“Seçkilər ərəfəsində Azərbaycan tərəfindən Paşinyana kömək edəcək müəyyən addımlar da atıla bilər...”
Ekskluziv
601
17:20, Bu gün

“Seçkilər ərəfəsində Azərbaycan tərəfindən Paşinyana kömək edəcək müəyyən addımlar da atıla bilər...”

“Sırf siyasi, geo-siyasi mənada Rusiya bir daha Ermənistanı öz orbitinə qaytara bilməyəcək. Çünki ortada həm Qərb - Amerika, Avropa, eyni zamanda Azərbaycan və Türkiyə faktoru var...”
 
“Təbii ki, Ermənistan və Rusiya liderləri arasındakı bu görüş əsasən Ermənistandakı seçkilərlə bağlı idi. Paşinyan bu görüşə seçkilərə hazırlıq prosesinin tərkib hissəsi kimi baxırdı. Rusiyanın Ermənistanla və orada gözlənilən seçkilərlə bağlı mövqeyi aydındır. Bunun üçün müdafiə edəcəkləri şəxslər var. Yəni onlardan əsas olan rusiyalı milyarder Samvel Karapetyandır, eyni zamanda ehtiyatda Robert  Köçəryan fiquru da var. Təbii ki, Kreml onları seçkilərdə qalib çıxarmaq istiqamətində fəaliyyət göstərir. Amma eyni zamanda, anlayır ki, onların qalib gəlmək şansları o qədər də yüksək deyil. Paşinyanın isə yenidən seçilmək və postunda qalmaq şansları daha yüksəkdir. Ona görə də Moskva ikili mövqedədir: bir tərəfdən rusiyapərəst qüvvələri müdafiə edir, digər tərəfdən isə düşünür ki, əgər bu mümkün olmazsa, Paşinyanla da münasibətləri tam pozmasın, körpüləri yandırmasın. Həmçinin Paşinyan da ikili mövqedədir. O həm Qərbə meyl edir, Qərbin dəstəyini qazanmağa çalışır, həm də Türkiyə və Azərbaycanla münasibətləri sürətlə normallaşdırır, Ermənistanın iqtisadi maraqlarını və gələcəyini düşünür. Lakin eyni zamanda, Rusiyanın təsir imkanlarını da nəzərə alır. Çünki regionda Rusiya ona mane ola, ən azından müəyyən əngəllər yarada bilər. Bu səbəbdən Kremlin potensial təxribatlarını zərərsizləşdirmək imkanı əldə etmək üçün Rusiya ilə münasibətləti müəyyən səviyyədə saxlamağa cəhd göstərir.”
 
AzVP sədri Akif Nağı bu fikirləri Moderator.az əməkdaşının “Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin Moskvadakı son görüşünü necə şərh edərdiniz?  Putinin Qarabağ məsələsinə münasibəti və Ermənistandakı gözlənilən parlament seçkilərində rusiyapərəst, xüsusən də Rusiya vətəndaşı olan liderlərin, başqa sözlə, Samvel Karapetyanın baş nazirliyə namizəd qismində seçkilərdə iştirakı barədə dolayı tələbi Moskvanın həmin seçkilərə güclü müdaxilə edəcəyinə dəlalət edirmi?” suallarını cavablandırarkən ifadə edib. 
 
“Bu görüşdə də deyilən istiqamətlərdə aydın mesajlar verildi. Putin öz mesajını verdi ki, Ermənistanda bütün siyasi qüvvələrin seçkilərdə iştirakının təmin olunması yaxşı olardı. Aydındır ki, söhbət Rusiya vətəndaşı olan Samvel Karapetyanın parlament seçkilərində iştirakına şərait yaradılmasıyla bağlı dolayı təhdiddən gedirdi. Görünən bunlar idi. Yəni ola bilər ki, media üçün bağlı təkbətək görüşdə Rusiya lideri Paşinyanla daha sərt hədə dilində danışıb. Amma  o da göründü ki, Paşinyan heç cür bununla razılaşmayıb və açıq şəkildə bildirdi ki, Ermənistan qanunlarına görə, başqa ölkənin vətəndaşları ölkədəki seçkilərdə iştirak edə bilməz”,- deyə davamında partiya sədri bildirib.  
 
“Paşinyan digər məsələlərdə öz konkret mövqeyini ortaya qoydu və bildirdi ki, regionda sülh prosesi gedir və Qarabağ məsələsini bir daha qabartmağa ehtiyac yoxdur. Ermənistan Baş naziri açıq mesaj verdi ki, Rusiyaya bağlı revanşist qüvvələr Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışırlar, amma indiki şəraitdə Qarabağdan çıxan erməniləri geri qaytarmaq məsələsi gündəmdə deyil. Ermənistan dövləti istəyir ki, Rusiya proseslərə müdaxilə etməsin və bir daha Qarabağ məsələsi ilə manipulyasiya etməsin. Başqa sözlə, Kreml Ermənistana qarşı təxribatlardan çəkinməlidir”, -deyən siyasi şərhçi onu da nəzərə çatdırıb ki, Rusiya hələ də regiondan çıxmaq istəmir, əksinə, mövqeyini yenidən gücləndirməyə çalışır: 
“Regionda baş verən son hadisələrdən, xüsusən də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlarından yararlanan Moskva müəyyən dərəcədə iqtisadi və siyasi baxımdan öz mövqeyini gücləndirə bildi. Ona görə də ola bilər ki, Rusiya bundan sonra da müəyyən formalarda Ermənistana təxribat xarakterli təzyiqlər göstərsin, konkret olaraq seçkilər ərəfəsində və ya seçkilərin gedişində müəyyən təxribat və müdaxilələrə cəhd etsin. Bunlar tamamilə mümkündür. Çünki dediyim kimi, Rusiya indiki şəraitdə bir qədər dirçəlmiş vəziyyətdədir. Ancaq böyük ehtimalla, Kremlin bu cəhdlərinin elə bir ciddi nəticəsi olmayacaq. Çünki hazırkı Ermənistan hakimiyyətinin daxildə mövqeyi kifayət qədər güclüdür və Qərbdən də yetərincə dəstəyi var...”
 
Türkiyə və Azərbaycanın da Ermənistanda sülhə doğru aparan prosesləri dəstəklədiyin diqqətə çatdıran Partiya sədri hətta seçkilər ərəfəsində Azərbaycan tərəfindən Paşinyana təbliğat baxımından kömək edəcək müəyyən addımlar atıla biləcəyini də dilə gətirib: 
 
“Söhbət iqtisadi yöndə addımlardan gedir. Bilirsiz ki, ərzaq və yanacaq yüklərinin Ermənistana daşınması, həmçinin Rusiyadan daşınması prosesində Azərbaycan öz ərazisi sayəsində vasitəçilik edir. Bu, Rusiyanın da maraqlarına uyğundur. Moskva da istəyir ki, iqtisadi rıçaqlardan yararlanaraq Ermənistanda öz mövqelərini müəyyən dərəcədə möhkəmləndirsin...” 
 
“Amma Rusiyanın istəkləri bundan o tərəfə keçməyəcək. Yəni sırf siyasi, geo-siyasi mənada Rusiya bir daha Ermənistanı öz orbitinə qaytara bilməyəcək. Çünki ortada həm Qərb - Amerika, Avropa, eyni zamanda Azərbaycan və Türkiyə faktoru var. Yəni onlar Ermənistanı öz yanlarında görmək istəyirlər. Kremlin Ermənistanın daxili işlərinə müdaxiləsi onlar üçün də arzuolunan deyil”, - deyə Akif Nağı vurğulayıb.
 
Sultan Laçın
 
 
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər