İspaniyanın Baş naziri Pedro Sançes Avropa ordusunun yaradılması çağırışı ilə çıxış edib. O, bildirib ki, Avropa ordusu mümkün qədər qısa zamanda formalaşdırılmalı, bu məsələ heç bir halda təxirə salınmamalıdır:
“Biz vahid Avropa ordusunun yaradılması istiqamətində mümkün qədər tez irəliləyişə hazırıq. 10 il və ya 2 il sonra yox, elə indi. Ən geci sabahdan etibarən”.
Məlumat üçün qeyd edək ki, Avropa Ordusunun yaradılması ideysı son illər tez-tez gündəmə gəlsə də, heç vaxt indiki qədər populyarlıq qazanmayıb. Məlum ideyanın məhz indiki hərbi-siyasi reallıqlar fonunda aktuallaşmasının isə iki səbəbi mövcuddur. Bunlardan biri Rusiyanın Ukraynaya yönəlik təcavüzünün illərdir davam etməsi və heç cür yekunlaşmaması, digəri isə ABŞ-ın NATO-dan çıxa biləcəyi ilə bağlı bəyanatlarıdır.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zərçivəsində ABŞ dəfələrlə öz tarixi müttəfiqi olan Qərb ölkələrini onları yarı yolda qoymaq, Rusiya təhlükəsi ilə baş-başa buraxmaqla hədələdi ki, bu da Qərbdə Avropa ordusu ideyasının daha da genişlənməsinə səbəb oldu. Bu gün Qərbdə daha çox insan başa düşür ki, artıq ABŞ-ın təhlükəsizlik çətirinə sığınmaq Avropa üçün təhlükəlidir və bu, illüzuyadan başqa bir şey olmaya bilər. Buna görə də Qərbdə əksər liderlər Avropa ordusu ideyasını dəstəkləməyə başlayıb.
Trampın son bir neçə ayda ölkəsini NATO-dan çıxara biləcəyi ilə bağlı bəyanatları da Qərbdə vahid ordu formalaşdırmağın nə qədər vacib olduğunu gündəmə gətirib. Avropa bir kəs daha başa düşür ki, Qərbi hər hansı təhlükədən hifz edə biləcək qüvvə Qərbin özüdür və bu məsələdə digər müttəfiqlərin yardımına ümid bəsləmək olmaz.
Bu baxımdan, yaxın gələcəkdə dünyada Avropa ordusunun timsalında yeni hərbi-siyasi gücün meydana çıxması tamamilə realı görünür. Və əgər bu baş verərsə, o zaman NATO öz ilkin cazibəsini həmişəlik itirə, Avropa üçün gərəksiz bir quruma çevrilə bilər. Avropa ordusuna sahib Qərb ölkələrinin NATO-da qalması heç bir maraq kəsb etməyəcək ki, bu da ABŞ-ın Rusiya, Çin və digər dünya güclərinə qarşı mübarizədə tamamilə tək qalmsı deməkdir. Bu isə ABŞ üçün hər şeydən öncə mənəvi-ideoloji və psixoloji baxımdan ağır məğlubiyyət, ciddi tənəzzül deməkdir.
Seymur ƏLİYEV