Elçin Mirzəbəyli: “Başqa ölkənin suveren ərazilərini müzakirə etmək siyasi əxlaqsızlıqdır”
Ekskluziv
652
16:31, Bu gün

Elçin Mirzəbəyli: “Başqa ölkənin suveren ərazilərini müzakirə etmək siyasi əxlaqsızlıqdır”

Son günlər Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüş əsasında rəsmi Moskvanın bəzi açıqlamalarında Azərbaycanın daxili məsələlərinə toxunan məqamların yer alması diqqət çəkib. Azərbaycan Xarici İşlər Nazirliyi bu çıxışlara münasibət bildirərək vurğulayıb ki, Qarabağ mövzusunun siyasi spekulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir və bu mövqe diplomatik kanallarla qarşı tərəfə çatdırılıb.

Bununla yanaşı, rəsmi Bakı xatırladıb ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması hər hansı dövlətin mövqeyindən deyil, tarixi reallıqlar və beynəlxalq hüquq normalarından qaynaqlanır və bu fakt 44 günlük Vətən müharibəsi ilə sonrakı proseslər nəticəsində tam şəkildə təsdiqlənib. Buna baxmayaraq, Rusiya rəsmilərinin mövzuya dair açıqlamalarının davam etməsi fonunda Azərbaycan tərəfi bu cür məsələlərin ictimai müzakirə predmetinə çevrilməməsinin vacibliyini bir daha vurğulayır.

Maraqlıdır, mövcud şəraitdə Rusiya rəsmilərinin Qarabağla bağlı açıqlamalarının davam etməsi Azərbaycan-Rusiya münasibətlərinə hansı təsirləri göstərə bilər və bu cür ritorikanın qarşısının alınması üçün diplomatik müstəvidə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd etdi ki, Bakıdan verilən son xəbərdarlıq dövlətimizin ardıcıl və prinsipial mövqeyinin növbəti ifadəsidir.

 Deputat qeyd etdi ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıq şəkildə bəyan etdiyi kimi, Rusiya siyasi dairələrində Qarabağ mövzusunun yenidən və məqsədli şəkildə gündəmə gətirilməsi artıq sadəcə fikir mübadiləsi deyil, açıq-aşkar siyasi spekulyasiya və məsuliyyətsiz ritorikadır:

"Bu ritorika təkcə regionda formalaşmış yeni reallıqları deyil, eyni zamanda beynəlxalq hüququn fundamental prinsiplərini şübhə altına almağa xidmət edir.
Əslində məsələ olduqca sadədir və əlavə şərhə ehtiyac qoymur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu fakt nə dünən yaranıb, nə də hansısa dövlətin “tanıması” ilə formalaşıb. Bu, tarixdən, hüquqdan və beynəlxalq sistemin qəbul etdiyi norma və prinsiplərdən qaynaqlanan dəyişməz reallıqdır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına son qoyub və tarixi-hüquqi reallıqları bərpa edib.

Bu gün Qarabağ mövzusu müzakirə predmeti deyil və ola da bilməz.

Bəs o halda niyə bəzi dairələr, xüsusilə də Rusiya rəsmiləri bu mövzunu yenidən süni şəkildə gündəmə daşımağa çalışırlar?

Cavab kifayət qədər aydındır. Moskva bölgədə təsir imkanlarını bərpa etmək və qorumaq üçün artıq bağlanmış məsələləri “diriltməyə” cəhd edir. Qarabağ mövzusu isə bu kontekstdə ən əlçatan geosiyasi manipulyasiya alətlərindən biri kimi istifadə olunur. Ermənistanla münasibətlərində yaranmış gərginlik fonunda Kreml bu kartdan yenidən istifadə etməyə çalışır və bununla həm regional balansı öz xeyrinə yönləndirmək, həm də təsir vasitələrini itirməmək niyyətini nümayiş etdirir.

Xüsusilə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda bu ritorikanın intensivləşməsi təsadüfi deyil. Qarabağ məsələsinin yenidən qabardılması Rusiyanın himayə etdiyi separatçı və revanşist qüvvələrə ideoloji dəstək vermək, onlara seçkiqabağı “nəfəslik” açmaq məqsədi daşıyır. Bu, regionda sülh gündəliyinə açıq zərbə olmaqla yanaşı, destruktiv siyasi qüvvələrin aktivləşdirilməsinə xidmət edir. Belə bir yanaşma yalnız geosiyasi manipulyasiya deyil, həm də məsuliyyətsiz və təhlükəli siyasi davranış nümunəsidir".

Elçin Mirzəbəyli vurğuladı ki, diqqətçəkən məqamlardan biri də Rusiya rəsmilərinin Qarabağın guya kim tərəfindən “ilk tanınması” kimi absurd müzakirələr açmasıdır. Bu yanaşma problemin mahiyyətini qəsdən təhrif etmək cəhdidir:

"Çünki burada “tanıma” məsələsi ümumiyyətlə mövcud deyil. Heç bir dövlət, o cümlədən Rusiya Federasiyası Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını inkar edən rəsmi mövqe sərgiləməyib. Bu fakt ortadadır və mübahisə predmeti deyil. Belə olan halda, bu cür ritorikanın yeganə məqsədi siyasi gündəmi manipulyasiya etmək, Ermənistandakı revanşçı qüvvələr üçün ideoloji zəmin yaratmaq və regionda yeni gərginlik ocaqları formalaşdırmaqdır. Azərbaycanın suverenliyinə aid məsələlər heç bir halda üçüncü tərəflərin müzakirə predmeti ola bilməz. Bu, qırmızı xətdir. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və suverenlik prinsipləri üzərində qurulmalıdır. Əks halda, tərəfdaşlıq haqqında deyilənlər formal bəyanatlardan uzağa getmir və real siyasi məzmununu itirir.

Bu cür ritorikanın davam etməsi Azərbaycan-Rusiya münasibətlərinə də təsirsiz ötüşə bilməz. İlk növbədə, qarşılıqlı etimad mühiti daha ciddi şəkildə zədələnir. Azərbaycan üçün suverenlik məsələsi mütləq və dəyişməz prinsipdir və bu istiqamətdə istənilən qeyri-konstruktiv yanaşma münasibətlərin strateji əsaslarını sarsıdır. Bununla yanaşı, diplomatik gərginliyin artması iqtisadi, nəqliyyat və enerji sahələrində mövcud əməkdaşlıq imkanlarına da mənfi təsir göstərə bilər. İctimai rəy müstəvisində isə anti-Azərbaycan ritorikasının güclənməsi münasibətlərin sosial bazasını təmamilə sıradan çıxaran əlavə risklər yaradır".

Deputat onu da qeyd etdi ki, mövcud şəraitdə Azərbaycan diplomatiyasının əsas vəzifəsi prinsipial mövqeni qətiyyətlə qorumaqla yanaşı, bu cür destruktiv yanaşmaların qarşısını almaqdır:

"Rəsmi Bakı artıq açıq şəkildə göstərir ki, Qarabağ mövzusu üzərindən aparılan spekulyasiyalar qəbul edilməyəcək və buna adekvat siyasi-diplomatik cavab veriləcək.  Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bu məsələ üzərindən hər hansı “şərh vermək” cəhdi artıq hüquqi yox, siyasi məsuliyyətsizlik kimi qiymətləndirilir. Qarabağ mövzusu üzərindən spekulyasiya edənlər anlamalıdırlar ki, bu məsələ bağlanıb və onun üzərindən geosiyasi oyunlar qurmaq cəhdləri nəticəsiz qalacaq.

Azərbaycan unitar dövlətdir və tarix boyu azərbaycanlıların yaşadığı geniş coğrafiyada formalaşıb. Bu xalq imperialist qüvvələrin “parçala və hökm sür” siyasətinin mahiyyətini yaxşı bilir. İmperializmin adı və forması dəyişə bilər, lakin mahiyyəti dəyişmir. Cənubi Qafqaz da daxil olmaqla geniş bir bölgədə dövlətçilik ənənəsi yaratmış xalqın iradəsinə və onun qurduğu dövlətin qətiyyətli mövqeyinə bu cür manipulyativ yanaşmalarla təsir göstərmək mümkün deyil. Başqa bir ölkənin suveren əraziləri ilə bağlı müzakirə açmaq isə yalnız beynəlxalq hüquqa zidd davranış deyil, eyni zamanda açıq siyasi əxlaqsızlıq nümunəsidir".

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər