“Hər birimiz bu sualların cavablarını hər gün axtarmalıyıq...”
“Çoxları Uca Tanrıya inanır. Allaha, Qurani-Kərimə və Uca Yaradanın elçilərinə inanmaq çətin deyil, amma nədənsə insanların dirilib qəbirlərindən qalxacağına inanmaq çətindir. Bu isə çox vacibdir... Bunu anlamaq üçün bir nümunə verək...”
Moderator.az bir sıra oxucuların bu mövzuya marağını nəzərə alaraq “İslam-Today” nəşrində “Vətənim Tatarıstan” jurnalına istinadla dərc olunmuş “Qiyamət günündə aydın cavablandırılması lazım olan beş sual veriləcək” başlıqlı məqalənin tərcüməsini təqdim edir:
“Deyirlər ki, dünyanın hər yerindəki müsəlmanlar Həcc ziyarətini yerinə yetirdiyi, Qurani-Kərimi oxuduğu və Allah-Təalaya ibadət etdiyi müddətcə Qiyamət Günü baş verməyəcək. Dünyanın sonu ilə bağlı bu qədər səs-küy və müxtəlif proqnozlar var! Hətta qədim Maya təqviminin guya 2012-ci ildə başa çatdığı iddia edilmişdi. Yaşlı nəsil, yəqin ki, 1982-ci ildəki oxşar bir ajiotajı xatırlayır...
Diqqətəlayiqdir ki, bu cür ictimai ajiotaj maraqlı müntəzəmliklə müşahidə olunur. Məqsəd nədir? Bəlkə də müəyyən qüvvələr öz eqoist məqsədlərini güdərək cəmiyyətdə və insanların zehnində süni şəkildə gərginlik yaradırlar...
Aydındır ki, bəşəriyyətin və fərdlərin xilası dində, İslamdadır. İnsanlara gələcəyə ümid verən müsəlman dinidir. Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) demişdir: "Əgər desələr ki, sabah Qiyamət günüdür, amma əlinizdə bir fidan varsa, yenə də onu torpağa əkin..."
Aydındır ki, ümidimizi itirməməli və ya təslim olmamalıyıq. Hər yeni gün yorulmadan çalışan və ailələri və yaxınları üçün layiqli bir həyat qurmağa cəhd göstərən insanlara ümid gətirir. Bəs Qiyamət Günündə bizi nələr gözləyir? Həmin gün insanlar qəbirlərində diriləcəklər. Təbii ki, buna inanmaq çox çətindir...
Çoxları Uca Tanrıya inanır. Allaha, Qurani-Kərimə və Uca Yaradanın elçilərinə inanmaq çətin deyil, amma nədənsə insanların dirilib qəbirlərindən qalxacağına inanmaq çətindir. Bu isə çox vacibdir. Çünki bu fani dünya bizim əbədi evimiz deyil. Bunu anlamaq üçün bir nümunə verək. Bu dünya qatar səyahəti kimi təsəvvür edilməlidir. Tutaq ki, Kazandan Moskvaya. Bəziləri kupe vaqonda, digərləri plaskart oturacaqlı vaqonda, bir başqaları isə ümumi vaqonda səyahət edir. Məcazi mənada desək, hər bir insan cüzdanına- pulqabına görə bilet alıb. Lakin hər kəsin son mənzili eynidir...
Axirət həyatı həqiqətən ədalətli və ləyaqətli bir həyat olacaq. Məhz orada insanın bütün əməlləri və hərəkətləri gözlərinizin qarşısında tərəzidə çəkiləcək...
Allah-Təala Qiyamət Gününü yaratdı ki, hər kəs bu fani dünyada etdiyi əməllərə görə məsuliyyət daşısın. Qiyamət Günündə yer öz oxundan çıxacaq, səma yarılacaq, ulduzlar səpələnəcək, dağlar hərəkət edəcək və sair. Bütün canlılar öldükdən və qırx il keçdikdən sonra Yer özünü yenilənməyə başlayacaq. Yer formaca düzləşəcək və bütün insanlar qəbirlərindən qalxacaqlar. Ruhlar bədənlərinə girəcək və hər bir ruh öz bədənini tapacaq. Və yalnız bundan sonra yeni, əbədi bir həyat başlayacaq...
Bəs həmin gün Uca Yaradanın mərhəmətinə kim etibar edə bilər?.. Qiyamət günündə hər kəsdən beş sual soruşulacaq:
-Namaz qıldınmı?
-Gəncliyini necə keçirdin?
-Həyatını nəyə həsr etdin?
-Var-dövləti necə qazandın və necə xərclədin?
-Biliyindən və peşəndən necə istifadə etdin?..
Hər birimiz bu sualların cavablarını hər gün axtarmalıyıq...”
Tərcümə və təqdim etdi:
Sultan Laçın