəfinə çevirə bilər. Məhz öz şəxsi kariyerasını qoruyub saxlamaq, mümkün cəzadan yaxa qurtarmaq üçün Heqset müdafiə nazirindən çox diplomat kimi fəaliyyət göstərməkdə, ABŞ-ı müharibənin qalibi kimi təqdim etməkdədir.
Və ən nəhayət, Heqsetin israrla ABŞ-ı qalib tərəf kimi təqdim etməsi faktının özü Ağ Evin qələbəsinin kifayət qədər yarımçıq və mübahisəli olduğundan xəbər verir. Əgər belə olmasaydı, o zaman bu qələbənin and-amana möhtac qalmasına ehtiyac qalmazdı. Çünki əsl qələbə sözüsüz, andsız-amansız, təqdimatsız da görünr və qəbul edilir. Azərbaycanın 2020-ci ildə əldə etdiyi 8 Noyabr zəfəri kimi...
Seymur ƏLİYEV