Qafqazda sabitliyin formulu: Əməkdaşlıq və inkişaf
Ekskluziv
1141
07 Apr 2026 | 21:30

Qafqazda sabitliyin formulu: Əməkdaşlıq və inkişaf

Cənubi Qafqazda son dövrlər müşahidə olunan geosiyasi dinamika regionun gələcək inkişaf taleyini müəyyənləşdirən əsas faktorlar sırasında ön plana çıxır. Xüsusilə dövlətlərarası münasibətlərdə iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi kimi istiqamətlər artıq təkcə regional deyil, qlobal miqyasda strateji əhəmiyyət kəsb edir.

Bu kontekstdə Azərbaycan və Gürcüstan arasında formalaşmış tərəfdaşlıq modeli yalnız iki ölkə üçün deyil, bütövlükdə Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiya üçün sabitlik və inkişaf platforması rolunu oynayır. Mövcud reallıqlar əsasında regionda sülh təşəbbüsləri, yeni əməkdaşlıq formatları və qarşılıqlı əməkdaşlıq üzərində qurulan münasibətlər sistemi xüsusi diqqətlə izlənir.

Moderator.az-a ölkə rəhbərimizin Gürcüstan səfəri ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev açıqlama verdi.

Deputat qeyd etdi ki, dünən Gürcüstanda iki ölkə rəhbərinin mətbuat qarşısındakı çıxışları bir daha göstərdi ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda dərin tarixi və mənəvi təməllərə söykənir:

"Çıxışlarda xalqlarımızın əsrlər boyu formalaşmış dinc qonşuluq ənənələrinin bu gün də dövlətlərarası əlaqələrin əsas sütunlarından biri kimi çıxış etdiyi xüsusi vurğulandı. Bu modelin təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə region üçün nümunəvi xarakter daşıdığı diqqətə çatdırıldı. 

Hazırda Qafqazda sabitliyin iki əsas sütunu mövcuddur – Azərbaycan və Gürcüstan. Lakin artıq bu modelin üçüncü komponentlə tamamlanması istiqamətində real addımlar atılır. Regionun üç dövlətdən ibarət olması fonunda Ermənistanın da bu yeni reallığı dərk etməsi və xüsusilə Vaşinqton sülh sazişindən sonra prosesdə yer almağa çalışması diqqət çəkir. Azərbaycan Prezidentinin Gürcüstana səfərindən bir neçə həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın da bu ölkəyə səfəri və hökumətlərarası komissiyanın iclasında regional sülh məsələlərinin müzakirəsi bu baxımdan təsadüfi deyil".

Millət vəkili bildirdi ki, sabitliyin davamlılığını təmin edən əsas amillərə gəldikdə isə Prezident İlham Əliyev çıxışında xüsusilə iqtisadi və ticari layihələrin rolunu ön plana çəkdi. Burada “ticarət” anlayışı yalnız iqtisadi münasibətləri deyil, eyni zamanda nəqliyyat, tranzit və logistika sahələrini də əhatə edən geniş bir platforma kimi təqdim olunur:

"Dövlət başçısı qeyd etdi ki, Azərbaycan qazı hazırda dünyanın 16 ölkəsinə ixrac edilir və bu ixracın ilk ünvanı məhz Gürcüstandır. Bu amil Gürcüstanın həm siyasi təhlükəsizliyi, həm də iqtisadi dayanıqlığı baxımından Azərbaycan üçün əhəmiyyətini daha da artırır. Cənubi Qafqaz ölkələri arasında yalnız Gürcüstanın açıq dənizə çıxışının olması, eləcə də Azərbaycanın strateji resurslarının – istər boru kəmərləri, istərsə də Qara dəniz limanları vasitəsilə məhz bu ölkə üzərindən dünya bazarına çıxarılması iki ölkə arasındakı əlaqələrin strateji xarakterini daha da gücləndirir.

