Bizi sosial şəbəkələrdən izləyin:
Ədliyyə Nazirliyinin Əfv Departamenti Baş nazir Benyamin Netanyahunun əfv edilməsinə qarşı mövqeyini təsdiqləyib.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoqun xahişi ilə hazırlanmış rəsmi rəyə əsaslanaraq "İsrael Hayom" qəzeti məlumat yayıb.
Nazirlik bildirib ki, baş nazirin siyasi hərəkətlərin və ya girovların azad edilməsi ilə bağlı razılaşmaların bir hissəsi kimi verdiyi əfv nümunələri onun vəziyyəti ilə müqayisə edilə bilməz.
Rəydə deyilir: "Bu presedentlər onun işinə analoji deyil və onlardan Netanyahunun xahişi ilə bağlı heç bir nəticə çıxarmaq mümkün deyil".
Xatırladılır ki, 29 martda İsrail Prezidenti İsaak Hersoq Ədliyyə Nazirliyinin Əfv Departamentinin mövqeyi ilə əvvəllər əfv üçün mübarizə aparan İrs Naziri Amiçay Eliyahunun tövsiyəsi arasındakı uyğunsuzluqlarla bağlı aydınlıq gətirilməsini istəyib.
Prezident Aparatı izah edib ki, sorğu əlavə peşəkar araşdırmanın bir hissəsi kimi təqdim edilib və məsələnin özü ilə bağlı heç bir mövqeyi əks etdirmir.
Ötən həftə nazir Eliyahu Ədliyyə Nazirliyinin bu cür sorğuları nəzərdən keçirən departamentinin mənfi rəyinə baxmayaraq, prezidentə Netanyahunun əfv edilməsi üçün tövsiyə göndərib.
Moderator.az xatırladır ki, ABŞ prezidenti D.Tramp ötən ildən başlayaraq İsrail prezidenti İ.Hersoqdan baş nazir B.Netanyahunun əfv olunması barədə bəzən dolayı təhdidlərlə müşayiət olunan xahişlər edib.
S.Laçın