“Doğum günümü evdə, ailəmlə, rəfiqələrimlə birlikdə qeyd edəcəm. İstirahətdən yeni gəlmişəm, burada yox idim. 60 illik rəfiqələrim var. Adam həqiqətən də bu rəqəmi deməyə qorxur. Birinci sinifdən bu günə qədər birlikdə oxumuşuq, dostluq edirik. Onlarla, qızımla, qudamla yığışıb doğum günümü qeyd edəcəyik. İlk təbriki Londondakı qızımdan, sonra xaricdə yaşayan oğlumdan aldım. Qızım Fidan da məni ilk təbrik edənlərdən oldu. Övladlarımdan çox razıyam. Ətrafımda az adam var, amma yanımda olanlar uzun illərin sınağından çıxıblar. Allahdan özümə arzum budur ki, sağlam olum, övladlarımın xoş günlərini görüm, heç kimə möhtac olmayım. Xoşbəxt insanam. Nəvəm də var, nəticəm də. Bir-iki aya ikinci nəticəm dünyaya gələcək”
Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar, sevilən mahnıların müəllifi Sədaqət Arifqızı deyib. O daha sonra yaradıcılıqla müntəzəm olaraq məşğul olmadığını bildirib. Bunun da səbəbi var:

“Demək olar ki, yaradıcılıqla məşğul olmuram. Çünki yazdıqlarım əlimdə qaldı. Arada “dəb”-də olan, mənasız, notsuz mahnılar gündəmə gəldi.. Həmin mahnıları da müğənniciklər ifa edirdilər. Onlarla da mənim yaradıcılığım uyğun gələ bilməzdi. Onlarla işbirliyi qursaydım ən azından Bakı Musiqi Akademiyasındakı tələbələrimdən utanardım. Heç onlar da mənim mahnılarımı bəyənməyiblər. Mən heç onlara təklif də etməmişdim. İndi də ağlım yerimdədir, yaza bilərəm. Yazdıqlarım da var.
Televiziya verilişlərində dəyişiklik var, çox şükür. Səviyyəli mahnılar ifa olunur. Bəlkə də gələcəyinə kimləsə işbirliyim oldu. Hələ ki, köhnə mahnılarımdır. Onlar da demək olar ki, çox az ifa olunur” deyə bəstəkar bildirib.
Qeyd edək ki, Sədaqət Arifqızı 1968-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi məktəbini, 1973-1978-ci illərdə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano” ixtisasını bitirib. O Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim (1980-2000), 2000-ci ildən bu günə qədər isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Ümumi “Fortepiano” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. 2005-ci ildə bəstəkar kimi R.Behbudov adına Mahnı teatrında, 2009-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında müəllif konsertləri keçirilib.
