10 nəfərlik iş 3 nəfərə düşə bilər: AI kimləri işsiz qoyur?
Ekskluziv
725
21:32, Bu gün

10 nəfərlik iş 3 nəfərə düşə bilər: AI kimləri işsiz qoyur?

Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı qlobal əmək bazarında ciddi struktur dəyişikliklərini gündəmə gətirib. Bu dəyişikliklər fonunda həm iş yerlərinin gələcəyi, həm də insan kapitalının rolu ilə bağlı müxtəlif yanaşmalar formalaşır.

Bu zaman belə bir sual yaranır: Süni intellekt texnologiyalarının sürətli inkişafını nəzərə alsaq, yaxın illərdə hansı peşələrin və iş funksiyalarının avtomatlaşdırılması daha real görünür və bu proses ümumilikdə əmək bazarında daha çox ixtisarlar yaradacaq, yoxsa yeni texnoloji ixtisasların formalaşmasına gətirib çıxaracaq?

Moderator.az-ın sualına İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə və İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev aydınlıq gətirdilər.

İlkin Mirzəzadə qeyd etdi ki, süni intellekt iş dünyasına daxil olduqdan sonra bu sahədə ciddi narahatlıqlar yaranmağa başladı:

"Bir çoxları hesab edirdi ki, süni intellekt insanları tam şəkildə əvəz edəcək və gələcəkdə insan əməyinə ehtiyac qalmayacaq. Lakin müşahidə olunan tendensiyalar göstərir ki, bu yanaşma tam doğru deyil. Əslində süni intellekt insanı əvəz etməkdən daha çox onun işini asanlaşdırır, prosesləri sürətləndirir və ümumi məhsuldarlığı artırır.

Zaman keçdikcə əmək bazarının tələbləri də dəyişməyə başlayıb. Əgər əvvəllər, məsələn, 20 il öncə sadəcə ofis proqramlarını bilmək kifayət edirdisə, bu gün artıq süni intellektlə işləmə bacarığı, analitik düşüncə, sürətli qərarvermə və texnologiyalara uyğunlaşma qabiliyyəti əsas üstünlüklər hesab olunur".

Konsultant bildirdi ki, işçi profilinə qoyulan tələblər daha kompleks və çoxşaxəli xarakter alıb:

"Eyni zamanda, süni intellektin inkişafı bəzi iş yerlərinin sayının azalmasına da səbəb ola bilər. Məsələn, əvvəllər 10 nəfərin gördüyü işi gələcəkdə 3-4 nəfər yerinə yetirə bilər. Bu isə o deməkdir ki, daha az sayda, amma daha ixtisaslı və çoxfunksiyalı əməkdaşlara ehtiyac yaranacaq. Xüsusilə avtomatlaşdırılması mümkün olan işlər süni intellekt tərəfindən daha rahat icra olunacaq. Digər tərəfdən, bu proses yeni imkanlar da yaradır.

Yeni ixtisaslar formalaşır, mövcud peşələr isə transformasiyaya uğrayır. İnsanlardan artıq yalnız bir sahə üzrə deyil, əlavə bacarıqlara sahib olmaq tələb olunur. Bu da “yan bacarıqlar” anlayışını ön plana çıxarır.

Gələcəkdə əmək bazarını şərti olaraq üç əsas qrupa bölmək olar: süni intellektdən istifadə edə bilməyənlər, süni intellekti yaradanlar və süni intellektlə işləməyi bacaranlar. Birinci qrup üçün risklər daha yüksəkdir, çünki onlar rəqabətdə geri qala bilərlər. İkinci qrup — yəni texnologiyanı yaradanlar — daha çox tələb görəcək. Üçüncü qrup isə özünü inkişaf etdirdiyi təqdirdə əmək bazarında mövqeyini qoruyub saxlaya və daha da irəli gedə bilər.

Nəticə etibarilə, əsas məsələ süni intellektin insanı əvəz edib-etməyəcəyi deyil. Əsas sual ondan ibarətdir ki, insan bu texnologiya ilə necə işləməyi bacaracaq və dəyişən şərtlərə nə dərəcədə uyğunlaşa biləcək".

Texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyevin fikrincə isə, süni intellekt, avtomatlaşdırma və robot texnologiyaları artıq nəzəri müzakirə mövzusu deyil, real iqtisadi və sosial dəyişikliklərin əsas hərəkətverici qüvvəsinə çevrilib:

"Birincisi, rutin və qaydaya əsaslanan işlərin sürətlə avtomatlaşdırılmasıdır. Mühasibat uçotu, məlumatların daxil edilməsi, çağrı mərkəzləri və sadə analitik proseslərdə insan əməyinə ehtiyac kəskin azalacağı gözlənilir. 

İkincisi, “insan + AI” modeli geniş yayılacaq. Yəni iş yerləri tam yox olmaqdan çox, məzmun baxımından dəyişəcək. İşçilər AI alətlərindən istifadə edən operatorlara və qərarvericilərə çevriləcəklər.

Üçüncüsü, çevik məşğulluq formaları (remote work, frilans, layihə əsaslı işlər) daha da güclənəcək. Şirkətlər daimi ştat yerinə AI ilə dəstəklənən kiçik komandaları üstün tutacaqlar.

Dördüncüsü, əmək bazarında bərabərsizlik arta bilər".

Mühəndis-tədqiqatçı əlavə etdi ki, texnologiyaya çıxışı və rəqəmsal bacarıqları olanlar üstün mövqedə olacaq, digərləri isə geridə qala bilər:

"Süni intellektin təsiri təkcə aşağı ixtisaslı işlərlə məhdudlaşmır. Daha yüksək risk altında olan peşələri sadalamaq olar. Məsələn, çağrı mərkəzi operatorları və müştəri dəstəyi, mühasibat və standart maliyyə analitikləri, hüquq işçiləri, jurnalistikada xəbər xülasəsi və standart mətn yazanlar, rutin proqramlaşdırma və test işi görən junior IT mütəxəssislər, yüksək ixtisaslı, lakin yalnız bir sahəyə fokuslanan mütəxəssislər risk altına düşə bilər. 

Məsələn, yalnız kod yazan proqramçı, yalnız diaqnoz şablonlarına əsaslanan həkim və ya yalnız standart dizayn hazırlayan qrafik dizayner AI ilə əvəz oluna bilər. Amma aşağıdakı bacarıqlara sahib olan mütəxəssislər üçün risk deyil, əksinə üstünlük yaranır. 

Analitik və sistemli düşünmə, etik qərarvermə və məsuliyyət daşıyan rollar, yaradıcılıq, kontekst anlama və insan psixologiyası, AI-ni idarə, yönləndirən və nəzarətdə saxlayan bacarıqlar, multidissiplinar bilik (texnologiya + hüquq, texnologiya + təhsil, texnologiya + səhiyyə). 

Problem cəmiyyətin bu transformasiyaya nə dərəcədə hazır olmasıdır. Fikrimcə qazananlar AI-dən qorxanlar yox, onu anlayan və onunla işləməyi bacaranlar olacaq".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər