Heydər Əliyev xüsusi xidmət orqanlarımızı milliləşdirməklə ölkəmizi hansı bəlalardan hifz edib?
Ekskluziv
433
04 Apr 2026 | 21:08

Heydər Əliyev xüsusi xidmət orqanlarımızı milliləşdirməklə ölkəmizi hansı bəlalardan hifz edib?

General Əli Nağıyevdən tarixi xatırlatma və yaxın keçmişimizə qısa baxış...

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub.

Tədbirdə çıxış edən DTX rəisi general-polkovnik Əli Nağıyev xüsusi xidmət orqanlarımızın mövcud durumu ilə yanaşı, tarixi keçmişinə də nəzər salıb. Çıxışında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın inkişafı ilə bağlı gördüyü işlərə toxunan Xidmət rəisi, Ulu Öndərin həm də bu qurumun milliləşdirilməsi istiqamətində  mühüm addımlar atdığını vurğulayıb.

Əli Nağıyevin xatırlatdığı bu məqam Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən biridir və məhz bu addım ölkəmizi bir çox bəlalardan xilas edib.

Azərbaycanın təhlükəsizik orqanlarında milli kadrların yüksəlişinə qoyulan “sirli maneə”

Heydər Əliyev tərəfindən xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi xalqımızın gələcək inkişafı və təhlükəsizliyinə bilavasitə təsir göstərən mühüm hadisələrdən biridir.

Ulu Öndər Azərbaycanın xüsusi xidmət orqanlarının rəhbərliyində təmsil olunduğu günə qədər, bu güc orqanında müxtəlif millətlərin nümayəndələri çalışır və adətən rəhbər vəzifələrə məhz onların təyinatı gerçəkləşirdi. Sovet rejiminin başında dayanan bəzi şəxslər, xüsusilə də Kremldəki erməni və ermənipərəst qüvvələr  azərbaycanlıların bu qurumda yüksək vəzifə tutmasına imkan vermirdi. Nəticədə, azərbaycanlı kadrlar mühüm vəzifələrdən kənarda qalır, onların bəzisi bu ədalətsizliyə etiraz əlaməti olaraq xüsusi xidmət orqanlarını tərk edirdi. Nəticədə, vəziyyət milli kadrların sayı və onların proseslərə təsiri baxımından daha da ağırlaşırdı.

1967-ci il: Böyük dəyişikliklərin başlanğıcı və tarixi ədalətsizliyin sonu!

Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni bir dönəm başlandı. Sovet sisteminin azərbaycanlı milli kadrlara qarşı qərəzli və ədalətsiz münasibətinə son qoyan Heydər Əliyev, həm mərkəzi aparatda, həm də yerlərdə mühüm vəzifələrə azərbaycanlıların təyinatını həyata keçirməyə başladı. O, şəxsi nüfuzundan və siyasi əlaqələrindən istifadə edərək sovet rəhbərliyini həyata keçirdiyi yeniliklərin zəruriliyinə inandırır, bunun daha məntiqli və ədalətli olduğunu diqqətə çatdırırdı.

Heydər Əliyevin Dövlət Təhlükəszlik Komitəsində həyata keçirdiyi islahatlar qısa müddət sonra öz müsbət nəticəsini verməyə başladı. Azərbaycanlı gənclər arasında xüsusi xidmət orqanlarında çalışmağa maraq artdı. Bu qurum gənclərimizin çekist kimi yetişməsində, öz peşəkarlıqlarını yüksəltməsində mühüm rol oynadı.

Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar edən Lider!

Ümummilli lider Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrların kariyera pilləsində sürətlə irəliləməsinə yardım etməklə, ölkəmizin müqəddəratı baxımından mühüm rol oynadı. O, Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar etməklə vətənə olan sədaqət və sevgisini bir kəs daha sübut etdi.

Heydər Əliyevin dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alan milli kadrlar xalqımızın və dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələlərə daha həssas və qayğıkeş münasibəti ilə diqqət çəkir, Ulu Öndərin etimadını layiqincə doğruldurdu. Bu isə Heydər Əliyevdə iftixar hissi yaradır, onu qürurlandırırdı.

Heydər Əliyev xüsusi xidmət orqanlarını milliləşdirməklə milli taleyimizi yad insanların vicdan və mərhəmət asılılığından xilas etdi.

Bu gün general Əli Nağıyevin rəhbəri olduğu Azərbaycan DTX-sı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz yüksəlişinin zirvəsində qərar tutub. Və tarix sübut edir ki, bu yüksəlişə gedən yol məhz Heydər Əliyevən, onun xüsusi xidmət orqanlarımızda həyata keçirdiyi islahatlarla başlayıb.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər