“Paşinyan Putindən daha dəyərli bir siyasətçidir...”-Amerika professoru- EKSKLÜZİV 
Ekskluziv
391
10:10, Bu gün

“Paşinyan Putindən daha dəyərli bir siyasətçidir...”-Amerika professoru- EKSKLÜZİV 

“Azərbaycan əvvəlcə Paşinyanın qələbəsinə dəstək verməlidir. Bunu indi də müəyyən qədər açıq bir şəkildə edir...”
 
“Ermənistan müxalifəti uzun illərdir revanşist mövqedən çıxış edir, lakin indi valı bir qədər dəyişiblər və hakimiyyətə gələcəkləri təqdirdə Qarabağda yeni bir müharibə başlatmayacaqlarını söyləyirlər. Bu, səmimi bir bəyanat deyil...”
 
“O, işğal altında tutduqları torpaqları, ən azından onun böyük bir hissəsini, müharibəsiz - döyüşsüz Azərbaycana iadə edəcəkdi...”
 
“Paşinyan - erməni xalqının axırıncı şansıdır və onların əksəriyyəti bundan əmindir. Ona görə də onun seçkilərdən qələbə ilə çıxma ehtimalı çox böyükdür...”
 
“Rusiya Ukrayna müharibəsini bitirmədən öz əvvəlki təsirini bu bölgədə bərpa edə bilməz. Ukrayna müharibəsini bitirmək isə, göründüyü kimi, asan iş deyil...”
 
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli  ilə Moderator.az üçün budəfəki söhbətimizdə əsasən Ermənistanda iki aydan sonra gözlənilən parlament seçkilərində  rusiyapərəst radikal-revanşist müxalifətin qalib gəlməsi ehtimalı, nəticədə Ermənistanın geo-siyasi kursunun tamamən Şimala doğru dəyişilməsi, sərhədlərimizdə hərbi əməliyyatların bərpası təhlükəsi və bu halda Azərbaycanın tutmalı olduğu mövqedən və s. bəhs etdik.
-Əli bəy, Ermənistandakı parlament seçkilərinə artıq 2 ay vaxt qalır. Təhlilləriniz nə göstərir; ABŞ və Avropanın başının əsasən İran və Ukrayna savaşlarına qarışdığı bir məqamda, baş nazir Paşinyanın Rusiya prezidenti Putinlə son görüşü zamanı ortaya qoyduğu müqavimət dialoqu fonunda ölkədə rusiyapərəst radikal-revanşist müxalifətin qalib gəlməsi və nəticədə Ermənistanın geo-siyasi kursunun tamamən Şimala doğru dəyişilməsi təhlükəsi varmı?
 
-Əlbəttə, belə bir potensial təhlükə var, lakin Paşinyanın qələbəyə daha yaxın olduğunu düşünürəm. Paşinyan özünü bir demokrat kimi isbat etmiş bir siyasətçidir. O həm xalqçıdır, həm də humanistdir. Onun hakimiyyəti zamanı Ermənistan müharibəni uduzdu, amma xalq seçkilərdə onu yenidən siyasi lider olaraq təyin etdi. O, müharibəni uduzdu, amma onu buna Ermənistanın siyasi müxalifəti vadar etdi. Ona qalsa idi, o, işğal altında tutduqları torpaqları, ən azından onun böyük bir hissəsini, müharibəsiz - döyüşsüz Azərbaycana iadə edəcəkdi. Elə olsaydı, Paşinyan müharibə uduzan bir baş nazir olmayacaqdı, onu zorla bu vəziyyətə saldılar. Həmin müxalifət uzun illərdir revanşist mövqedən çıxış edir. Lakin indi valı bir qədər dəyişiblər və hakimiyyətə gələcəkləri təqdirdə Qarabağda yeni bir müharibə başlatmayacaqlarını söyləyirlər. Bu, səmimi bir bəyanat deyil. Onlar müharibə başlada biləcəkləri bir məqamı yaxalasalar, bundan əsla çəkinməyəcəklər. Amma onların belə bir məqam əldə edə bilmə şansları olduqca azdır. Burada onlar Rusiyaya çox arxalanırlar. Rusiya da onlara hər cür dəstəyi verəcəyinin siqnallarını ötürür. O bunu uzun zamandan bəri Paşinyanın əleyhdarlarına verdiyi dəstəklə də göstərir…
 
Onu da vurğulamaq gərəkdir ki, Rusiyanın Ermənistana olduqca ehtiyacı var, onu tamamilə və birdəfəlik itirmək Rusiya üçün Cənubi Qafqazı itirmək kimi bir şeydir. Ona görə də Kreml Ermənistanı hər zaman qorxu altında saxlamaq istəyir. Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən təhlükə altında olduğuna inanan çox insan var bu ölkədə. Bunun təbliğatını aparan, sonra da bunları siyasi dividendlərə çevirmək istəyən siyasətçilərin, demək olar ki, hamısı Rusiya tərəfindən dəstəklənir...
 
