Uşağlığı 90-cı illərə təsadüfən edən şəxslər onu yaxşı tanıyır. Söhbət hər bir azyaşlının sevimlisi olan məşhur sehrbaz, illüzionist Tofiq əmidən gedir. Yəni Tofiq İsgəndərlidən. Onun səhnədə etdiyi fokus sadəcə bir bir oyun deyil, həm də sənətinə olan sevginin göstəricisidir.
Moderator.az-a açıqlama verən sehrbaz Tofiq İsgəndərli özünün hazırladığı bir neçə fokusuna patent aldığını bildirib:
“1985-ci ildən rəsmi illüzionosit kimi peşəkar səhnədəyəm, Mənim özümün 6 patent almış nömrəm var. Dövlətin verdiyi şəhadətnamə var ki, bu nömrənin müəllifi bu insandır. Bu kəşf deyil, böyük ixtira da deyil. Sadəcə bu sahədə yeni bir nömrədir. Daha doğrusu effektdir. Başqa bir nəfər bu nömrəni götürüb, orada balaca bir dəyişiklik etməklə bu mənim müəlliflik hüququmdan çıxa bilər. Ona görə mən çalışmışam və xahiş etmişəm ki, bunun sirrini gizli saxlayın. Patent aldığım yerdən dedilər ki, bu bomba deyil, raket deyil ki, bunu gizli saxlayım. Dedilər ki, buranın qayda-qanunu var. Pul ödəyirsən, rüsum ödəyirsən, 10 il qüvvədə qalır. 10 il sonra bunu istənilən adam götürüb istifadə edə bilər. Əlbəttə ki, 10 il sonra da bunu kimsə götürüb istifadə edirsə, əgər o adam özünə hörmət edirsə, bunun icazəsini almalıdır” deyə aktyor bildirib.
Tofiq İsgəndərli deyir ki, fokuslarının ideyasını xarici ölkədə olan sehrbaz həmkarlarına satıb:
“Mənim bir illüziyam var. Adam 3 yerə bölünür. Fərqli bir varinatdır. Mən onun çertyojunu xaricə satmışam. Sonra mənim bir sehrim var, onun rekvizitini düzəldib satmışam. Düzdür bir az ağır idi, çətin olub ora göndərmək. İzləyirlər, feysbukda. Biri yazıb ki, bunu necə göstərmək olar? Mən ona quruluş vermişəm, izah etmişəm. O danışdığımız qiymətdən də əlavə mənə pul verib. Bu işlərin hamısı pul müqabilində olur. Heç bir illüzionist, fokusçu heç kimə pulsuz heç nə hədiyyə etmir. İranda Tora adlı bir nəfər var. O məhz belə şeylər düzəldib satır. O gəlib məndən bir sehrimi istədi. Dedim yaxşı razılaşarıq. Dedi istəyirsən bunu ver mənə, müqavilə bağlayaq, mən nə qədər satsam onun müəyyən faizini sənə ödəyim. Fikirləşdim ki, bu mənə hesabat verməyəcək ki, 10 dənə satdım yaxud da 5 dənə satdım. Dedim nəğd ver. Nəğd qiymətə də o razılaşmadı. Ona görə satmadım. Yaxşı ki, satmadım. O elə bir fokusdur ki, dünyada məndən başqa heç kim göstərmir” deyə aktyor bildirib.