Son günlər Yaxın Şərqdə gərginlik kəskin şəkildə yüksəlir. ABŞ və İran arasındakı qarşıdurma, nüvə proqramları ətrafında artan risklər bölgənin sabitliyini ciddi təhlükə altına alır. Verilən hər bir hərbi qərar həm regional, həm də qlobal balansı dəyişmək potensialına malikdir.
Son günlər isə Böyük Britaniya regiona əlavə hərbi qüvvələr göndərərək müttəfiqlərini gücləndirir: Səudiyyə Ərəbistanında “Sky Sabre” HHM sistemini yerləşdirir, Qətərdə “Typhoon” qırıcılarının missiyasını uzadır, həmçinin Bəhreyn və Küveytə əlavə hərbi bölmələr yönəldir.
Maraqlıdır, nə baş verir?
Böyük Britaniyanın hərbi mövqelənməsi regiondakı gərginliyin artmasının nəticəsi kimi qiymətləndirilməlidir, yoxsa daha çox qabaqlayıcı təhlükəsizlik strategiyasının göstəricisidir?
Həmçinin, digər dövlətlərin bu münaqişəyə qoşulma ehtimalı nə qədər realdır və bu, bölgədə müharibənin genişlənmə riskini artırırmı?
Moderator.az-a açıqlama verən DİA-nın siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Zaur Məmmədov bildirdi ki, demək olar ki, Böyük Britaniya ABŞ-ın müharibəyə başlamasından narazı olan ilk ölkədir.

Politoloq əlavə etdi ki, anglosakson müttəfiqliyi çərçivəsində ABŞ və Böyük Britaniya son yüz ildən artıq müddət ərzində müxtəlif münaqişə və müharibələrdə demək olar ki, üst-üstə düşən baxışlara malik olub və nəticə etibarilə koalisiya şəklində birgə hərbi-siyasi fəaliyyətini müşahidə etmişik:
“Lakin Donald Trampın Böyük Britaniya və Avropanın xəbəri olmadan İranla müharibəyə başlaması Makron və digər Avropa siyasətçilərinin ondan uzaqlaşmasına gətirib çıxardı. Nəticədə ABŞ İran məsələsində faktiki olaraq tək qaldı.
Düzdür, bunun nə qədər davam edəcəyini indidən dəqiq söyləmək çətindir. Çünki zərurət yaranarsa, bəzi bəhanələrdən istifadə edərək Böyük Britaniya da öz baxış bucağını dəyişə bilər.
Xüsusilə Hörmüz boğazının bağlanması təkcə Avropaya deyil, həm də Böyük Britaniyanın ticarətinə və iqtisadiyyatına təsir göstərdiyi halda, onlar bu boğazın açılması bəhanəsi ilə hərbi əməliyyatlara müəyyən şəkildə qoşula bilərlər.
Hazırkı məlumata görə, bu məsələ ilə bağlı hələlik rəsmi təsdiq yoxdur. Böyük Britaniya daha çox müdafiə xarakterli addımlar atır".
Zaur Məmmədov qeyd etdi ki, Böyük Britaniya əvvəllər ABŞ-ın hərbi bazalarından istifadə etməsinə icazə vermədiyi halda, indi müdafiə məqsədilə müəyyən icazələr verəcək:
“Amma əsas məqam ondan ibarətdir ki, Böyük Britaniya ordusunun İranın quru ərazilərinə müdaxilə etməyəcəyi gözlənilir. Verilən açıqlamalar da bunu təsdiqləyir.
ABŞ və İsrailin İran ərazilərində apardığı əməliyyatlara hansı ölkələrin qoşulacağı və ya qoşulmayacağı münaqişənin gedişatından və yaxın günlərdə tərəflərin məqsədlərinə nail olub-olmamasından asılı olacaq. Vəziyyətin inkişafından asılı olaraq mövqelərin dəyişməsinə də şahidlik edə bilərik".
Pərvin Şakirqızı