İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatların dayandırılması və tərəflər arasında müvəqqəti atəşkəs razılaşmasının əldə olunması regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Təxminən 40 gün davam edən qarşıdurmadan sonra əldə edilən bu razılaşma əsasında diqqət diplomatik proseslərə yönəlib.
İki həftəlik atəşkəs müddəti və aprelin 10-da İslamabadda planlaşdırılan danışıqlar münaqişənin gələcək taleyinin siyasi müstəvidə müəyyənləşəcəyini deməyə əsas verir.
Mövcud vəziyyət həm hərbi mərhələnin nəticələrinin qiymətləndirilməsi, həm də qarşıdakı danışıqların mümkün nəticələri baxımından diqqətlə izlənilir.
Maraqlıdır, tərəflərin verdiyi bəyanatlar əsasında bu mərhələni daha çox real hərbi nəticələrin göstəricisi, yoxsa diplomatik mövqelərin gücləndirilməsi kimi qiymətləndirmək olar?
Bundan sonra regionda vəziyyətin sabitləşəcəyinə inanmaq olarmı?
Moderator.az-a mövcud vəziyyətlə bağlı politoloq Anar İsayev mövqeyini bildirdi.

Politoloq qeyd etdi ki, bu mərhələni “hərbi nəticələrin yekunu” kimi yox, daha çox diplomatik mövqelərin bərkidilməsi mərhələsi kimi qiymətləndirmək daha doğru olar:
"Belə ki, razılaşdırılmış iki həftəlik atəşkəsi taktiki fasilə kimi qəbul etmək lazımdı,nəinki strateji dönüş nöqtəsi.Çünki atəşkəs tərəflərə yenidən qruplaşmaq, itkiləri dəyərləndirmək və mövqelərini yeniləmək imkanı verir.
Əgər həqiqi hərbi üstünlük olsaydı, qalib tərəf adətən daha uzun və şərtli razılaşma diktə etməyə çalışardı.Bu baxımdan, qısa müddətli atəşkəs hərbi qələbədən çox danışıqlara pəncərə açmaq deməkdir".
Anar İsayev bildirdi ki, bu razılaşmada tərəflər öz mövqelərinin daha üstün olduğunu qeyd edəcək:
"Necə ki, İran artıq “qələbə” ritorikası ilə çıxış etməyə başlayıb.Aydındır ki, İranın qələbə iddiası daxili auditoriya üçün siyasi-legitimlik mesajıdır. Həmçinin regiondakı tərəfdaşlarına “müqavimət zəifləməyib” siqnalıdır. Amma real hərbi göstəricilər (infrastrukturun dağılması, siyasi və hərbi elitada itkilər, əməliyyat miqyası və s.) adətən belə ritorikanı tam təsdiqləmir. Bu, klassik “informasiya müharibəsi” elementidir.
ABŞ-ın mövqeyi isə əsasən münaqişənin nəzarətdən çıxmaması,Hörmüz boğazı və enerji marşrutlarının açıq qalması,regional müttəfiqlərin təhlükəsizliyi istiqamətində olacaq.Bu səbəbdən ABŞ üçün də bu mərhələ daha çox eskalasiyanın idarə olunması və diplomatik rıçaq toplamaq mərhələsidir".
Politoloq vurğuladı ki, 10 aprel İslamabadda baş tutacaq görüşün özü göstərir ki, tərəflər hələ də hərbi həllin kifayət etmədiyini qəbul edir:
"Eyni zamanda vasitəçilər də kommunikasiya kanallarını açıq saxlamağa çalışır.Bu isə münaqişənin hələ “dondurulmuş” yox, idarə olunan gərginlik fazasında olduğunu göstərir.
Regionun sabitləşmə məsələsinə gəldikdə isə deyə bilərəm ki, qısa və orta müddətdə tam sabitlik ehtimalı aşağı-orta səviyyədədir.
Çünki böyük müharibədən hər iki tərəfin çəkinməsi,iqtisadi risklər ( neft,ticarət marşrutları), həmçinin beynəlxalq təzyiq regionu sabitləşdirən faktorlardır. Ancaq risk yaradan faktorları da gözardı etmək olmaz. Məsələn proksi qüvvələr (İraq,Suriya,Yəmən,Livan), səhv hesablama və ya təsadüfi eskalasiya,daxili siyasi təzyiqlər (həm ABŞ-da, həm də İranda) prossesə təsir edən elementlərdir.
Beləliklə bu günə olan vəziyyəti qiymətləndirsək, hərbi balansın dəyişmədiyini, amma tərəflərin diplomatik masada daha güclü görünmək üçün mövqelərini formalaşdırdığını qeyd edə bilərik".
Pərvin Şakirqızı