Paşinyan isə inanır ki, Ermənistan yalnız öz sərhədləri daxilində qalmaqla inkişaf edə bilər. Onun hökumətinin müxtəlif səlahiyyətli üzvləri fürsət düşdükcə Azərbaycanla və Türkiyə ilə əlaqələrin normallaşmasının Ermənistanın maraqlarına uyğun olduğunu bildirirlər. Hətta bəziləri Ermənistanın təhlükəsizliyinin ən böyük qarantının Azərbaycan olacağını söyləyir. Bu, olduqca doğru və eyni zamanda cəsarətli bir yanaşmadır. Bunu Ermənistanda açıq bir şəkildə demək həm özünə və öz siyasətinə inamdan qaynaqlanır, həm də erməni xalqının çoxunun müharibə istəməməsindən…
 
Belə bir demokratik hava yaxalamış olan və yürütdüyü siyasətin xalq tərəfindən dəstəkləndiyini bilən bir baş nazir olan Paşinyan Putinlə olduqca əmin danışırdı. Hətta, iddia etmək olar ki, bəzi məqamlarda ona yuxarıdan aşağı baxırdı. Açığı, bu gün gəlinən nöqtədə obyektiv dəyərləndirmə aparsaq, Paşinyanın Putindən daha dəyərli bir siyasətçi olduğuna qənaət gətirərik. Putin antaqonistdir, Paşinyan isə pasifistdir. Putin aqressordur, despotdur, hakimiyyətdə qalmaq üçün müxalif qüvvələri aradan qaldıran bir siyasi qatildir. Paşinyan isə öz xalqını əzilmişlik duyğusundan xilas etməyə çalışan bir psixoloqdur. O, öz xalqını dünya ilə ayaqlaşmağa çağıran bir liderdir və bunun üçün onun öz psixoloji bataqlığını qurutması gərəkdiyini yaxşı bilir. Paşinyan - erməni xalqının axırıncı şansıdır və onların əksəriyyəti bundan əmindir. Ona görə də onun seçkilərdən qələbə ilə çıxma ehtimalı çox böyükdür.
 
Əgər Paşinyan seçkilərdən qələbə ilə çıxa bilməsə, o zaman Ermənistanın xarici siyasət kursu Şimala doğru bir qədər yön dəyişdirəcək. Bu isə Azərbaycanın da öz təhlükəsizlik siyasətində dəyişikliklər edəcəyini şərtləndirəcək. Azərbaycan silahlanmaya və orduya ayrılan vəsaiti artırmalı olacaq və öz müttəfiqlik siyasətinə yenidən nəzər salacaq…
 
-Əgər dediyimiz təhlükə reallaşarsa, Azərbaycan hansı mövqeni tutmalıdır? 
 
-Azərbaycan əvvəlcə Paşinyanın qələbəsinə dəstək verməlidir. Bunu indi də müəyyən qədər açıq bir şəkildə edir. Məsələn, Ermənistan Azərbaycandan daha ucuz enerji alır və Azərbaycan ərazisindən tranzit kimi istifadə edir. Bunun özü Ermənistan seçicisi üçün ciddi bir mesajdır. Əlbəttə ki, başqa dəstək formaları da mövcud ola bilər.
 
– Radikal irqçi revanşistlərin qalib gələcəyi təqdirdə, sözsüz ki, ən azı, ermənilərin Qarabağa qaytarılması məsələsini gündəmə gətirəcəklər, nəticədə də Azərbaycan-Ermənistan sərhədində atəşkəs mütəmadi olaraq pozulacaq, Rusiya da bundan yararlanacaq. Belə olan halda Trampın himayəsi altında paraflanmış sülh sazişi, həmçinin onun adını qoyduğu Zəngəzur-Meğri yolunun, yəni oradakı Amerika layihəsinin taleyi necə olacaq?
 
Paşinyan bu seçkilərdə məğlub olarsa, yeni hökumət Azərbaycanın ucuz enerjisindən imtina edərmi, edə bilərmi? Azərbaycan ərazisindən keçib gələn yüklərdən vaz keçərmi, keçə bilərmi? Azərbaycanla gerçəkdən yeni bir müharibəni gözə ala bilərmi? Bu sualların birmənalı cavabı yoxdur. Hətta Rusiya Ermənistana tam dəstək verməyə hazır olsa da, yeni hakimiyyət o cəsarəti göstərməyə bilər. Bundan başqa, Rusiya Ermənistana onun qələbəsini təmin edə biləcək qədər dəstək vermək gücündə deyil bu gün. Rusiya Ukrayna müharibəsini bitirmədən öz əvvəlki təsirini bu bölgədə bərpa edə bilməz. Ukrayna müharibəsini bitirmək isə, göründüyü kimi, asan iş deyil...
 
Bundan başqa, bölgədə geo-siyasi münasibətlərin balansı çox dəyişib. Rusiya üçün qatar çoxdan gedib və onu geri döndərmək çox çətindir. Bölgədəki vəziyyət bir qədər də ABŞ-İsrail-İran müharibəsinin nəticəsindən asılı olacaq.
 
Bəlkə də ən mühüm bir məqam da Azərbaycanın necə bir siyasət izləyəcəyi ilə bağlıdır. Azərbaycan bu gün strateji bir səbir içindədir. Ermənistandakı seçkilərin nəticəsinə görə öz rotasını yenidən nəzərdən keçirə bilər. Hər halda, Azərbaycan əldə etdiyi nailiyyətləri itirmək istəməz və bunun üçün nə lazımdırsa, hamısını edər. Unutmaq lazım deyil ki, Azərbaycan özünü isbat etmiş və qəbul etdirmiş bir dövlətdir, yanında isə Türkiyə kimi bir güc var...
 
Zəngəzur-Meğri-Tramp yoluna gəldikdə isə, öncə onu qeyd etmək lazımdır ki, bu yol Ermənistan üçün nəfəs borusu və ya şah damarıdır. Onlar öz nəfəs borularını tıxayıb şah damarlarını kəssələr, bir daha ayağa dura bilməyəcəklər. Amerika layihəsinə gəlincə, bu, baş tutmayacaqsa, bunun tək səbəbkarı Trampın özüdür, çünki o, İrana qarşı tələsik və olduqca gərəksiz bir müharibə başlatdı. Onun Amerika üçün açdığı yaraların dərinliyini vaxt keçdikcə daha yaxşı görmək mümkün olacaq...
 
Söhbətləşdi: 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər