“Rasim Balayev kino üçün çox əziyyət çəkdi. O bütünlüklə kino adamı idi. Mən dostumu, sirdaşımı, ən yaxşı tərəf müqabilimi və ən əsası xalqın sevimli sənətkarını itirdim. Biz tez-tez əlaqə saxlayırdıq, zarafatlaşırdıq. Biz görürdük ki, yaxşı senari və ekran işi yoxdur. Bir-birimizə zarafatla deyirdik ki, qocalırıq, simamımız gedir, gəl özümüz sponsorluq edib bir film çəkdirək. Həqiqətən də Rasimdən lazımınca istifadə olunmadı. Heç mənə də son illərdə maraqlı senarilərə dəvət gəlmirdi. O ömrünün son illərində də çəkilmək arzusu ilə alışıb-yanırdı. Çox heyif”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Leyla Şıxlinskaya deyib.
O daha sonra “Dədə Qorqud” filmində Rasim Balayevlə bağlı bir epizodun xatirəsini danışıb:
“Dədə Qorqud” filmində Rasim Balayevlə birlikdə çəkilmişəm. O həqiqətən də əvəzolunmaz tərəf müqabili idi. Səni həm qoruyurdu, həm də müdafiə edirdi. Orada bizim döyüş səhnəmiz var idi. Mən o döyüşü əvvəlcədən öyrənməli idim. Dinamoya gedirdim. Çempion Aydın İbrahimov mənim məşqçim idim. Rasim bir dəfə də olsun məşqə gəlmədi. Dedi ki, nəyimə lazımdır? Nə var ki, orada, Leyla xanım 45 kilodur, bir dəqiqənin içində tutub onu ataram. Dedim yaxşı! Bir neçə gündən sonra çəkiliş başladı.. Rasim dedi ki, “bax aa, Leyla xanım, ehtiyyatlı at məni, camaat baxar ki, qadın o boyda Nəsimini götürüb yerə çırpır”. Dedim ki, sən indi Nəsimi yox, Beyrəksən. Dedi ki, mən bilirəm nə danışıram. Getdi operatora dedi ki, oradakı bütün uşaqları göndər getsinlər. Sonra gəlib mənə dedi ki, Leyla, orada ot var, ora atarsan məni, bir az yumuşaq olsun. O boyda qəhrəmanlıq obrazları yaratmasına baxmayaraq olduqca zarafatcıl və sadə insan idi. Rasimin çox gözəl səsi, zarafatları, hətta parodiya qabiliyyəti də var idi” deyə sənətkar bildirib.