“Ermənistanın oyun meydançası daralır” — Qüdrət Həsənquliyev
Ekskluziv
877
14:27, Bu gün

“Ermənistanın oyun meydançası daralır” — Qüdrət Həsənquliyev

Cənubi Qafqazda geosiyasi balansın formalaşmasında informasiya və media sahəsi mühüm rol oynayır. Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığı, xüsusilə informasiya mərkəzlərinin yaradılması təşəbbüsləri, zahirən iqtisadi layihə təsiri bağışlasa da, Moskva tərəfindən strateji təhdid kimi qiymətləndirilir.

Bu layihələr Ermənistanın Avropa İttifaqı və ABŞ ilə əlaqələrini gücləndirərək, ölkənin Rusiyanın təsir dairəsindən müəyyən dərəcədə uzaqlaşmasına və regiondakı geosiyasi balansın dəyişməsinə səbəb ola bilər. Eyni zamanda, Qərbin dəstəklədiyi informasiya platformaları ictimai rəyin formalaşdırılması və siyasi baxışların yenidən qurulması baxımından Kremlin mövqelərini zəiflədə bilər.

Bu məqamda belə bir sual yaranır: Ermənistanın Qərb ilə informasiya və media sahəsində əməkdaşlığının genişlənməsi fonunda Moskvanın narahatlığını artıran əsas geosiyasi, iqtisadi və təhlükəsizlik faktorları hansılardır?

Rusiya bu proseslərə hansı iqtisadi, siyasi və informasiya vasitələri ilə müdaxilə edə bilər və bu müdaxilənin sərhədləri nədən ibarətdir?

Moderator.az-ın suallarını Milli Məclisin üzvü Qüdrət Həsənquliyev cavablandırıb.

Deputat qeyd edib ki, Rusiya Ermənistanı özünün arxa baxçası hesab edir və düşünür ki, Ermənistanın Qərblə əməkdaşlığı onu Rusiyadan uzaqlaşdıra bilər:

“Biz bilirik ki, Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur və Rusiya Ermənistan iqtisadiyyatının əsas sahələrinə, o cümlədən dəmir yollarına nəzarət edir. Rusiyanın Avropada geniş lobbi şəbəkəsi var və bu şəbəkə Rusiya maraqlarına xidmət edir. Məhz buna görə həmin lobbi uzun müddət Gürcüstan, Moldova və Ukraynanın Avropa strukturlarına inteqrasiyasına mane olub. Bu baxımdan hesab edirəm ki, Rusiya Ermənistana bu istiqamətdə də mane olacaq.

Əgər Ermənistan tamamilə Rusiyanı ignor etmə yolunu tutarsa, bu halda seçkilər ərəfəsində ölkədə ictimai-siyasi sabitliyin pozulması mümkündür və ümumilikdə çevriliş ehtimalını da istisna etmirəm. Buna görə də Ermənistanın hazırkı rəhbəri Paşinyanın nə dərəcədə müdrik siyasət yürütməsi həlledici əhəmiyyət daşıyır".

Millət vəkili onu da qeyd edib ki, Paşinyan mövcud reallıqları siyasi fəaliyyətində nəzərə alarsa və ehtiyatlı, balanslaşdırılmış siyasət yürüdərsə, Türkiyə və Azərbaycanla daha isti münasibətlər qurarsa, eləcə də Azərbaycanla sülh sazişinin imzalanmasına nə qədər tez nail olarsa, bu, Ermənistanın sabitliyinə müsbət təsir göstərəcək:

“Ermənistan, təəssüf ki, həm Qərblə, həm də Rusiya ilə ikili oyun aparır, lakin bu vəziyyətin bir sonu olmalıdır. Ermənistan Zəngəzur dəhlizinin açılmasını sürətləndirməlidir. Əslində, bu proseslər çoxdan başa çatmalı, kommunikasiya xətləri artıq açılmış olmalı idi.

Təəssüf ki, son altı ilə yaxın müddətdə kommunikasiya xətlərinin açılması, sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin reallaşması mümkün olmayıb. Bunun əsas səbəbi isə Paşinyanın yaxşı bilməsi idi ki, Rusiya və İran bu məsələdə maraqlı deyil.

Artıq Paşinyanın “oyun meydançası” daralır və o, bundan düzgün nəticə çıxarmalıdır. Ümid edirik ki, proseslər böyük qarşıdurma və qan tökülməsi olmadan başa çatacaq və Cənubi Qafqaza nəhayət davamlı sülh gələcək".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər