“Türkiyə öncədən ABŞ/İsrail-İran savaşında neytrallığını qoruyur...-Maraqlıdır ki, bunu Tramp da deyir...”
Ekskluziv
365
20:20, Bu gün

“Türkiyə öncədən ABŞ/İsrail-İran savaşında neytrallığını qoruyur...-Maraqlıdır ki, bunu Tramp da deyir...”

“Hətta əvvəllər İrana qarşı sərt mövqedə olmuş Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçeli də indi İranı dəstəkləyir, həmin ölkəyə bu hücumu qınayır və ona qarşı çıxır...”
 
“Öncə onu demək istərdim ki, Türkiyə Cümhuriyyəti cəmiyyətində həmişə İrana münasibətdə birmənalı baxış olmayıb, xüsusən də islamçı cinahda. Amma solçular cinahında bu ölkəyə müəyyən isti baxışlar olub və aralarında müəyyən münasibətlər formalaşıb. Əsasən də İrandakı solçu hərəkat ilə Türkiyədəki solçular arasında müəyyən əlaqələr və güvən mövcud olub. Hətta İslam inqilabından sonra İrandakı solçu təşkilat üzvləri Türkiyəyə mühacirət ediblər və bir müddət burada yaşayıblar. Türkiyədəki solçular da onlara dəstək göstəriblər. Türkiyə iqtidarında isə zaman-zaman İrana münasibət mənfi və ya müsbət olsa da, İrandan normal diplomatik əlaqələr saxlanılıb. Pərdə önü və pərdə arxası əlaqələr mövcud olub, əsasən kəşfiyyat məlumatları mübadiləsi və s. kimi.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Türkiyə və ABŞ/İsrail-Türkiyə” savaşı mövzusunda açıqlama verən beynəlxalq münasibətlər üzrə analitik, İstanbul Universitetinin doktorantı Teymur Qasımlı dilə gətirib.
 
“Hal-hazırda isə maraqlıdır ki, Türkiyə, daxilində ilk dəfə olaraq əksər solçu, sağçı, islamçı və milliyyətçi dairələr İsrailin və ABŞ-ın İrana qarşı hərbi əməliyyatına sərt şəkildə qarşı çıxır və bunu qəbul etmirlər. Hətta əvvəllər İrana qarşı sərt mövqedə olmuş Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçeli də indi İranı dəstəkləyir, həmin ölkəyə bu hücumu qınayır və ona qarşı çıxır. Bu səbəbdən Türkiyə ictimai-siyasi sferasında, televiziyalarda və siyasi partiyalarda İsrailin və ABŞ-ın İran hücumu qəti pislənir və buna qarşı etirazlar mövcuddur. Hətta zaman-zaman İran tərəfindən atılan raketlər Türkiyə ərazisinı keçsə də, nə iqtidar, nə müxalifət, nə də cəmiyyət buna o qədər də sərt reaksiya vermir, sadəcə həmin raketlər Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilir”, - deyə davamında siyasi şərhçi bildirib.
 
Həmsöhbətimiz Türkiyənin bu savaşın durdurulması istiqamətdə gördüyü işlərdən də bəhs edib:
 
“Türkiyə bu müharibənin tez başa çatması üçün iki əsas iş görür:
 
Birincisi, Türkiyə İsrail-ABŞ-İran arasındakı savaşa münasibətdə balanslı və neytral mövqeyini qoruyur və bu günədək həmin mövqeyini qoruyur, bundan sonra da qoruyacaq. 
 
İkincisi, Türkiyə həmin müharibənin tez bitməsini istəyir. Həm də ona görə ki, bu savaş ölkədə neft, benzin və digər resursların qiymətinə, ümumiyyətlə, iqtisadi vəziyyətə birbaşa mənfi təsir göstərir. Eyni zamanda hərbi əməliyyatlar uzandıqca digər bölgə dövlətlərinə də əsasən iqtisadi zəmində təhlükələr artır.
 
Türkiyə hazırda ABŞ/İsrail-İran savaşının  yatırılması və atəşkəsə, ardınca da sülhə nail olunması üçün qeyri-rəsmi diplomatik danışıqlar aparır. Misir və Pakistan da bu prosesə qoşulub. Və Türkiyə burada müəyyən həlledici rol oynayır. Onu da görürük ki, İranın xarici işlər naziri Abbas Əraqçi mütəmadi olaraq Türkiyəli həmkarı Hakan Fidanla telefonla danışaraq fikir mübadiləsi aparır. Və bu danışıqlar savaşın ilk günlərindən gedir. Burada Pakistanın diplomatik vasitəçiliyi xüsusən nəzərə çarpır. Bunun bir səbəbi də odur ki, Pakistanın mövcud siyasi hakimiyyəti, eyni zamanda hazırkı baş qərargah rəisi ABŞ-a daha yaxındır. Bütün bunların bir nəticə verib-verməyəcəyini indidən söyləmək çətindir. Təbii ki, bunu zaman göstərəcək. Lakin bir daha onu vurğulamaq istərdim ki, bu savaş başlanandan Türkiyə neytrallığını qoruyur və inanıram ki, bundan sonra da qoruyacaq. Maraqlıdır ki, bunu Tramp da qeyd edir”, -deyə siyasi analitik diqqətə çatdırıb. 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər