Yaxın Şərqdə baş verən son hərbi gərginliklər artıq təkcə regional təhlükəsizlik məsələsi olmaqdan çıxaraq qlobal iqtisadi sabitliyə birbaşa təsir edən əsas amillərdən birinə çevrilib. Strateji əhəmiyyət daşıyan nəqliyyat və enerji marşrutlarında yaranmış risklər beynəlxalq ticarətin dayanıqlılığına ciddi təhdid yaradır, eyni zamanda böyük güclər arasında geosiyasi rəqabəti daha da kəskinləşdirir. Bu proses fonunda dünya dövlətlərinin reaksiyası, eləcə də böhranın hansı istiqamətdə inkişaf edəcəyi xüsusi diqqət mərkəzindədir.
Moderator.az məsələni daha geniş formada dəyərləndirmək üçün Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşünas Xəyal Bəşirovun fikirlərini öyrəndi.

Politoloq qeyd etdi ki, ABŞ–İsrail –İran arasında artıq bir aydan çoxdur davam edən müharibə nəticəsində dünya iqtisadiyyatının əsas boğazlarından biri hesab olunan Hörmüz boğazı bağlanıb. Unutmamalıyıq ki, Hörmüz boğazı qlobal iqtisadiyyata ciddi təsir göstərən əsas nəqliyyat marşrutlarından biridir:
"Xüsusilə enerji və gübrə daşınması baxımından bu boğazın əhəmiyyəti olduqca böyükdür. Adətən diqqət daha çox neft və qaz üzərində cəmlənsə də, gübrə daşınmasının da təxminən 30 faizi məhz bu marşrut üzərindən həyata keçirilir.
Ümumilikdə qeyd olunur ki, dünya üzrə neft daşınmasının təxminən 20 faizi, yəni beşdə biri bu boğazdan keçir. Lakin real rəqəmlərə diqqət yetirdikdə, bu göstəricinin 25, hətta bəzi hallarda 30 faizə qədər yüksəldiyi, eyni zamanda qaz daşınmasının da oxşar miqyasda bu marşrutdan asılı olduğu aydın görünür.
Fars körfəzi ətrafında yerləşən dövlətlər — İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı — üçün də bu boğaz həyati əhəmiyyət daşıyır. Həmin ölkələrin ərzaq məhsulları və digər yüklərinin böyük əksəriyyəti məhz bu yol vasitəsilə daşınır".
Xəyal Bəşirov bildirdi ki. Hörmüz boğazı artıq bir aydan çoxdur ki, bağlıdır. Halbuki, İran–İsrail–ABŞ müharibəsi başlamazdan əvvəl bir çox ekspertlər hesab edirdi ki, İran bu boğazı bağlamağa getməz:
"Çünki bu addım həm İranın özü, həm də dünya iqtisadiyyatı üçün ciddi fəsadlara səbəb ola bilərdi. Həqiqətən də bu risklər realdır, lakin İran bu vasitədən istifadə etdi və ABŞ-nin hesablamaları özünü doğrultmadı.
Bu vəziyyət İsrail üçün o qədər də həlledici əhəmiyyət kəsb etməsə də, Hörmüz boğazının bağlanması və enerji daşımalarının dayanması ABŞ üçün olduqca ciddi nəticələr doğurur. Nə qədər ki, Donald Trump bunun əhəmiyyətini kiçiltməyə çalışsa da, bu proses həm qlobal iqtisadiyyata, həm də petrodollar siyasətinə ciddi zərbə vurur və dünya dövlətləri artıq Amerika Birləşmiş Ştatlarına təzyiq göstərməyə çalışırlar.
Təxminən 40-a yaxın dövlət, bir tərəfdən İrana təzyiq göstərərək boğazın açılmasına çağırış edir, digər tərəfdən isə müxtəlif mexanizmlər axtarır. Bununla yanaşı, Vaşinqtona da təzyiqlər artır ki, müharibə dayandırılsın".
Hüquqşünas fikirlərinə əlavə etdi ki, Hörmüz boğazı bağlı olsa da, hazırda alternativ marşrutlar axtarılır:
"Məsələn, Səudiyyə Ərəbistanının şərq–qərb neft kəməri vasitəsilə gündəlik təxminən 7 milyon barel neft Qırmızı dənizə, ölkənin Yanbu limanına daşınır. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliyinin Hörmüz boğazından kənarda yerləşən Əl-Füceyrə əmirliyinə də gündə təxminən 1,5 milyon barel neft daşınırdı. Lakin İran artıq həmin limana gedən kəməri hədəfə alıb. Buna baxmayaraq, Səudiyyə Ərəbistanının neft kəməri hələlik fəaliyyətini davam etdirir.
Bundan başqa, İraqın Bəsrə şəhərindən Aqabaya uzanan xətt mövcuddur, lakin bu xətt hazırda tam işlək vəziyyətdə deyil və potensialından tam istifadə olunmur.
Baş verənlər artıq qlobal miqyasda ciddi böhran yaradıb. ABŞ-nin çağırışlarına baxmayaraq, NATO və digər Qərb ölkələri də prosesdə tam vahid mövqe sərgiləmir. Hətta Donald Trump Hörmüz boğazının açılması üçün Rusiya və Çinə də müraciət edib, baxmayaraq ki, ABŞ bu dövlətlərlə rəqabət aparır və regionda onların maraqlarına zidd addımlar atır.
Mövcud şəraitdə Fars körfəzinin bu şəkildə açılması real görünmür. Birləşmiş Ərəb Əmirliyi BMT-yə müraciət edərək boğazın güc yolu ilə açılmasını təklif etsə də, Rusiya, Çin və hətta Fransa bu təşəbbüsə qarşı çıxaraq veto hüququndan istifadə ediblər. Bu isə onu göstərir ki, güc tətbiqi vəziyyəti daha da ağırlaşdıra bilər. Hörmüz boğazının açılması yalnız danışıqlar yolu ilə mümkün görünür".
Bəşirov onu da bildirdi ki, hazırda İran gəmilərdən 2 milyon dollar rüsum tələb edir və bu ödənişlərin ya rial, ya da yuanla həyata keçirilməsini istəyir:
"Müharibədən əvvəl Hörmüz boğazından gündə təxminən 3 min gəmi keçirdisə, hazırda bu rəqəm 100–150 civarına düşüb. İran tərəfi bildirir ki, boğaz tam bağlanmayıb, sadəcə düşmən hesab etdiyi dövlətlər üçün məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, İran parlamenti rüsum tətbiqi ilə bağlı qanun da qəbul edib və bunu beynəlxalq hüquq çərçivəsində əsaslandırmağa çalışır. Halbuki, İran 1982-ci il BMT Dəniz Hüquqları Konvensiyasına tam qoşulmadığını da qeyd edir.
Bütün bunlar vəziyyətin nə qədər mürəkkəb və böhranlı olduğunu göstərir. Fransa və digər Avropa ölkələri İranla münasibətləri normallaşdırmaqla bu rüsumları ödəyib keçid əldə edə bilərlər. Bu məsələdə Oman da mühüm tərəf kimi çıxış edir, çünki boğazın bir hissəsi onun nəzarətindədir. İran yalnız öz şərtlərini qəbul edən gəmilərə keçid icazəsi verəcək.
Lakin müharibədən sonra müəyyən razılaşmalar əsasında boğazın açılması mümkündür. Hazırkı vəziyyət dünya iqtisadiyyatına ciddi zərbə vurur. Neft qiymətləri 2008-ci ilin rekord səviyyəsinə yaxınlaşır və bu da qlobal iqtisadiyyatda əlavə çətinliklər yaradır. Bu proses yalnız digər ölkələrə deyil, eyni zamanda İranın öz iqtisadiyyatına da mənfi təsir göstərir. İran bu itkiləri rüsumlar hesabına kompensasiya etməyə çalışsa da, bunun nə dərəcədə effektiv olacağı hələ də açıq sual olaraq qalır. Hər bir halda, bu böhran göstərir ki, dünya bu müharibənin təsirlərini və nəticələrini hələ uzun müddət hiss edəcək".
Pərvin Şakirqızı