Ekskluziv
859
18:55, Bu gün

"Donald Tramp Çinin təsirindən çəkinir"– Politoloq

Hörmüz boğazı dünya enerji bazarının ən strateji nöqtələrindən biridir və bu dəhlizdən hər il milyonlarla barel neft nəql edilir. Hər hansı gərginlik həm regional, həm də qlobal enerji təminatına birbaşa təsir göstərir. Son günlər ABŞ və İran arasında gərginlik bu strateji su yolunda diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp İrana qarşı ultimatumunun vaxtını dəfələrlə dəyişdirib.

İlk dəfə martın 22-də verilmiş 48 saatlıq müddət sonradan 5 günə, daha sonra isə martın 26-da aprelin 6-na qədər uzadılmışdı. Bu dəfə Tramp Şərq vaxtı ilə çərşənbə axşamı saat 20:00-a qədər İranın Hörmüz boğazını tam açması və enerji infrastrukturuna zərər verməməsi üçün vaxt verib.

Trampın İrana ultimatumunun vaxtını dəfələrlə uzatması və konkret son tarix göstərməsi regional enerji təhlükəsizliyi, beynəlxalq diplomatiya və İran-ABŞ münasibətlərinə hansı təsirlər göstərə bilər? Bu addım Hörmüz boğazında gərginliyin idarə olunmasına və potensial hərbi risklərin qiymətləndirilməsinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Moderator.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd etdi ki, artıq dəfələrlə müşahidə edirik ki, ABŞ tərəfi İrana müəyyən vaxt verir. Yəni konkret olaraq, Trumpın açıqlamasında 48 saat, yaxud 5 gün kimi müddətlər ifadə olunub. Burada əsas məsələ zaman deyil, tərəflərin məqsədə çatmasıdır.

Politoloq qeyd etdi ki, Hörmüz boğazı faktiki olaraq bağlanıb və bu bağlanmanın şərtləri, səbəbləri açıqdır. Eyni zamanda, hansı hallarda boğazın açılacağı və istisnaların nə olacağı da məlumdur:

 "Faktiki olaraq, Hörmüz boğazı beynəlxalq səviyyədə İranın nəzarətindədir və hər hansı müdaxilə beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcək.

Digər tərəfdən, görünür ki, Çin yuan-ının ticarətdə istifadəsi ABŞ dollarını arxa plana atır. Bu o deməkdir ki, bu məsələdə Çin də iştirak edir və Donald Trump burada müəyyən dərəcədə Çinin təsirindən çəkinir.Təbii ki, Hörmüz boğazının bağlanması dünya ticarəti üçün ciddi əhəmiyyət kəsb edir. Əgər bu vəziyyət davam edərsə, iki əsas risk yaranır:

İranın idarəetmə sistemi tamamilə sıradan çıxarılmalıdır ki, bu hələ mümkün olmayıb. 28 fevraldan bu günə qədər bir neçə gün keçib və İranın dini və hərbi elitasında, hətta siyasi elitada ciddi itkilər var. Bu o deməkdir ki, bu sistem nəticə vermir. 

Digər variant olaraq, Amerika İranın şərtlərini qəbul etməlidir. Bu isə ABŞ-ın beynəlxalq nüfuzunu zədələyə, Körfəzdən çəkilməsinə və Körfəz ölkələrinin yanında etibarının itirilməsinə səbəb ola bilər.

Samir Hümbətov qeyd etdi ki, buna görə də yaranmış vəziyyət olduqca mürəkkəbdir. Böyük ehtimalla, Amerika son anda tam hücumu saxlayacaq və üzdə İranla arxa planda isə Çinlə danışıqlar aparacaq:

Məncə, bu, böyük risk yaratmayacaq. Nüvə silahının istifadəsi isə region dövlətlərinə, İrana, ABŞ-a və İsrailə sərf etmir. Bəli, neft infrastrukturu zədələnə bilər, amma bu, uzunmüddətli ssenarini dəyişdirəcək səviyyədə deyil. Əslində, Hörmüz boğazının özü kifayət qədər iqtisadi xarakter daşıyır, çünki dünya ticarətinin hər gün 20–30%-i bu ərazidən keçir. Bu baxımdan, məsələ böyük masalarda həll olunacaq.
Yəni, gərginlik ola bilər, amma bu gərginliklər idarə olunan risklər kateqoriyasına daxildir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər