Son illərdə uşaqların texnologiya ilə təması kəskin artıb. Planşetlər, smartfonlar və kompüter oyunları onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ekran qarşısında keçirdikləri vaxtın çoxluğu, xüsusilə onlayn və kompüter oyunlarının intensiv istifadəsi, diqqət dağınıqlığı, davranış pozuntuları və emosional tarazlığın pozulması kimi problemləri gündəmə gətirir.
Uşaqların sosial bacarıqlarının zəifləməsi, real həyatda ünsiyyət qurma çətinliyi və ekran oyunlarına bağımlılıq hallarının artması valideynlər və mütəxəssislər üçün ciddi narahatlıq mənbəyidir. Bu tendensiya yalnız əyləncə kimi görünən texnologiyanın uşaqların inkişafına mənfi təsir göstərə biləcəyini ortaya qoyur.
Bəs, uşaqların ekran qarşısında keçirdiyi vaxtın çoxluğu, xüsusilə kompüter və onlayn oyunların intensiv istifadəsi onların diqqətini cəmləmək, davranış və emosional inkişafına hansı konkret təsirlərini göstərir?
Valideynlər və müəllimlər bu problemlərin qarşısını almaq və uşaqların sağlam inkişafını dəstəkləmək üçün hansı elmi əsaslı üsullardan və yanaşmalardan istifadə edə bilərlər?
Moderator.az-ın suallarını psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov cavablandırdı.

Elnur Rüstəmov bildirdi ki, uşaqların ekran qarşısında keçirdiyi vaxtın artması müasir dövrün ən ciddi psixososial çağırışlarından biridir:
"Xüsusilə kompüter və onlayn oyunların intensiv istifadəsi uşağın diqqət sisteminə, davranış tənzimlənməsinə və emosional inkişafına birbaşa təsir göstərir. Bu təsirlər yalnız qısa müddətli deyil, uzunmüddətli inkişaf trayektoriyasına da təsir edir. Diqqət baxımından, sürətli vizual stimullar və davamlı dəyişən oyun mühitləri uşağın beynini yüksək intensivlikli informasiyaya öyrədir.
Nəticədə real həyatdakı daha “yavaş” proseslər – dərs dinləmək, oxumaq, analiz etmək uşağa darıxdırıcı və çətin görünməyə başlayır. Bu isə diqqətin davamlılığının azalması, tez-tez yayındırılma və akademik performansın zəifləməsi ilə nəticələnir. Davranış aspektində, xüsusilə aqressiv kontentə malik oyunlar uşaqlarda impulsivlik və aqressiv reaksiyaların artmasına səbəb ola bilər. Uşaq real və virtual davranış sərhədlərini ayırmaqda çətinlik çəkir".
Psixoloq qeyd etdi ki, uzun müddət ekran qarşısında qalmaq sosial bacarıqların inkişafını da məhdudlaşdırır, çünki uşaq real ünsiyyət, empatiya və konflikt həll etmə təcrübəsini kifayət qədər yaşamır:
"Emosional inkişaf müstəvisində isə vəziyyət daha həssasdır. Ekran və oyunlar tez-tez “sürətli mükafat mexanizmi” üzərində qurulduğuna görə uşaq dərhal həzz almağa alışır. Bu isə səbr, gözləmə, emosional tənzimləmə kimi bacarıqların formalaşmasını zəiflədir.
Bundan əlavə, uzunmüddətli istifadə təkcə emosional asılılıq deyil, həm də narahatlıq, əsəbilik və hətta depressiv əlamətlərin artmasına gətirib çıxara bilər.
Bu vəziyyətin qarşısını almaq üçün valideynlər və müəllimlər təsadüfi yanaşmalar deyil, elmi əsaslı strategiyalar tətbiq etməlidirlər. İlk növbədə, ekran vaxtının strukturlaşdırılması vacibdir. Beynəlxalq pediatrik və psixoloji tövsiyələrə əsasən, yaşa uyğun gündəlik limitlər müəyyən olunmalı və bu limitlər ardıcıl şəkildə qorunmalıdır. Burada əsas məsələ qadağa yox, balansın yaradılmasıdır.
İkinci mühüm istiqamət alternativ fəaliyyətlərin təşkili ilə bağlıdır. Uşağın həyatında fiziki aktivlik, sosial oyunlar, yaradıcılıq fəaliyyəti və kitab oxuma kimi fəaliyyətlər nə qədər çox olarsa, ekranın cazibəsi bir o qədər azalır".
Beyin inkişafı üçün müxtəlif stimulların olması zəruridir və bu stimullar yalnız rəqəmsal mühitlə məhdudlaşmamalıdır.
Üçüncü vacib məqam valideyn nəzarətinin keyfiyyətidir. Sadəcə qadağa qoymaq əvəzinə, uşağın nə oynadığını, hansı məzmunla qarşılaşdığını anlamaq və onunla bu barədə danışmaq daha effektivdir. Birgə oyun və ya birgə müzakirə modeli uşağın tənqidi düşünmə bacarığını inkişaf etdirir və riskləri azaldır.
Psixoloq onu da qeyd etdi ki, müəllimlər üçün isə məktəb mühitində diqqət və özünüidarə bacarıqlarının inkişafına yönəlmiş metodların tətbiqi önəmlidir:
"Sosial-emosional öyrənmə proqramları, diqqət məşqləri, qrup işi və interaktiv tədris üsulları uşaqların balanslı inkişafına ciddi töhfə verir. Azərbaycan reallığında bu məsələyə sistemli yanaşma daha da aktuallaşır.
“Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları” çərçivəsində məktəb psixoloqlarının bu istiqamətdə maarifləndirici və preventiv proqramlar həyata keçirməsi vacibdir. Eyni zamanda, valideynlərin psixoloji savadlılığının artırılması üçün ictimai maarifləndirmə işləri gücləndirilməlidir.
Əslində ekran və texnologiya özü problem deyil, əsas risk faktoru onun idarə olunmayan istifadəsidir. Düzgün yanaşma ilə texnologiya uşağın inkişafına dəstək verə, əks halda isə inkişafın qarşısını alan ciddi psixoloji baryerə çevrilə bilər".
Pərvin Şakirqızı