Trump: Yaxın günlərdə İrana güclü hərbi zərbələr endirilə bilər — Müharibə yenidən alovlanır?
Ekskluziv
1011
04 Apr 2026 | 20:52

Trump: Yaxın günlərdə İrana güclü hərbi zərbələr endirilə bilər — Müharibə yenidən alovlanır?

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt açıqlama verib. O bildirib ki, yaxın iki-üç həftə ərzində İrana qarşı güclü hərbi zərbələrin endirilməsi mümkündür və bunun ciddi nəticələri ola bilər. Bu açıqlama onsuz da gərgin olan ABŞ–İran münasibətlərində vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Belə bir şəraitdə əsas sual yaranır: mümkün hərbi gərginlik Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana necə təsir edə bilər?

Azərbaycan bu vəziyyətdə öz milli maraqlarını qorumaq üçün hansı strateji addımları atmalıdır?

Moderator.az yaranmış sualları Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğluna ünvanlayıb.

Siyasi şərhçi bildirib ki, hazırda İsrailin istəyi və təzyiqi ilə İrana hücum edən ABŞ hökuməti arzuolunmaz vəziyyətlə üzləşib:

"ABŞ-də teoloji yanaşmanı əsas götürən Tramp hökumətindəki bir sıra fiqurlar, xüsusilə Heqset strateji tövsiyələri bloklamaqla Trampı ciddi risklərlə üz-üzə qoyublar. ABŞ mətbuatına sızan məlumatlara görə, Pentaqon daxil olmaqla strateji qurumlarda təmsil olunan önəmli şəxslərin fikirləri nəzərə alınmayıb. Nəticədə ABŞ-ın hazırki geosiyasi təsir imkanları və İranın assimmetrik müharibə gücü gözardı edilib. Nəticədə İran ABŞ-a qarşı assimmetrik savaş qabiliyyətini ortaya qoymaqla Tramp hökuməti üçün ciddi problemlər yarada bilib. Baxmayaraq ki, İran özü də ciddi itkilər və problemlərlə üz-üzədir".

Əli Zülfüqaroğlu əlavə edib ki, müharibə nəticəsində ABŞ-a qarşı qlobal təzyiqlər artıb, hökumət daxilində ciddi fikir ayrılıqları meydana gəlib və daxili ictimai təzyiqlər güclənib:

"Eyni zamanda Avropa İttifaqı–ABŞ münasibətləri daha da gərginləşib, həmçinin NATO-da çatlar dərinləşib. Çin və Rusiyanın isə İrana ciddi dəstək verməsi artıq Vaşinqtona məlumdur. Tramp hökumətində xüsusilə vitse-prezident Vensin də daxil olduğu müharibə əleyhdarları İranla danışıqlara cəhd etsə də İsrail dərhal bunu sabotaj edir. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir. ABŞ-də yanacağın qiymətinin artması və inflyasiyanın güclənməsi aralıq seçkisi ilində hökumət üçün arzuolunmaz mənzərə yaradır".

Siyasi şərhçi bildirib ki, ABŞ-ın İrana qarşı əsas üstünlüyü hava gücü ilə bağlıdır, İranın üstün tərəfi isə coğrafi faktor, ballistik raketlər və beynəlxalq ictimai dəstəkdir:

"İran müharibənin gedişində effektiv propaqanda aparmağa nail olub. Bunları nəzərə alan Tramp İranla dərhal atəşkəsə getmək və qələbə mesajı ilə ictimai rəylə manipulyasiya etməyə çalışır. Bunun üçün isə dərhal atəşkəs əldə olunmalı və Hörmüz boğazı açılmalıdır. Bu baş verməyəcəyi təqdirdə ABŞ-də yanacağın qiyməti ucuzlaşmayacaq, inflyasiya daha da güclənəcək. Bu isə ABŞ hökumətinin ictimai rəylə manipulyasiya imkanlarını minimuma endirir".

Əli Zülfüqaroğlu vurğulayıb ki, Tramp hökuməti atəşkəsə nail ola bilməsə, o zaman İranın enerji infrastrukturu başda olmaqla mülki obyektlərə dağıdıcı hücumlar güclənəcək:

"Bu isə bölgə üçün fəlakət ssenarisinin geri dönməyən məcraya qədəm qoyması anlamına gəlir. Yəni İran da İsrailin Dimona nüvə mərkəzini, dəniz suyunu təmizləmə qurğularını, eyni zamanda Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin neft müəssisələri daxil olmaqla bütün infrastrukturunu hədəf alacaq. Bu da dünya üçün iqtisadi, bölgə üçün isə nüvə fəlakəti deməkdir".

Zülfüqaroğlu əlavə edib ki, Azərbaycan heç bir zaman öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyib:

"Bakının yanaşması İranla yaxın qonşuluq və dostluq münasibətləri üzərində qurulub. Azərbaycan daim sülhün və rifahın tərəfdarı kimi çıxış edib və bu istiqamətdə praktiki addımlar atıb. Yürüdülən siyasət ciddi strateji əsaslara söykənib. Ona görə də, davam edən müharibə bölgə üçün təhdidlər formalaşdırsa da, effektiv diplomatik addımlar və zəruri tədbirlərlə Cənubi Qafqaz bölgəsi üçün risklərin minimuma endirildiyini düşünürəm".

Pərvin Şakirqızı

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər