Sözdən əmələ, nəzəriyyədən praqmatizmə uzanan yol...
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair "X" platformasında paylaşım edib. Hikmət Hacıyev paylaşımında Azərbaycanın sülh siyasəti ilə bağlı dəyişməz mövqeyinə toxunub, bu istiqamətdə görülən işlərə diqqət çəkib:
“Biz Vaşinqton gündəliyinə tam sadiqik. Bu sadiqlik sadəcə bəyanat xarakterli deyil və kağız üzərində qalmır. Əksinə, sülh gündəliyini gücləndirmək üçün konkret və praqmatik addımlar atılır. Bu addımlar sırasında ikitərəfli ticarətin inkişafı, Azərbaycan üzərindən Ermənistana tranzit daşımaların həyata keçirilməsi və insanlararası əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu təşəbbüslər sülhün iqtisadi dividendlərinin formalaşmasına xidmət edir”.
Göründüyü kimi, Hikmət Hacıyev Azərbaycan üçün sülh məfhumunun sadəcə sözdən ibarət olmadığını, bu məfhumu gündəlik yaşamın bir hissəsinə çevirmək üçün dövlətimizin praktiki müstəvidə sistemli iş apardığını bildirib. Vaşinqton görüşündən sonra ötən qısa zaman ərzində iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına, Azərbayan üzərindən Ermənistana edilən tranzit daşımalarına diqqət çəkən Hikmət Hacıyev, bunu sülhün praktiki müstəvidəki təcəssümü kimi dəyərləndirib.
Prezidentin köməkçisi çıxışında bir nüansı – Azərbaycanla Ermənistan arasındakı insanlararası əlaqələrin genişləndirilməsini də xüsusi vurğulayır. Hansı ki, bu amil, sülh üçün yuxarıda qeyd edilən digər amillərdən daha mühüm önəm kəsb edir. Çünki bütün münasibətlərin nüvəsində insan amili dayanır və münasibətlərin istər mövcud, istərsə də gələcək inkişafını məhz bu amil müəyyənləşdirir. Buna görə də insanlararası münasibətlərin inkişafı bütün digər müstəvilərdə münasibətlərin inkişafına təkan vermək deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu missiyanın öhdəsindən uğurla gəldiyi göz önündədir. Qəbələdə “Sülh körpüsü” təşəbbüsünün iştiakçıları ilə keçirilən görüş bunun ən bariz nümunəsidir.
Hikmət Hacıyev paylaşımında müharibə və münaqişələrdən əziyyət çəkən müasir dünyamızda Azərbaycanla Ermənistan arasındakı sülhün ikiqat əhəmiyyət kəsb etdiyini qeyd edib:
“Qlobal proseslərin—Üçüncü Dünya müharibəsi ilə müqayisə edilən tendensiyaların və Yaxın Şərqdə davam edən vəziyyətin fonunda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əhəmiyyəti daha da artır”.
Hikmət Hacıyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidəki gərginliklər və qarşıdurmalar fonunda Cənubi Qafqazda etbarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud əmin-amanlığın qorunub saxlanılması, qarşılıqlı inam və etimadın zamanla daha da dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh həm də inkişaf və tərəqqi deməkdir. Sülhün olmadığı heç bir yerdə tərəqqi mövcud deyil. Bu baxımdan inkişafı təmin etmək, tərəqqiyə nail olmaq üçün sülhün qorunması, inkişaf etdirilməsi olduqca vacibdir.
Prezidentin köməkçisi paylaşımında Ermənistanda revanşist qüvvələrin mövcudluğuna da diqqət çəkib və bunu sülh üçün təhlükə kimi dəyərləndirib:
“Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə—1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olduğu kimi—sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq”.
Sitatdan da göründüyü kimi, Hikmət Hacıyev revanşist qüvvələrin sülh üçün kəsb etdiyi riskə toxunmaqla yanaşı, Ermənistan cəmiyyətinin sülhə can atdığını vurğulayır və qeyd edir ki, məhz bu amil – Ermənistan cəmiyyətinin sülh arzusu revanşistlərin uğursuzluğa düçar olacağını dşünməyə əsas verir. Başqa sözlə desək, Hikmət Hacıyev revanşist qüvvələr qarşısındakı ən böyük maneənin Ermənistan cəmiyyəti, bu cəmiyyətin sülh arzusu olduğunu diqqətə çatdırır, sülhün qalib gələcəyinə inamını ifadə edir.
Bir sözlə, Hikmət Hacıyev öz paylaşımında ifadə etdiyi fikirlərlə bir daha “sülhün Azərbaycan modelinə”diqqət çəkir, bu modelin praktikliyinə toxunur.
Xatırladaq ki, kifayət qədər sadə və bir o qədər də effektiv olan bu modelin əsasında isə üç prinsip dayanır: siyasi iradə, cəsarət və sadiqlik! Hansı ki, bu prinsip Prezident İlham Əliyev tərəfindən 12 mart 2026-cı il tarixində Bakıda, “Gülüstan” sarayında “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dövlət başçısı tərəfindən dilə gətirilib, dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu üç prinsipə əməl etməklə “sülhün Azərbaycan modeli”ni münaqişə və qarşıdurmalardan əziyyət çəkən dünyamızın istənilən bölgəsində tətbiq etmək, bu bölgələrə yenidən dinclik və firavanlıq bəxş etmək mümkündür.
Seymur ƏLİYEV