Napoleonsayağı müharibə, yaxud köhnə həqiqətlər yeni savaşların devizinə niyə çevrilir?
Ekskluziv
736
15:24, Bu gün

Napoleonsayağı müharibə, yaxud köhnə həqiqətlər yeni savaşların devizinə niyə çevrilir?

Artıq bir aydan çoxdur ki, davam edən İran müharibəsində İsrailin yeni taktika sərgiləyəcəyi iddia olunur. KİV tərəfindən səsləndirilən məlum iddiaya görə, bundan sonra İsrail qələbəyə daha tez nail olmaq üçün İranın hərbi hədəflərini deyil, iqtisadiyyatını ayaqda tutan müəssisə və infrastrukturu hədəf seçəcək.

Hələlik bu iddianın praktikada özünü nə dərəcədə təsdiqləyəcəyi bəlli olmasa da, İsrailin öz hücumlarının hədəfini  bu şəkildə dəyişməsi tamamilə mümkün və məntiqli görünür. Ən azından ona görə ki, bir aydan çoxdur ki, İsrailin ABŞ-la birlikdə İrana endirdiyi zərbələr rəsmi Tehranı sülhə məcbur etməyib. Əksinə, İran bu həmlələrə kifayət qədər sərt və effektiv şəkildə qarşılıq verir ki, bu da İsraildə böyük dağıntılara yol açır. Müharibənin uzanması ABŞ və İsrailin maliyyə xərclərini də sürətlə artırmaqda, hər iki ölkədə daxili narazılığı yüksəltməkdədir.

Xatırladaq ki, dünyanın ən böyük sərkərdələrindən sayılan Napoleon Bonapart hələ XIX əsrdə müharibədə qələbə əldə etməyin sadə və bir o qədər də effektiv reseptini təqdim edib. O, bildirib ki, “müharibədə qalib gəlmək üçün üç şey lazımdır: Pul, pul və yenə də pul”. Bu mənada İsrail İranı iqtisadi baxımdan çökdürməklə onu pulsuz qoya bilər ki, bu da özlüyündə müharibənin taleyini həll edə bilər. İsrailin böyük əraziyə və kifayət qədər şaxələnmiş iqtisadiyyata malik olan İranın iqtisadi əsaslarını nə dərəcədə çökdürə biləcəyi isə tamam başqa bir mövzudur və bu taktikanın praktiki müstəvidə gerçəkləşdirilməsi kifayət qədər mürəkkəb görünür. İranın hərbi deyil, iqtisadi resurslarını sıradan çıxarmaq İsraildən daha miqyaslı və uzunmüddətli hücum əməliyyatları həyata keçirməyi tələb edə bilər ki, belə əməliyyatlar Təl-Əviv üçün maliyyə baxımından daha ağrılı ola bilər. Bu baxımdan, İsrailin İranla müharibədə məlum taktiki dəyişikliyə gedib-getməyəcəyi hələ məlum deyil. Hələlik məlum olan yeganə şey, strateqlərin yeni savaşlarda köhnə həqiqətlərə tapınması, zəfərə nail olmaq üçün “ən yaxşı yeni çoxdan unudulan köhnədir” gerçəyini yada salmasıdır.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər