Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı – Paşinyan niyə tələsdi?
Ekskluziv
1167
21:02, Bu gün

Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı – Paşinyan niyə tələsdi?

Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra ölkənin Təhlükəsizlik Şurasını təcili iclasa çağırması regionda baş verən geosiyasi proseslərin yeni mərhələyə keçə biləcəyinə dair ehtimalları gücləndirib. Xüsusilə, onun Vladimir Putinlə keçirdiyi gərgin görüş fonunda verilən bu qərar Ermənistanın daxili siyasi gündəminin xarici təsirlər altında formalaşması, qarşıdan gələn seçki prosesi və eyni zamanda Cənubi Qafqazda davam edən həssas sülh müzakirələri baxımından ciddi suallar doğurur. Mövcud vəziyyət həm regional güclər arasındakı balansın dəyişməsi, həm də Ermənistanın strateji kursunun hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Bu məqamda sual yaranır: Nikol Paşinyanın Təhlükəsizlik Şurasını təcili toplamaq qərarı Rusiyanın Ermənistanın daxili siyasi proseslərinə, xüsusilə seçki mexanizmlərinə mümkün təsirinin göstəricisi kimi qiymətləndirilə bilərmi və bu addım Azərbaycanla davam edən sülh danışıqlarının dinamikasına, eləcə də bütövlükdə regionda geosiyasi sabitliyə hansı potensial təsirləri və riskləri yaradır?

Mövzu ilə bağlı Moderator.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirdi ki, Baş nazir Nikol Paşinyanın Təhlükəsizlik Şurasının təcili iclasını çağırması və bunun Kremldə Prezident Vladimir Putin ilə gərgin fikir mübadiləsindən sonra baş verməsi Cənubi Qafqazda yeni geosiyasi dinamikanın əlamətləri kimi də şərh oluna bilər.

Deputat qeyd etdi ki, Moskva səfərindən dərhal sonra atılan bu addım təkcə daxili təhlükəsizlik məsələsi deyil, həm də Ermənistanın xarici siyasət kursu, seçki sabitliyi və Azərbaycanla davam edən sülh prosesinin gələcəyi ilə birbaşa bağlı olması ən ciddi ehtimallar sırasındadır:

"Ermənistan üçün Rusiya  uzun illər hərbi-siyasi dayaq nöqtəsi və  Rusiya  üçün isə Ermənistan forpost rolunu oynayıb. Lakin son dövrdə İrəvanın Qərblə yaxınlaşması, təhlükəsizlik siyasətini şaxələndirməsi və KTMT-dən faktiki uzaqlaşması Moskvanın təsir imkanlarını zəiflədib. Paralel Avrasiya İttifaqının resurslarından istifadə etməklə Avropa İqtisadi İttifaqına üzv olmaqla bağlı siyasət yürütməsi Moskvanı ciddi şəkildə narazı salıb.

Bu zəifləməyə cavab olaraq Rusiya artıq yalnız dolayı təsirlə kifayətlənmir, həm siyasi mesajlar, həm də iqtisadi xəbərdarlıqlar vasitəsilə təsirini qorumağa çalışır. Baş nazir Paşinyanın səfərinin səhərisi günü və həmin kontekstdə Baş nazirin müavini Alexey Overchukun TASS agentliyinə verdiyi müsahibə xüsusi diqqət kəsb edir. Overçuk faktiki açıq şəkildə vurğulayıb ki, Ermənistanın Qərbə inteqrasiyası və Rusiyadan uzaqlaşması həm iqtisadi, həm də siyasi baxımdan ciddi nəticələr doğura bilər. Bu mesaj faktiki olaraq İrəvana yönəlmiş dolayı təzyiq və xəbərdarlıq siqnalı kimi qiymətləndirilir və Moskvanın artıq daha açıq ritorikaya keçdiyini göstərir. Overçukun müsahibəsi də məhz bu “təsirdən təzyiqə keçid” mərhələsinin açıq göstəricisidir".

Millət vəkili qeyd etdi ki, bu hadisələr prizmasından yanaşdıqda Nikol Paşinyanın Təhlükəsizlik Şurasını toplaması həmin risklərə qarşı institusional və qabaqlayıcı  tədbirlərin planlanmasına xidmət edən addım kimi görünür:

"Rusiyanın Ermənistanda təsirini artırmasına açıq şəkildə maraq göstərməsi, bunun Prezident Vladimir Putin səviyyəsində Rusiyayönümlü qüvvələrə seçki və ölkədaxili proseslərdə şərait yaradılması şəklində səsləndirilməsi, iki ölkə münasibətlərində keyfiyyətcə yeni və daha gərgin mərhələnin formalaşdığını göstərir. Ermənistan rəhbərliyi bunu birbaşa milli təhlükəsizlik məsələsi və ona müdaxilə kimi qiymətləndirməyə başlayır. 

Daxili müstəvidə isə əsas məsələ seçki təhlükəsizliyi və siyasi sabitlikdir. Seçkilər yaxınlaşdıqca dezinformasiya kampaniyaları, siyasi qütbləşmə və xarici aktorların dolayı müdaxiləsi kimi hibrid risklər artır. Ehtimal etmək olar ki, Təhlükəsizlik Şurasının iclası bu risklərin erkən müəyyənləşdirilməsi və koordinasiyalı şəkildə idarə olunmasına, dəf olunmasına yönəlib".

Deputat onu da əlavə etdi ki, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Moldova təcrübəsindən çıxış edərək Ermənistanda iyun ayında gözlənilən parlament seçkilərini hybrid təhlükələrdən qorumaq üçün maliyyət və mütəxəsis resursları ayırması bunu təsdiqləyir:

"Eyni zamanda, Paşinyan hökuməti Qərbə inteqrasiya və suverenlik kursu ilə Rusiyaya qarşı açıq qarşıdurmadan yayınmaq arasında incə balans saxlamağa çalışır. Bu balansın pozulması daxili sabitliyi zəiflədə və siyasi qərarların qəbulunu ləngidə bilər. Paşinyan hökuməti iqtisadi, enerji, kənd təsərrüfatı kimi sahələrdə Rusiya ilə əlaqələrin davamlı inkişafında maraqlıdır.

Ermənistan və Rusiya arasında cərəyan edən proseslərin Azərbaycanla sülh müqaviləsinin imzalanmaqla başa çatdırılması və dövlətlərarası normallaşma prosesinə təsirləri də istisna deyil. Bir tərəfdən, artan xarici təzyiq fonunda Ermənistan üçün Azərbaycanla sülh müqaviləsi həm daxili legitimlik, həm də geosiyasi balans baxımından daha cəlbedici seçimə çevrilir. 

Bu səbəbdən Paşinyanın Vətəndaş müqaviləsi partiyası seçkiyə sülh gündəliyi və Azərbaycanla münasibətlərin normallaşdırılması ilə iqtisadi əlaqələr yaradılması konsepsiyası ilə qatılır. Digər tərəfdən isə, daxili siyasi gərginliyin və xarici təsirin artması Ermənistan hökumətini daha ehtiyatlı davranmağa vadar edə və sülh prosesini ləngidə bilər. Bu halda “idarə olunan qeyri-müəyyənlik” vəziyyəti formalaşa bilər. Bu isə daxildə revanşist və digər üçüncü qüvvələrin xeyrinə işləyə bilər".

Deputat onu da qeyd etdi ki, Nikol Paşinyanın Təhlükəsizlik Şurasını təcili toplamasına İrəvanın Qərbə inteqrasiya və Moskva ilə münasibətləri qorumaq arasında balans axtarışı kimi də baxmaq olar:

"Bu isə həm Ermənistanın daxili siyasi sabitliyi, həm də Azərbaycan ilə davamlı sülh və normallaşma prosesinin gələcək dinamikası üçün təsirli faktor olaraq qalır. Rusiyanın cənub qonşuluğunda davamlı sabitliyin və tərəqqinin olması həm də Kremlin marağında olmalıdır. 

Siyasi məsələlərlə yanaşı, quru yolla, dəmir yolu ilə Türkiyə, İran bazarlarına və oradan da üçüncü ölkələrə çıxış Ruisya üçün çox vacibdir. Nikol Paşinyanın Təhlükəsizlik Şurasını təcili toplaması İrəvanın Qərbə inteqrasiya ilə Moskva ilə münasibətləri qorumaq arasında balans axtarışı kimi də baxmaq olar. Bu balansın tapılması və onun sonrakı dinamikası həm ölkədaxili sabitliyə, həm də Azərbaycanla sülh prosesinin sürətinə birbaşa təsir edən vacib amilə çevrilə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər