Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər əsnasında keçirilən brifinqdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə olan münasibətinə aydınlıq gətirib. Paşinyan açıq şəkildə bildirib ki, Ermənistan KTMT-dəki fəaliyyətini bərpa etməyəcək:
“Biz daim eyni nöqtəyə baxmamalı, müzakirə edib ölçüb-biçməməliyik. Biz hər şeyi yaxşıca düşünmüşük və müəyyən nəticələrə gəlmişik. Dünən bu nəticələri qarşılıqlı hörmət şəraitində bölüşdük”.
Xatırladaq ki, Ermənistan KTMT üzvü olsa da, 44 günlük müharibədən sonra açıq-aşkar bu qurum və eləcə də Rusiyanın ünvanına dəfələrlə sərt tənqidlər səsləndirib, təmsil olunduğu hərbi blokla bağlı gözləntilərinin özünün doğrultmadığını qeyd edib. Bu gün isə Paşinyanın Moskvada verdiyi brifinq Ermənistanla KTMT arasındakı yolların həmişəlik ayrıldığını göstərir.
Şübhəsiz, məhdud hərbi imkanlara malik olan və öz təhlükəsizliyini, sərhədlərinin mühafizəsini belə təkbaşına təmin edə bilməyən Ermənistanın KTMT-dən çıxması bu qurum üçün hərbi baxımdan ciddi itki sayıla bilməz. Lakin Paşinyanın məlum addımının KTMT, xüsusilə də bu qurumun qurucusu və lideri sayılan Rusiyanın siyasi nüfuzu baxımından təsirsiz ötüşməyəcəyi birmənalıdır.
Ermənistanın KTMT-dən çıxması rəsmi İrəvanla Moskva arasındakı gərginliklərin getdikcə böyüdüyünü və ciddi hərbi-siyasi nəticələrə səbəb olduğunu göstərir. Bu fakt bir daha sübut edir ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər sürətlə tənəzzül etməkdə, geridönməz xarakter almaqdadır.
Ermənistanın KTMT-ni tərk etməsi onu deməyə əsas verir ki, Rusiya nəinki keçmiş sovet məkanında, hətta rəhbəri olduğu hərbi-siyasi qurumda da öz istəyini diktə edə, Ermənistan kimi kiçik dövlətin belə mərkəzdənqaçma siyasətini neytrallaşdıra bilmir. Bu, Rusiyanın siyasi nüfuzunun, yaxın coğrafiyalardakı hadisə və proseslər müdaxilə imkanlarının son dərəcə məhdudlaşdığını göstərir.
Ermənistanın KTMT-dən ayrılması Rusiya ilə açıq və ya gizli gərginlik yaşayan bütün ölkələr üçün presedentə çevrilə bilər. Çünki İrəvanın KTMT-lə bağlı atdığı addım bir daha onu göstərdi ki, Rusiyaya “yox” demək, heç bir təzyiq və təhdiddən qorxmadan onun “himayədarlıq çətirindən” imtina etmək və sözün həqiqi mənasında cəsarətli siyasət yürütmək mümkündür. Ermənistanın KTMT ilə bağlı ortaya qoyduğu nümunə bunun ən bariz örnəyidir.
Seymur ƏLİYEV