Eyni zamanda Rəqəmsal İpək yolu layihəsi, data mərkəzlərinin yaradılması və yaşıl enerji sahəsində əməkdaşlıq kimi yeni istiqamətlər də Azərbaycan-Gürcüstan tandeminin genişlənən imkanlarını ortaya qoyur. Bu təşəbbüslər göstərir ki, iki ölkə yalnız mövcud resurslara əsaslanmır, həm də gələcəyin texnoloji və enerji gündəliyini birlikdə formalaşdırmağa çalışır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan Qara dənizlə Mərkəzi Asiya arasında, daha geniş mənada isə Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır. Bu körpü yalnız coğrafi deyil, həm də iqtisadi və siyasi məzmun daşıyır və tərəflərin bir-birini tamamlayan imkanları üzərində qurulub.
Bu münasibətlər çərçivəsində müəyyən strateji bağlılıq, hətta qarşılıqlı asılılıq da formalaşıb. Lakin bu asılılıq mənfi deyil, əksinə, sabitliyin və inkişafın təminatçısı kimi çıxış edir. Məhz bu amil mümkün avantürist cəhdlərin qarşısını alan əsas faktorlardan biri kimi qiymətləndirilə bilər".

Rizvan Nəbiyev vurğuladı ki, Azərbaycanın Gürcüstanın strateji mövqeyinə verdiyi dəyər və bu platforma üzərindən öz ixrac və siyasətini qurması, eyni zamanda Gürcüstanın da Azərbaycan üzərindən regiondakı mövqeyini gücləndirməsi qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın bariz nümunəsidir:

"Bu çərçivədə Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ilk beş ölkə sırasında yer alır və yatırımların ümumi həcmi artıq 4 milyard ABŞ dollarına yaxınlaşır. Gürcüstanın enerji təminatında Azərbaycanın rolu da olduqca böyükdür. Ölkə ildə ixrac etdiyi 25 milyard kubmetr qazın təxminən 10 faizini Gürcüstana yönəldir. Bundan əlavə, tranzit mexanizmləri çərçivəsində Gürcüstan Azərbaycandan əldə etdiyi qazı beynəlxalq bazar qiymətləri ilə sataraq əlavə gəlir əldə edir ki, bu da onun iqtisadi inkişafına mühüm töhfə verir.

Bu reallıq bir daha təsdiqləyir ki, Azərbaycanın Gürcüstanın enerji təhlükəsizliyinə verdiyi töhfə, eyni zamanda bu ölkənin ümumi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. İkitərəfli münasibətlərin siyasi əsasları da kifayət qədər möhkəmdir. Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxışında Azərbaycanın milli maraqlarını daim dəstəklədiklərini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını vurğulayıb. Bu mövqe Prezident İlham Əliyev tərəfindən də qarşılıqlı şəkildə təsdiqlənib. Dövlət başçısı bildirib ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu prinsip dəyişməz olaraq qalır. Bu yanaşma Gürcüstanın siyasi dairələri və vətəndaş cəmiyyəti tərəfindən də yüksək qiymətləndirilir".

Sonda deputat onu da qeyd etdi ki, ötən il Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra baş verən proseslər və Azərbaycanın bu fonda dövlətçilik maraqlarına əsaslanan mövqeyi xüsusi diqqət çəkib:

"Gürcüstan Prezidentinin ilk xarici səfərini məhz Bakıya etməsi isə münasibətlərin yüksək səviyyəsinin bariz göstəricisidir. Həmin səfər zamanı keçirilən mətbuat konfransında Gürcüstan tərəfinin Prezident İlham Əliyevə ünvanladığı fikirlər də diqqətdən kənarda qalmayıb: 

Baş nazir Kobaxidzenin 2025-ci ilin yanvarında ölkəmizə etdiyi səfər zamanı keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyevə ünvanına söylədiyi fikirlər də xüsusilə təqdirəlayiqdir:

 “Siz fərqli lidersiniz. Siz bizim üçün nümunəsiniz. Çünki siz ölkənizi dövlətin maraqlarını üstün tutaraq idarə edirsiniz".

Bu ifadə yalnız şəxsi münasibətlərin deyil, eyni zamanda strateji baxışlara, dövlət idarəçiliyi modelinə və qarşılıqlı əməkdaşlığa verilən yüksək dəyərin göstəricisidir. O cümlədən oxşar fikirlərin Serbiya və Mərkəzi Asiya dövlətlərninin başçıları tərəfindən də səsləndirilməsi Azərbaycanın regiondakı rolunun daha geniş coğrafiyada qəbul edildiyini göstərir".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər