Ekskluziv
794
13:33, Bu gün

"Bir çoxları İranın bir neçə ABŞ təyyarəsini vurmasını onun böyük qələbəsi hesab edirlər. Halbuki..."

“Hörmüz boğazındakı indiki vəziyyət də ABŞ/İsrail cütlüyün mənafeyinə tam uyğundur. Onlar faktiki olaraq Hörmüz boğazının bağlanmasına nail olmaqla
“IMEC”-ın bütün alternativlərini sıradan çıxara bilərlər...”
 
“Müharibənin uzanması ilə illərlə səngiməyən xaosa sürüklənə bilər və ABŞ-ın da istədiyi elə budur...”
 
"ABŞ-İsrail cütlüyünün İrana demokratiya gətirmək niyyəti yoxdur və indiyə qədərki bəyanatlarında belə, bu iddianı dilə gətirməyiblər.”
 
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz bildirib. 
 
“Bərabər hərəkət etsələr də, hər iki dövlətin İranla əlaqədar bir-birindən fərqlənən iki ayrı hədəfi var. ABŞ Fars körfəzini və Hörmüz boğazını ələ keçirərək Çinin enerji təchizatına tam nəzarət etmək istəyir. Çünki Çinin getdikcə inkişaf edəcəyindən və nəticədə onun dünya hegemonoyasına son qoyacağından çəkinir. Bunun qarşısını almaq üçün isə həm Çinin enerji resurslarını təmin etdiyi Fars körfəzi, həm də dünya bazarlarına çıxan ticarət yolları üzərində öz hakimiyyətini qurmağa çalışır. İsrail isə öz varlığını təhdid edən İranı zəiflətmək, Yaxın Şərqin enerji resurslarının və Cənubi Asiyanın, Uzaq Şərqin Avropaya uzanan ticarət yollarının öz ərazisindən keçirmək istəyir. Bundan əlavə, İranın tam toxunulmazlıq və çəkindirmə gücünün açarı sayılan nüvə silahı əldə etməsinin qarşısını almaq İsrailin başlıca hədəflərindəndir. Hər iki dövlətin bu fərqli məqsədləri Fars körfəzi və İrana nəzarət üzərində kəsişir. Bu məqsədlə də onlar eyni mövqedən çıxış edir, İranla indiki müharibəni aparırlar”. 
 
Heydər Oğuzun fikrincə, İran və Fars körfəzi uğrunda mübarizə yeni başlamayıb. 
 
“Bu müharibə ən azı 2010-ci illərin əvvəlindən başlayıb. Məlumdur ki, Çin prezidenti Si Cinpin 2011-ci ildə Qazaxıstana səfəri zamanı “Bir Yol, Bir Kəmər” layihəsini elan etmiş, bununla da dünyanı lərzəyə salmışdır. ABŞ və müttəfiqləri bu layihənin qarşısını almaq üçün dərhal hərəkətə keçmişdilər. İsrail-İran gərginliyinin ilk mərhələsi də məhz bu zamanlara təsadüf edirdi. 2012-ci ildə İsrailin Baş naziri Netanyahu dəfələrlə ABŞ-a səfərə gedərək, Vaşinqtonu İrana hücuma həvəsləndirmişdi. O zaman hakimiyyətdə olan Barak Obama isə İranın region dövlətləri hədəfə ala biləcəyini düşünüb Netanyahunun bu tələblərini geri çevirmişdi. İsrail yetkililərinin müxtəlif media orqanlarında yer alan iddialarına inansaq, ABŞ rəsmiləri həmin vaxt Netanyahunu ən azı 4 dəfə İrana hücum qərarından son anda vaz keçirə bilmişdi. Obamadan sonra hakimiyyətə gələn Donald Tramp ilk hakimiyyəti illərində də İranla uğraşmış, hətta Obamanın imzaladığı nüvə sazişindən 2018-ci ildə imtina edərək, indi gərginliyi yeni mərhələyə daşımışdır”, -deyə analitik diqqətə çatdırıb. 
 
İran-ABŞ/İsrail savaşının indiki daha aktiv mərhələyə keçməsinin 2023-cü ilə təsadüf etdiyini düşünən siyasi şərhçi xatırladıb ki, həmin ilin 9-10 sentyabr tarixlərində Dehlidə keçirilən G-20 sammitində Tehranı təşvişə salan bəzi qərarlar qəbul olunmuşdu: 
 
