Son günlər normadan artıq yağıntılar paytaxt və regionlarda kanalizasiya xətlərinin yüklənməsinə və çirkli suların yaşayış ərazilərinə, obyektlərə və təsərrüfatlara dolmasına səbəb olub.
Maraqlıdır, çirkli sular insan sağlamlığı üçün hansı konkret təhlükələri daşıyır və hansı yoluxucu xəstəliklərin yayılma riski artır?
Moderator.az yaranan sualı Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq və tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudova ünvanladı.

Rəşid Mahmudov bildirdi ki, günlərdir yağıntıdan əziyyət çəkən insanların həyatını iflic edən çirkli sular viruslar, bakteriyalar, parazitlər və digər patogen mikroorqanizmlər daşıyır:
"Yağış və kanalizasiya sularının qarışması nəticəsində yaranan bu mühit xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif insanlar üçün yoluxucu xəstəliklərin – Hepatit A, dizenteriya, Xolera, Salmonellyoz, müxtəlif parazitar və dəri xəstəliklərinin yayılması üçün münbit şərait yaradır.
Onların açıq mühitə çıxması insanlarla təmasda ciddi yoluxma riskini artırır. Çirkli sular torpaq, hava və məişət əşyaları vasitəsilə yayıla bilər və bunun nəticəsində bağırsaq infeksiyalarından tutmuş dəri xəstəliklərinə, allergik reaksiyalardan tənəffüs yolu problemlərinə qədər geniş spektrdə xəstəliklər yarana bilər.
Bu suların aradan qaldırılması operativ şəkildə həll olunmasa, yaranmış vəziyyət yalnız lokal narahatlıq kimi qalmayacaq, potensial olaraq genişmiqyaslı sanitar-epidemioloji risklər doğura bilər".
Pərvin Şakirqızı