“Mən asfalt zabiti olmaq istəmirəm dedi və könüllü olaraq ön xətdə yolandı”
Günel Məlikova: “Zabit olmaq onun uşaqlıq xəyalı idi və o, öz xəyalına qovuşduğu üçün xoşbəxt idi”
Bu gün 44 günlük Vətən müharibəsi şəhidi kapitan Məlikov Aqil Niyaz oğlunun ad günüdür. Bu münasibətlə Moderator.az saytı olaraq şəhidin həyat yoldaşı Günel Məlikova ilə söhbət etdik, şəhidimizin həyat və döyüş yoluna nəzər salmağa çalışdıq:
-Günel xanım, bu gün qəhrəman şəhidimiz Aqil Məlikovun ad günüdür. Mümkünsə bir qədər Aqilin uşaqlıq və tələbəlik illərindən bəhs edərdiniz.
-Aqil 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində zanadan olub. 1993-cü ildə Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində 1-ci sinfində təhsil alıb, 2004-cü ildə həmin məktəbi bitirib.
Zabit olmaq, vətənin keşiyində dayanmaq Aqilin uşaqlıq arzusu idi. O, hər zaman bunu xəyal etmiş, bu arzu ilə nəfəs almışdı. Məhz bu arzu 2005-ci ildə onu Ali Hərbi Akademiyaya gətirir. 2005-ci ildə Ali Hərbi Akademiyaya daxil olan Aqil, 2009-cu ildə bu təhsil müəssisini uğurla bitirir.
Aqil akademiyada təhsil aldığı dönəmdə özünü son dərəcə məsuliyyətli, çalışqan və intizamlı kursant kimi göstərir. Şəxsi keyfiyyətləri, öz işinə olduqca məsuliyyətlə yanaşması onu pedaqoji kollektivin sevimlisinəı çevirir.
2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində leytenant rütbəsində xidmətə başlayır. 2010-cu ildə isə xidmətini davam etdirmək üçün Şəkinin Şorsu kəndindəki N saylı hərbi hissəyə taqım komandiri kimi təyinat alır.
Aqil zabit kimi ilk təcrübələrini də məhz bu zaman əldə edir.
Vətənin hər qarışını addım-addım dolaşan, əsgərləri üçün şəxsi nümunə olan zabit
-Və daha sonra öz xidmətini Tərtər rayonunda – ön xətdə davam etdirir...
-Bəli.
Tərtər rayonunda xidmətə başladıqdan sonra vaxtından əvvəl “baş leytenant” rütbəsi alır və bölük komandiri vəzifəsinə yüksəlir. Bir müddət burada xidmət etdikdən sonra Goranboy rayonunun Ağcakənd qəsəbəsində “N” saylı hərbi hissədə bölük komandiri kimi xidmətini davam etdirir.
1 il 2 ay burada xidmət etdikdən sonra Gəncə şəhərindəki “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat Bölüyünün komandiri vəzifəsinə təyinat alır. 2016-cı ildə Ağdam rayonundakı “N” saylı hərbi hissədə eyni vəzifədə xidmət edir. 2016-cı ildə başlayan Aprel döyüşləri həm onun, həm ailəmizin, həm də xalqımızın həyatında yeni bir dönəm açır.
Aqil hər zaman Aprel döyüşlərindən böyük bir şövqlə danışır, əsgər və zabitlərimizin bu döyüşlərdə sərgilədiyi qəhrəmanlıqların tarixin yaddaşında əbədi qalacağını vurğulayırdı. Ümumiyyətlə, Aprel döyüşləri onda böyük ruh yüksəkliyi, böyük zəfərə qəti inam hissi formalaşdırmışdı. Bu inam sadəcə onun sözlərində deyil, həm də gözlərində, baxışlarında, təbəssümündə əks olunur, onunla ünsiyyətdə olan hər kəsə sirayət edirdi. Və tarix sübut etdi ki, o, öz inamında yanılmayıb.
“Cəbhə xəttindən yeni gəlsə də, yenidən ön xətdə qayıtmaq üçün raport yazdı”
-Aprel döyüşlərindən sonra Aqil xidmətini hansı bölgələrdə davam etdirir?
-Aprel döyüşlərindən sonra cəbhə bölgələrində xidməti nəzərə alınaraq Aqil Bakının Müşviq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat bölüyünə komandir təyin olunur. Lakin onun qəlbi yenə də ön xəttə can atır, ön xətlə döyünürdü. Elə buna görə də 8 ay Müşfiq qəsəbəsində xidmət etdikdən sonra o, raport yazaraq yenidən cəbhə xəttinə qayıtmaq istədiyini bildirir. Çox keçmir ki, Aqil Ağcəbədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir. Nümunəvi xidmətinə görə müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılır. Eyni zamanda, NATO-nun hərbi təlimlərində təlimçi kimi iştirak edir.
Aqil təlimdən qayıtdan sonra Beyləqan rayonundakı “N” saylı hərbi hissəyə tabor komandirinin müavini vəzifəsinə təyinat alır. 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsinə də şəxsi heyəti ilə birlikdə həmin hərbi hissədən yola düşür.
