“Amma yersiz olaraq qələbədən danışmaq əvəzinə, İslamabad danışıqlarından da yararlanaraq var gücləri ilə 93 milyonluq ölkəyə qarşı bu dağıdıcı prosesi dayandırmağa çalışmalıdır...”
“Doğrusu, bu gün İslamabadda gecən danışıqların da nəticəsindən asılı olmayaraq mən heç deyilən müddətdə də İran və Amerika arasında atəşkəsin saxlanacağına inanmıram. Çünki görürük ki, həm İranda, həm İsraildə, həm də ABŞ-da tərəflər dərhal özlərini qalib elan etdilər. Bu da onu göstərir ki, heç kəs öz mövqeyindən geri durmaq fikrində deyil.
İkincisi, o da göz qabağındadır ki, hərbi əməliyyatlar davam etdikcə İran iqtisadiyyat, xüsusən də sosial infrastruktur baxımından daha çox ağır zərbələr alır. İqtisadiyyatın əsasını təşkil edən sahələr, məsələn, İsfahanda dəmirəritmə kombinatı, alüminium istehsalı müəssisəsi və s. zərər görüb. Belə iri obyektlərin bərpası olmadan iqtisadiyyatın qısa müddətdə bərpası çox çətin məsələdir. Bu gün ölkədə insanlar ən zəruri gündəlik tələbat malları, içməli su, qaz, işıq, səhiyyə və digər sahələrdə böyük çətinliklərlə üzləşirlər.”
Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.
“İsrail və ABŞ-ın da məqsdlərindən biri ondan ibarətdir ki, İranın iqtisadi və texnoloji baxımdan gələcəkdə ballistik raket istehsalı və nüvə proqramlarını bərpa etmək üçün heç bir imkanı qalmasın... Təəssüflər olsun ki, özünü “İranın dostları” adlandıranlar da bu ölkənin düşmənləri üçün də zəif nöqtələr formalaşdırırlar, bəhanə yaradırlar”, -deyə davamında həmsöhbətimiz bildirib.
“O da bəllidir ki, İranın hava hücumundan müdafiə sistemi tamamilə çöküb. Bu da İsrail və ABŞ-a istənilən iqtisadi mərkəzinə dağıtmağa real imkan yaradır. Bir sözlə, bütün mənalarda İran tərəfindən bu savaşın davam etdirilməsi məntiqsizdir. Hər iki tərəfdə itkilər var və nəticədə insanlar əziyyət çəkir. Amma daha çox ABŞ və İsrail yox, İran xalqı əziyyət çəkir. Ona görə də İran rəhbərliyi və diplomatları yersiz olaraq qələbədən danışmaq əvəzinə, İslamabad danışıqlarından da yararlanaraq var gücləri ilə 93 milyonluq ölkəyə qarşı bu dağıdıcı prosesi dayandırmağa çalışmalıdır. Təəssüf ki, Tehrandakı hərbi-siyasi rəhbərliyin ambisiyalarının onların bu prosesi dayandırmağa imkan verəcəyinə də inanmaq olmur. Bəlkə də İran rəhbərliyi xaricdən kiminsə sifarişini yerinə yetirir və bu səbəbdən müharibənin davam etməsində maraqlıdır. Odur ki, onlar həm hərbi əməliyyatlar, həm də atəşkəs zamanı sadə vətəndaşlarda hər vasitə ilə qələbə, üstünlük görüntüsü yaratmağa çalışırlar”, -deyə sabiq baş diplomat vurğulayıb.
Sultan Laçın