ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxa biləcəyini söyləyib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ-ın bu quruma deyil, NATO-nun ABŞ-a ehtiyacı var.
Xatırladaq ki, ikinci prezidentliyi dönəmində Tramp dəfələrlə NATO əleyhinə ittihamlar səsləndirib, Avrpopa dövlətlərini bu qurumun büdcəsinə lazımi qədər vəsait ödəməməkdə günahlandırıb. Ukraynada müharibənin davam etdiyi və Avropada Rusiya xofunun artdığı bir zamanda Tramp ölkəsinin NATO-dan çıxa biləcəyi fikrini ortaya atıb ki, bu da beynəlxalq miqyasda ciddi müzakirələrə səbəb olub.
Hər şeydən öncə qeyd edək ki, Trampın bütün iddialarına baxmayaraq, ABŞ-ın NATO-dan çıxması real görünmür. Çünki ABŞ-sız NATO nə qədər zəifdirsə, NATO-suz ABŞ ondan ikiqat zəifdir. Bu isə Rusiya, Çin və digər dünya gücləri ilə mübarizənin bütün müstəvilərdə geniş vüsət aldğı bir zamanda ABŞ üçün siyasi intihar deməkdir.
ABŞ-ın maraqları onun NATO-dan çıxmasını deyil, əksinə, bu hərbi-siyasi blokun daha da güclənməsini tələb edir. Çox güman ki, Tramp bütün emosional davranışlarına rəğmən bu gerçəkliyi hökmən nəzərə alacaq. Bununla belə, əgər Tramp həqiqətən də ABŞ-ı NATO-dan çıxararsa, bu, Rusiyanın bütün Qərb, eləcə də Vaşinqton üzərində strateji zəfəri olacaq. Çünki NATO-nun vaxtiylə məhz Rusiya təhlükəsinə qarşı yaradıldığı və Kremlin bu qurumu parçalamaq üçün illərdir ən müxtəlif ssenarilər həyata keçirdiyi məlumdur. ABŞ NATO-dan çıxarsa, bu, Rusiyanın qərinələrdir gecikən arzusunun reallaşması demək olacaq. Bunun ən böyük ziyanı isə özünü Qərbin dəstəyindən məhrum edən ABŞ çəkəcək.
Bir sözlə, ABŞ prezidentinin bəyanatları onu deməyə əsas verir ki, nə qədər az inandırıcı görünsə də, Tramp Rusiyanın illərdir bacarmadığını təkbaşına bacara bilər. Və onun bu “uğuru” ABŞ-ın müasir dünyada getdikcə azalmaqda olan nüfuzuna qəti zərbə vurmaq üçün kifayət edəcək.
Seymur ƏLİYEV