-Yəni müharibənin elə ilk günündə hərbi əməliyyatlara qatılır?
-Bəli.
Aqil və onun əsgərləri Füzuli rayonunun Qaraxanbəyli kəndində Ohanyan səddinin yarılmasında böyük şücaət göstərirlər. Aqil və onun əsgərləri 3 kəndi və 7 postu düşmən əsgərlərindən azad edir. Sentyabrın 27-də Aqil Qaraxanbəyli kəndində bir neçə zabitlə birlikdə şəhid olur.
Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə “ medalı, ”Vətən uğrunda “, ”İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur.
Xidmət etdiyi dövrdə isə Aqil ,,Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi medalı”, ,,Azərbaycan Ordusunun100 illiyi medalı”, III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub.
“O, şəhid olacağını bilirdi və məzarına vurulacaq şəkli də sağlığında seçmişdi”
-Yəqin ki, Aqillə bağlı xatirələriniz çoxdur. Mümkünsə bu xatirələrdən birini bizimlə bölüşmənizi xahiş edirik.
-Şübhəsiz ki, Aqillə bağlı xatirələrimiz çoxdur və bu xatirələrin hər biri bizim üçün olduqca əzizdir. Mən bunlardan birini xüsusilə tez-tez yada salıram. Bu, Aqilin Müşviq qəsəbəsində xidmət etdiyi dönəmlə bağlıdır. Bir gün Aqil evə gələndə üzündə aşkar narahatlıq hiss etdim. O, çox fikirli və qayğılı görünürdü. Mən bunun səbəbini soruşdum. Aqil mənə dedi ki, mən Bakıda – asfalt üstündə xidmət edə bilmirəm. Mən asfalt zabiti olmaq istəmirəm. Ön xətdə xidmət etmək istəyirəm. Bu gün raport yazmışam. Xahiş etmişəm ki, məni ön xətdə göndərsinlər.
Bundan sonra xahişini nəzərə alaraq Aqili əvvəl Ağcabədi, daha sonra Beyləqandakı “N” saylı hərbi hissəyə göndərdilər və Vətən müharibəsinə də taborun qərargah rəisi kimi Beyləqandakı hərbi hissədən qatıldı.
Aqillə bağlı sinif yoldaşlarının da maraqlı bir xatirəsi var. Onlar bildirirdilər ki, Aqil yuxarı kursda oxuyanda kəndə gəlmişdi. Əlində vəsiqəlik şəkillər var idi. Bu, onun kursant formasında olan şəkli idi. Sinif yoldaşları ondan “bu qədər şəkli niyə özünlə gətirmisən” deyə soruşublar. Aqil isə cavabında deyib ki, bu şəkilləri sizin üçün gətirmişəm. Bu şəkildən hər birinizə verəcəm. İstəyirəm ki, məni hər zaman belə xatırlayasınız. Şəhid olanda məzarıma da məhz bu şəklin vurulmasını istəyirəm. Bunu məhz məzarıma vursunlar deyə çəkdirmişəm.
O, şəhid olacağını bilirdi və bundan qürur duyurdu. O, əbədiyyətə beləcə - ölümün gözlərinə dik baxaraq, ölümə meydan oxuyaraq qovuşdu.
Bu gün Aqil fiziki baxımdan həyatda olmasa da onun və digər şəhidlərimizin bizə qoyub getdiyi miras yaşamaqdadır. Bu, 8 Noyabr zəfəri ilə yanaşı, həm də vətən, dövlət, bayraq naminə özünü fəda etmək bacarığıdır. Mən övladlarım Xədicə və Süleymanı da məhz bu ruhda – qəhrəmanlıq ruhunda böyütməyə çalışıram. İstəyirəm onlar atalarının hansı böyük amallar uğrunda şəhid olduğunu bütün təfərrüatı ilə anlasınlar, atalarının qəhrəmanlıq ənənəsini davam etdirməyə hazır olsunlar. Və əmin olsunlar ki, Vətən üçün şəhid olanlar həqiqətən də əbədiyaşardırlar!
Mən fürsətdən istifadə edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk. Quba Rayon İcra Hakimiyyətinə də bizimlə mütəmadi əlaqə saxladığı, qayğılarımızla maraqlandığı üçün minnətdarıq. Bayram günü bizi ziyarət edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova da təşəkkür edirik. Bu qayğı və diqqət şəhid ailəsi olaraq bizlər üçün son dərəcə qiymətlidir və bu bizə mənəvi gücümüzü qoruyub saxlamaqda, həyata nikbinliklə baxmaqda kömək edir.
Əminəm ki, illər, əsrlər ötüb keçsə də şəhidlərimizin qəhrəmanlığı əsla unudulmayacaq, şəhidlərimizin döyüş yolu ilə yanaşı, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən sevgi və ehtiram gənc nəsillərin vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verəcək.
Seymur ƏLİYEV