“Söhbət Hindistandan başlayıb BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Yunanıstan üzərindən Avropaya açılması planlaşdırılan “IMEC” layihəsindən gedir. Bu layihənin həyata keçirilməsi faktiki olaraq İranın beynəlxalq ticarət yolları ümidini alt-üst edirdi. Çünki Tehran Hindistandan başlayan Ədviyyat yolunun İran üzərindən Ermənistana keçərək Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya açılması layihəsi üzərində işləyirdi. Hətta bu məqsədlə bizim Qarabağı işğaldan azad etməyimizə belə, qarşı çıxırdı. 2023-cü il G-20 zirvəsində qəbul olunan “IMEC” layihəsinin iştirakçı dövlətlər tərəfindən imzalanması Yaxın Şərqdə indiki müharibə atəşini alovlandırdı. Üzərindən 1 ay keçməmiş – 7 oktyabr 2023-cü il tarixində “HƏMAS” hücuma keçib 1200 israillini əsir götürdü. Beləcə Qəzza müharibəsi başladı. Təl-əviv bu əməliyyatın arxasında İranın dayandığına inanır. Onun fikrincə, İran “IMEC” layihəsinin qarşısını almaq üçün bu təxribatı törətdirib. Həmin dövrdən indiyədək İranla İsrail arasında gərginlik səngimək bilmir. 2024-cü ilin axırlarında hakimiyyətə gələn Trampla müharibə Suriya və İraqdan birbaşa İrana və Fars körfəzinə sıçradı. İndiki mərhələdə bu müharibə Hörmüz boğazının bağlanması ilə nəticələnib. ABŞ/İsrail cütlüyü bununla da kifayətlənmək istəmir. Onlar İranın Hind okeanına açılan bütün “qapılarını” bağlamağa çalışırlar və bu məqsədlə də bölgəyə öz hərbi qüvvələrini göndəriblər. Böyük ehtimalla bir neçə gündən sonra başlaması gözlənilən quru hərəkatı ilə son məqsədlərini reallaşdırmağa çalışacaqlar”.
 
Heydər Oğuzun fikrincə, ABŞ/İsrail cütlüyünün əsas hədəfi ya Hörmüz boğazını tamamilə ələ keçirmək, ya da onun ümumiyyətlə bağlanmasını təmin etməkdir: 
 
“Bir çoxları İranın bir neçə ABŞ təyyarəsini vurmasını onun böyük qələbəsi hesab edirlər. Halbuki, Hörmüz boğazındakı indiki vəziyyət də bu cütlüyün mənafeyinə tam uyğundur. Onlar faktiki olaraq Hörmüz boğazının bağlanmasına nail olmaqla “IMEC”-ın bütün alternativlərini sıradan çıxara bilərlər. Bu layihələrdən biri də Türkiyənin “Qalxınma yolu” projesidir. Çünki bu proje Hindistandan və ya Çindən gələn malların, həmçinin Körfəz neftinin İraq üzərindən keçərək Türkiyəyə və Avropaya daşınmasını nəzərdə tutur. Hörmüz boğazı əbədi bağlanarsa, Türkiyənin bu layihəsi də İranın İraq və Suriyadan keçərək Aralıq dənizinə uzanan şiə kəməri  kimi öz işləkliyini itirə bilər. Məhz bu səbəbdən qardaş Türkiyə də bu müharibəni özünə qarşı hazırlanmış təxribat kimi başa düşür və onu dayandırmağa çalışır...
 
Bununla belə, Hörmüz boğazının bağlanması gələcəkdə Türkiyənin şansını artıran yeni reallıqlar doğurur. Bunlardan biri də 2000-ci illərdə ortaya atılan, amma İranın və Rusiyanın müdaxiləsi ilə dayandırılan, uzun illər boyu Suriya müharibəsinə səbəb olan “4 dəniz projesi”dir. Həmin projeyə görə, Qara dəniz, Xəzər, Ərəb körfəzi və Aralıq dənizi ölkələrinin təbii sərvətlərinin nəqlini vahid bir mərkəzdə - Türkiyədə birləşdirərək Avropaya çatdırmaq, bununla da “qoca” qitəni rus enerji asılılığından xilas etmək olardı. 2009-cu ildə Türkiyənin o zamankı prezidenti Abdullah Gül Suriyaya səfər etmiş və bu projeni açıq şəkildə dilə gətirmişdi. Gül Ankara ilə Dəməşq arasında limitsiz əməkdaşlıq istədiyini bildirmiş və Əsədi "Suriya, Türkiyə, İran və İraqı əhatə edən dörd dənizi birləşdirərək qlobal ticarət mərkəzinə çevrilməyə" çağırmışdı. Prinsipcə, bu layihə İranın da mənafeyinə uyğun idi. Amma öz neftinin və qazının, həmçinin Çinlə Hindistan mallarının Aralıq dənizinə daşınma potensialını heç kiminlə bölüşmək istəməyən İran İraq və Suriya üzərindən Aralıq dənizinə dəhliz çəkmək xəyalına düşmüşdü. “Dörd dəniz” projesi Rusiyanın da maraqlarına zidd olduğundan (bu proje rus qazının Avropaya nəqli ehtiyacını aradan qaldırır və onu oyundan kənar vəziyyətə salırdı) Moskvanı da öz planına daxil edə bilmişdi. Beləcə, 2011-ci ildən (Abdulla Gülün Suriya səfərindən 2 il sonra) başlayan Suriya müharibəsi 2025-ci ildə İran və Rusiyanın ağır məğlubiyyəti ilə sona çatdı. Bununla da ABŞ və Türkiyənin “Dörd dəniz” layihəsinin üzünə günəş doğdu. Təsadüfi deyil ki, ABŞ/İsrail cütlüyünün İrana son hücumundan 1 ay sonra - 28 mart 2026-cı il tarixində ABŞ-da keçirilən bir konfransa qatılan ABŞ-ın Türkiyədəki səfiri (o həm də Trampın Livan, Suriya və İraq üzrə xüsusi nümayəndəsidir) Tom Barak “Dörd dəniz” layihəsinin əhəmiyyətindən danışmış və onun əsas kilid nöqtələrindən biri olan Suriyanı “Hörmüz boğazı və Qırmızı dəniz ətrafındakı enerji böhranının həllində iştirak etmək üçün geosiyasi potensiala malik ölkə” olkə adlandırmışdı. Bütün bunlar onu göstərir ki, İranın “şiə kəməri” layihəsinin əsas alternativlərindən biri də Türkiyənin hələ 2000-ci illərdə ortaya atdığı “Dörd dəniz” projesi olacaq. Məhz bu səbəbdəndir ki, indiki İran müharibəsinin hazırlandığı 2023-cü ildə Türkiyənin Adana bölgəsində NATO-nun cənub qanadının 6-ci ordusu yaradılmış və onun komandanlığı qardaş ölkəyə tapşırılmışdır”.
 
Bütün bunları nəzərə alan Heydər Oğuz İranla müharibənin tezliklə tamamlanmasının ABŞ və İsrailin məqsədlərinə uyğun olmadığına inanır: “Fikrimcə, ABŞ/İsrail cütlüyü Hörmüz boğazını bağlı saxlamaq üçün müharibənin uzun illər davam etməsində maraqlıdırlar. Amma bu müharibənin yükünü ərəb və digər müsəlman ölkələrinin üzərinə qoymağa çalışacaqlar. Nə yazıq ki, bunun üçün onların əlində kifayət qədər əsaslar da var – məzhəb müharibələri və İranın körfəz dövlətlərini də atəşə tutması kimi. Qorxuram ki, Çinlə rəqabətin güdazına müsəlman ölkələri gedələr və İranla körfəz ölkələri arasında başlayan məzhəb müharibələri Hörmüz boğazını qana bələyə və on illər boyu davam edə. Məqsəd budursa, sizin dediyiniz kimi, İranda Xamenei və Xomeyni təəssübkeşliyinin ortadan qalxması yox, əksinə daha da gücləndirilməsi lazımdır. Necə ki, biz bunun təzahürlərini təkcə İranda deyil, həm də Livan və İraqda görürük”.
 
Analitiik bu qənaətə gəlir ki, ABŞ və İsrail cütlüyü İran ram etmək üçün onu daxili müharibələrə sürükləməyə çalışacaq: 
 
“Dərd burasındadır ki, İranın daxili amilləri də buna uyğundur. Ölkədə xeyli sayda etnik qruplar və hər birinin əhalisinin sayı milyonlarla ölçülür. Avropada 2-3 milyonluq xalqlar, bəzən heç 1 milyona çatmayan topluluqlar dövlət qurduğu halda, İranda 10 milyonlarla əhalisi olan xalqlara heç bir mədəni haqların verilməməsi, siyasi hüquqlarının belə, vəlayəti-vəqih kimi anlaşılmaz bəhanələrlə məhdudlaşdırılması, insanların hətta geyim-keçimlərinə qədər yaşantı tərzlərinə qarışılması ölkədə qəzəblərin tarıma çəkilməsi ilə nəticələnib. Bu da azmış kimi, dünyanın ən güclü hərbi qüvvəsi ilə amansız müharibəyə sürüklənməsi istər-istəməz vətəndaşları narahat edir. Hazırda İran əhalisini zor gücünə edam təhdidi ilə sakitləşdirməyə çalışan ölkə rəhbərliyi müharibənin uzanması ilə illərlə səngiməyən xaosa sürüklənə bilər və ABŞ-ın da istədiyi elə budur. Bilirsiniz ki, Tramp dünən çıxış edərək İranda kürd separatçıları vasitəsilə etirazçılara xeyli sayda silah-sursat göndərdiklərini, amma kürdlərin bunu ünvanına çatdırmadıqlarını bildirmişdi. Elə bu faktın özü də ABŞ-ın İranda etnik qarşıdurma, vətəndaş müharibəsi çıxarmağa çalışdığını göstərir. Rejim zəiflədikcə, bu xaotik durumun da ortaya çıxdığını görəcəyik. İranı həm xaricdən məzhəb müharibələrinə çəkərək, həm də etnik qarşıdurmalar çıxararaq çökdürməyə çalışacaqlar...”
 
Tqədim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər